SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO

Naxçıvan Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO
8-05-2021, 13:15

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 08 may 2021-ci il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib,nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül-çiçək dəstələri qoyulub,əziz xatirəsi anılıb.
Daha sonra daimi nümayəndəliyin kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları, ilk növbədə, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının - şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, böyük liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildirmişlər.
Giriş sözü ilə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə ətraflı danışıb. Müstəqil dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdıraraq qeyd edib ki; “Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən böyük Heydər Əliyevin siyasi irsi sadalamaqla qurtarmayan bugünkü uğurlarımızın, hərtərəfli inkişafımızın, mənfur düşmən üzərində inamlı qələbəmizin əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin dünyaca tanınmış ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, O, hələ Sovetlər İttifaqı sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin sosial-iqtisadi əsaslarını yaratmış və müdrik xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə öz həyatını təhlükə qarşısına qoyaraq, cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, müstəqil Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəhmətlə dolu həyatı, fundamental, zəngin irsi, quruculuq, uğurlu dövlət rəhbəri kimi yaradıcılıq amalı ilə dolu çoxillik siyasi fəaliyyəti hər zaman sanballı alimlərin- politoloqların, filosofların, tarixçilərin və müxtəlif elm sahələrində çalışan tədqiqatçıların daim diqqət mərkəzində olub, bundan sonra da olacaqdır. O, elə bir şəxsiyyətdir ki, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsində misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış,Yaradana, xalqına və zəhmətinə arxalanaraq yaşamış, ucalmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub.””
“Xoşbəxt o xalqdır ki, vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir insana örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün şüurlu ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətlər yetişdirir. Ümummilli lider Heydər Əliyev dünyada məhz belə dahilərin sırasına yüksəlmiş bir nömrəli azərbaycanlı olmuşdur.”- deyə bildirən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd etdi ki, öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyət böyük Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan böyük vətən müharibəsi ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında, Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu Komitənin sədri vəzifəsində işləyib, general-mayor hərbi rütbəsinə qədər yüksəlib. Həmin illərdə böyük liderimiz Sankt-Peterburqda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamıza rəhbərlik etməyə başlamışdır. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və keçmiş SSRİ-nin aparıcı rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında böyük siyasi iradə və cəsarət nümayiş etdirərək, o zaman düşünülməsi belə çətin olan bir addımı ataraq,Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş, bəyanat verərək Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Bəxtiyar Əsgərov qeyd etdi ki; “SSRI-nin süqutundan dərhal sonra erməni işğalçıları tərəfindən Azərbaycan ərazilərinin xeyli hissəsinin zəbt edilməsi şəraitində ölkə daxilindəki qeyri-sabit ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr təsiri dağıdıcı olan bu neqativ meyilləri daha da gücləndirirdi. İlk addımlarını atan müstəqil dövlətimiz yox olmaq təhlükəsinə məruz qalmışdı. O zaman ümummilli ider Heydər Əliyev Moskvadan Bakıya dönmüş, yerli rəhbərliyin siyasi qısqanclığı səbəbindən doğulub-böyüdüyü torpağa- Naxçıvana üz tutmuş, blokada şəraində yaşayan, ağır əziyyətə qatlaşmış naxçıvanlıların təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikasını məharətlə, uğurla idarə etmiş, son dərəcə naümid yaşayan muxtar respublikanı və onun sakinlərini isə erməni işğalından qorumağa nail olmuşdu. Ulu öndərin belə böhranlı günlərdə xalqın təkidli tələbilə yenidən Azərbaycan Respublikası rəhbərliyinə qayıtması isə gələcəkdə respublikamızda dövlətçiliyin möhkəmləndirilməsinə, ictimai-siyasi, iqtisadi vəziyyətin sabitləşməsinə, inkişafına, gənc, müstəqil dövlətin iqtisadi əsaslarının yaradılmasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradacaqdı. Daha sonra xilaskar liderin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları yaradılacaq, müstəqilliyimizin daimi, əbədi və dönməz olması üçün fundamental zəmin yaradılacaq.”
Dahi liderin 1993-cü ilin iyununda, son dərəcədə ağır və kritik bir dövrdə ikinci dəfə hakimiyyətə qayıdışından, tarixi Xilaskarlıq missiyasına başlamasından sonra ölkəmizdə vətəndaş qarşıdurmasına, separatçılıq meyllərinə, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyulmasından bəhs edən daimi nümayəndəliyin rəhbəri əlavə etdi ki; “O böhranlı aylarda və illərdə ulu öndər böyük Heydər Əliyev Azərbaycanın parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi və qorxusunu birdəfəlik aradan qaldırıldı. Ulu öndər Heydər Əliyevin həyatında məhz ən böyük qələbələri yetişdirəcək yeni tarix – Azərbaycanın müasir dövlət müstəqilliyi tarixi başladı. Böyük liderin özünün dediyi kimi, o, həyatının qalan hissəsini də xalqa xidmətə həsr edəcəkdi. Əvvəlki illərdən daha böyük əzmlə çalışan böyük lider həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə, əzmlə ölkəmizi vətəndaş qarşıdurmasından xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. İllərdir ki,erməni işğalında olan doğma Qarabağın azadlığını görməyi ömür ona vəfa etməsə də, məhz o, böyük inamla bu azadlığa aparan yolun əsasını, təməlini qoydu. Ölkəmizdə hər bir sahədə, sözün əsl mənasında, quruculuq işlərinə başlanıldı. Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan yeni müstəqillik əldə etmiş respublikanın iqtisadiyyatını dirçəltmək, ölkənin dünyaya hərtərəfli real inteqrasiyasını təmin etmək, onu canlandırmaq üçün ən sanballı mənbə Tanrının xalqımıza bəxş etdiyi neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Respublikasına güclü investisiya axını başlandı. Azərbaycan iqtisadiyyatı, ilk növbədə, onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı tamamilə alındı. Bütün bunlar ölkəmizdə yaranmış xaosa, ümidsizliyə sarsıdıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə isə stimul verdi. 1998-ci ilin sentyabrında Bakıda ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Qədim İpək yolunun bərpasına dair beynəlxalq sammit keçirildi. Heydər Əliyev tam əmin idi ki, ölkəmizin İpək yolu nəqliyyat dəhlizində aktiv iştirakı müstəqilliymizin qorunması və nəqliyyat kompleksinin yenidən qurulması Azərbaycanın dünyanın mühüm beynəlxalq dəhlizinə çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.”
Bəxtiyar Əsgərov onu da qeyd edib ki; “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Böyük Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda əvvəldə qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, sarsılmaz iradəsi, tükənməz enerjisi, təcrübəsi, xarizması və sair bu kimi əsl dövlət xadiminə xas keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində yeni, müstəqil Azərbaycan dövləti qurulmuş, inkişaf etdirilmiş və əbədi mövcud olması üçün bütün sahələr üzrə möhkəm təməllər qoyulmuşdur. Dövlətimiz və millətimiz qarşısında müstəsna xidmətləri məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevə əbədi xalq məhəbbəti və dünya azərbaycanlılarının ümummilli lideri adını qazandırmışdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək, yeni tariximizi öz əlləri ilə yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar edib, ulu öndərə arxalanırdı. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ən ağır günlərində belə xalq yalnız Heydər Əliyevi axtarmış, ona pənah aparmışdı. Böhranlı məqamlarda xalqının səsinə səs vermiş, ölkəmizin müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas edərək Azərbaycanı sabit və inkişaf edən dövlətə çevirmişdir. Hər zaman xalqına arxalanan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız Yaradanıma,zəhmətimə və xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Göründüyü kimi, müasir Azərbaycan dövlətinin banisi, zəmanəmizin böyük siyasi xadimi, dövrünün nüfuzlu söz sahibi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində ölçüyəgəlməz xidmətləri olmuşdur. Onun ən böyük xidmətlərindən biri də, özündən sonra Azərbaycanı etibar edə biləcək layiqli, ləyaqətli davamçı, dünyaca tanınmış şəxsiyyət, Prezident İlham Əliyev kimi müdrik və vətənpərvər bir siyasi lider, müzəffər sərkərdə yetişdirməsi olmuşdur.”
“Bu gün ölkəmizin uğurlarından danışılarkən II Qarabağ müharibəsindən, bu müharibədə qazandığımız möhtəşəm qələbələrdən, ümummilli lider Heydər Əliyevin zamanında əsasını qoyduğu rəşadətli milli ordu quruculuğundan, Heydər Əliyev yolunun, onun uğurlu siyasətinin vətən müharibəsindəki əhəmiyyətindən də mütləq bəhs etmək lazımdır”. – deyən Bəxtiyar Əsgərov qeyd etdi ki; “Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması,onun qüdrətlənməsini hər zaman diqqət mərkəzində saxlayan ulu öndərin rəhbərliyi ilə bu sahədə də müstəsna əhəmiyyətli nəhəng işlər görülmüşdür. Təməli böyük Heydər Əliyev tərəfindən qoyulmuş milli ordu quruculuğu prosesi dövlət başçısı cənab İlham Əliyev tərəfindən yetərincə,uğurla davam etdirilmişdir. Bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, hərbi arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunmuş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı daha da artırılmışdır. Bununla da Azərbaycan Silahlı Qüvvələri günü-gündən daha da güclənmişdir. Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayaraq düşmənin törətdiyi növbəti təxribatların qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandan İlham Heydər oğlunun rəhbərliyi ilə Azərbaycan Milli Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, xalqımıza öz tarixi boyu layiq olduğu əsl qələbəni qazandırdı. Göz bəbəyimiz olan Qarabağın gözü, dilbər guşəsi olan Şuşanın 28 il 6 aydan sonra işğaldan azad olunduğu gün – noyabrın 8-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, Şəhidlər xiyabanında isə şəhidlərin xatirəsini ehtiramla andıqdan sonra elə Xiyabandaca xalqımıza müraciəti və möhtəşəm qələbə xəbərini çatdırması elə bu günün tarixə çevrildiyi gün kimi yaddaşlarda əbədi qalacaqdır. Şəhidlər xiyabanında tarixi nitqi zamanı ölkə Prezidenti İlham Əliyev demişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!.””
Bəxtiyar Əsgərov xüsusi olaraq qeyd etdi ki; “ Naxçıvan Muxtar Respublikası da bugünki həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Naxçıvan Muxtar Respublikasında hələ o zaman sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Böyük Heydər Əliyev şəxsiyyəti təkcə dünənimizin, bu günümüzün deyil, həm də gələcəyimizin fövqündə dayanan dahidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli cənab Vasif Talıbovun ifadə etdiyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar…””
Bəxtiyar Əsgərov sonda əlavə edib ki; “Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb. Heydər Əliyev öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda ümummilli lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli, təkrarsız tarixi şəxsiyyətdir. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir həm də ona görə ki, Heydər Əliyevin dediyi kimi,- “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.” Bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan nailiyyətlər, mövcud sabitlik və insanların yüksək rifahı məhz ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə, qələbələrə qovuşduracaqdır. Nə qədər ki müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.”
Tədbir digər çıxışlar və ulu öndərə həsr edilmiş “Müstəqil Vətənin Memarı” filminin nümayişi ilə davam etdirilib.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930