SON DƏQQƏ

naxcivanxeberleri.com

Qələbənin adı – Laçın

Qələbənin adı – Laçın
30-11-2020, 23:50

Həmişə Laçının adı gələndə yadıma illər öncə doğma yurdumuz Naxçıvanda səfərdə olan Xalq artisti, “Ay aman, çəkirik torpaq həsrəti, Uca dağlar, sərin su, yaylaq həsrəti” sətirlərinin müəllifi və ifaçısı mərhum Məhəbbət Kazımovun haqqında yazılan bu misralar düşür:
Həmin səfər çərçivəsində yolu Batabat yaylağına düşən müğənni oraya çatanda gözlərinə inanmır, ona elə gəlir ki, bura doğulduğu Laçının Çorman kəndidir. Deyir ki, buradakı xınalı daşlar elə bil ki, Kotan qayasından qopub gəlib. Xatirinə şair dostu Əli Mahmudun bir gəraylısı düşür və onu pıçıldayanda hamı kövrəlir:

 

Ətəyində cığırınam,
Vurğununam, fağırınam,
Dərdi səndən ağırınam,
O günləri mənə yetir.

Səndə yazım, qışım qalıb,
Sevgisində naşım qalıb,
Düz on səkkiz yaşım qalıb,
O günləri mənə qaytar…

Neçə-neçə illərin, neçə-neçə insanların həsrəti, 18, 20 yaşı, yarımçıq həyatları Laçın dağlarında, torpağında qalmışdı. Neçə illərdir, gözü yolda, qulağı səsdə idi doğma yurdun. Laçın da qəriblikdə, əsarətdə qalmışdı. İllərdir, öz doğmalarının yolunu gözləyir, isti nəfəsini arzulayırdı. Başına od ələnir, zirvəsində ildırımlar çaxnaşırdı. İllərdir, nə payızı payız idi, nə də ki yazı yaz Laçının. Ta ki bu gündə kimi. Həmin gün gəlib çatıb. Azərbaycan oğullarının azad etdikləri rayonların siyahısına Laçının da adını yazılacaq artıq. Əziz Laçın, biz qayıdırıq. İlmə-ilmə, söz-söz, misra-misra, addım-addım, bütöv bir yumruq olub, güclənib qayıdırıq, – dedilər.
Bu yurd yerinə gedən yolun kənarındakı “Laçın” yazılan lövhəyə baxıb köks ötürməyəcəyik daha. Qürurla “bu gün Laçına gedirik” deyəcəyik. Artıq o lövhələr ürək yanğısı ilə baxıb gözlərimizin uzaqlara dikiləcəyi bir yazı deyil, Vətən torpağına gedən yoldur. O yol ki onu yenidən yürümək üçün neçə-neçə igidlər öz canından, qanından keçdi. Otuz il siyasət masasında, 44 gün döyüşlərdə yuxusuz gecələr keçirildi. Bu gün isə şəhidlərimizin ruhu şaddır. Yuxusuz, gərgin gecələr keçirən, hər günü bir əsrə bərabər olan liderimizin gözlərində qürur var. Çünki biz düşməni məhv etdik, diz çökdü onlar ordumuzun, Ali Baş Komandanımızın, xalqımızın qarşısında. Və 28 ildir ki, Azərbaycanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayan 74 min nəfərdən çox laçınlı tarixi torpağına geri qayıdır. Əbədi olaraq.
Laçında eramızdan əvvəl II-I minillikdən başlayan məskunlaşmanın tarixi buranın qədim Azərbaycan yurdu olduğunu bir daha təsdiq edir. Rayonun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Maraqlı məqam ondan ibarətdir ki, Qobustan və Gəmiqayadan sonra məhz Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim tarixə söykənən mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir. Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk Abdal tayfasının adından götürülüb.
1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanıb. 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
Lakin, çox təəssüf ki, bu qədim yurd yerimizdə xalqımıza məxsus Ağoğlan məbədi (IX əsr), Dəmirovlu pir məbədi ( XI əsr), Cicimli kəndində Malik Əjdər türbəsi (XII əsr), Kar günbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, Dəmir və Tunc dövrlərinə aid kurqanlar, qəbiristanlıqlar və onlarla digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.
Laçın həm də zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik qədim Azərbaycan torpağıdır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi olan Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Bu qoruq və yasaqlıqda bitki örtüyü, nadir fauna növləri mövcud idi.
Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qaraağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən zəngin meşələr var idi. Buradakı nadir ağac növləri illərdir, qırılaraq Ermənistana daşınır. Ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmit istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları, müxtəlifrəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları 28 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında ermənilər tərəfindən talan edilirdi.
Düz səkkiz ay bundan öncə bu tarixi şəhər haqqında məqaləmdə böyük bir ümid və inamla bu cümlələri yazmışdım: “Ən çətin məqamda belə, mübarizə əzmini itirməyən xalqımız yeri gələndə bütün dünyaya sübut edib nə qədər güclü olduğunu. Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq. Çünki xalqımız böyük qələbələrdə imzası olan bir xalqdır. Biz inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bir gün də Qarabağın azadlıq çağırışı olacaq. Və həmin gün xalqımızın bir an belə, düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan igid oğullarının davamçılarının sayəsində düşmənə layiqli cavab veriləcək. Qarabağın azad olması yolunda Cocuq Mərcanlıdan, Talış yüksəkliyindən başlayıb Qızılqaya zirvəsinə doğru yol alan zəfər yürüşümüz torpaqlarımız azad olunana kimi davam edəcək”.
Bu gün çox qürurluyam ki, bir neçə ay öncə yazdığım cümlələrdəki arzularım – bütün azərbaycanlıların ən böyük istəyi müzəffər Ali Baş Komandanımızın siyasi gücü, rəşadətli ordumuzun igidləri sayəsində həqiqətə çevrildi. Mən və mənim kimi yüzlərlə jurnalist də ən böyük arzumuz olan qələbədən yazmaq şərəfinə nail olduq. Ən böyük qürurum isə 20 ildir ki, Vətən borcunu cəbhədə, səngərdə yerinə yetirən hərbçi yoldaşı kimi şərəfli adı daşımağımdır. Sevincliyəm, qürurluyam, ən əsası isə minnətdaram igid oğullarımıza ki, bir daha ürəyim yana-yana işğalda inləyən torpaqlardan yazılar yazmalı olmayacağam. Artıq bitdi yurd həsrəti də, tapdaqda qalan torpaqlardan yazılan yanıqlı yazılar da.
Nə az, nə çox, düz 14 il həyat yoldaşımın xidməti vəzifəsilə bağlı cəbhə bölgəsində yaşamışam. Oradakı insanların Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan deyə-deyə yarımçıq bir həyat yaşamalarına, dünyadan köçmələrinə və hər səhər dinamit döşənib partladılan binaların göylərə sovrulan dumanına, atəşkəs olmasına baxmayaraq, tez-tez öz mənfurluğuna davam edən düşmənin qarşısına sinəsini sipər edən oğulların əbədiyyətə yüksəlməsinə şahidlik etmişəm. Artıq o günlər arxada qalıb. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə başlanılmaqdadır. Arzu edirəm ki, o torpaqlara qayıdacaq soydaşlarımızın xoş günlərindən yazaq!

 Ramiyyə ƏKBƏROVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031