SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda elmi-praktiki konfrans keçirib

14-12-2018, 15:45

1991-ci il dekabrın 16-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması haqqında qərar qəbul edib. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyi partiyanın Naxçıvan Şəhər Təşkilatı ilə birlikdə elmi-praktik konfrans keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,konfransı giriş sözü ilə açan YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, Ümummilli liderimiz milli həmrəylik məsələsində də zaman baxımından gələcəyə hesablanmış qərar və təşəbbüslərində dahiyanə mövqe nümayiş etdirmişdir. Heydər Əliyev həmrəylik ideyasını dar çərçivədə deyil, onun ideoloji əsasları ilə birlikdə fundamental mövqe ortaya qoymuşdur. Həmrəylik, vətənçilik, azərbaycançılıq ideyaları da məhz Ulu öndərin Azərbaycanı qüdrətli və inkişaf etmiş dövlətə çevrilməsi yolunda tarixin sınağından çıxmış universal dəyərlər və ideyalardan oldu. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlı məhz bu ideyalara əsaslanaraq vahid bir məqsəd üçün birləşmiş, qüdrətli Azərbaycan dövləti ilə yanaşı, ciddi potensiala malik Azərbaycan diasporu formalaşmışdır. Azərbaycan diasporu tarixinə görə yeni fenomen olsa da, məhz tolerant, mədəni, iqtisadi inkişaf kimi fundamental dəyərlərə əsaslandığı üçün ciddi bir siyasi reallığa çevrilmişdir.

“Milli həmrəyliyə gedən yol Naxçıvandan başlayır” mövzusunda çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, ümummilli liderimizin əsasını XX əsrin 70-ci illərində qoyduğu, 1990-cı illərin əvvəllərində Naxçıvanda yaşayıb, işləyərkən inkişaf etdirdiyi və mühüm siyasi qərarla tarixiləşdirdiyi dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyası ulu öndərin Azərbaycana rəhbərliyə qayıdışından sonra qarşısıalınmaz reallığa çevrilmişdir. 1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul edilən tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsində, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi yaradılmasında göstərmişdir. 2006-cı, 2011-ci və 2016-cı illərdə keçirilən Dünya azərbaycanlılarının II və III qurultayları göstərdi ki, artıq bu sahədə dövlət siyasəti özünün əsaslı nəticələrini vermiş, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımız ciddi diasporaya və müstəqil Azərbaycanın həqiqət carçılarına çevrilmişlər.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Ulu öndər Heydər Əliyev və milli ideologiya məsələləri” mövzusunda çıxış edib. Bildirilib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün timsalında bütün dünya azərbaycanlılarını birləşdirmiş Azərbaycançılıq, ölkəmizin tam siyasi-iqtisadi müstəqilliyini, ərazi bütövlüyümüzü ehtiva edən suverenlik, milli-mənəvi dəyərlərin qorunması şərti ilə ümumbəşəri dəyərlərə optimal inteqrasiya, müstəqil müasir, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, sosial ahəngdarlığın və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən dövlətçiliyin və sosial ədalətin təmin edilməsi milli ideologiyamızın ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə nəzəri olaraq yaradılan və həyata keçirilən başlıca prinsipləridir. Bu baxımdan ulu öndərin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti” əslində milli ideologiyamızın tarixi-nəzəri və siyasi konsepsiyasıdır. Hazırda milli ideologiya bütün prinsiplər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

“Ümummilli lider Heydər Əliyevin milli həmrəylik fəlsəfəsi” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universiteti Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov deyib ki, ümummilli lider Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrlərdəki çıxışlarında, müsahibə və müraciətlərində irəli sürülmüş bir çox müddəalar, ideyalar mahiyyət etibarilə müasir dövr üçün milli ideologiyamızın nəzəri əsaslarını təşkil etmişdir. Azərbaycançılıq ideologiyası zəngin ictimai-siyasi, tarixi-fəlsəfi və milli qaynaqlarımızın bünövrəsi üzərində formalaşmış, xalqımızın bugünkü sağlam mənəviyyatının, dövlət siyasətinin, cəmiyyətdə milliliklə bəşəri dəyərlərin sintezindən yaranan müasir duyğu və düşüncələrinin təşəkkül tapmasına təkan vermiş, öz əhəmiyyətini isə 50 milyonluq dünya azərbaycanlılarının bir bayraq altında birləşməsində göstərmişdir. Bu gün cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev milli ideyanın gerçəkləşməsi naminə vaxtını və imkanlarını əsirgəməmiş, dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün hər şeyi etmişdir.

“Naxçıvan” Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, universitetin “Elmi əsərlər” jurnalının elmi redaktoru Nicat Yaqubov “Azərbaycançılıq məfkurəsi və dünya azərbaycanlıları” mövzusunda çıxışında bildirib ki, Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. Belə ki, dünyanın siyasi xəritəsi üzrə səpələnmiş milyonlarla azərbaycanlı artıq təşkilatlanmış, vahid Azərbaycançılıq ideyası və müstəqil dövlətimizin bayrağı altında birləşərək ümummilli həmrəylik ideyası uğrunda səfərbər olmuşlar. İndi hamı yaxşı dərk edir ki, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür.

Konfransdakı məruzələr dünya azərbaycanlılarının həmrəylik hərəkatına həsr olunmuş slaydlarla müşayiət olunmuşdur.
"Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda elmi-praktiki konfrans keçirib
"Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda elmi-praktiki konfrans keçirib
"Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda elmi-praktiki konfrans keçirib

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930