SON DƏQQƏ

naxcivanxeberleri.com

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir
30-09-2020, 16:28

Sentyabrın 30-da Milli Məclisin 2020-ci ilin payız sessiyasının açılışı oldu. Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdi və Dövlət Himni səsləndirildi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, əvvəlcə Spiker payız sessiyasının başlanması münasibəti ilə millət vəkillərini təbrik etdi və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzuladı.

Sonra Sahibə Qafarova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cəbhə bölgəsində gərginləşən vəziyyətdən söz açdı. O, qeyd etdi ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. Erməni silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun həyata keçirdiyi geniş miqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilmiş, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçmişdir. Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ...Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Onun həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Sonra xanım Sədr düşmən təxribatı barəsində səhih məlumatların dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğuladı. Milli Məclisin Sədri kimi son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Sereteli ilə şəxsən telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqladı. Bütün bu məktub və danışıqlarda, müsahibələrdə Erməni silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa zidd, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu bildirdiyini diqqətə çatdırdı.

Parlamentin sədri çıxışında qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa, həmçinin, İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə xalqımızın haqq işini dəstəklədiklərinə görə məktub göndərilib və Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub. Sahibə Qafarova çıxışının sonunda bildirdi ki, bu gün bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək.

Sonra Spiker 6-cı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına dair hesabatı təqdim etdi. Qeyd olundu ki, ötən dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurmuş və önəmli nəticələr əldə etmişdir. 2020-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 23 iclası keçirilmiş, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilmişdir. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün mühüm məsələlərə öz münasibətini bildirmişdir.

Sahibə Qafarova onu da vurğuladı ki, sessiyalararası dövrdə – iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə “Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. O, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından görüşün əhəmiyyətini vurğuladı.

Sonra Sahibə Qafarova çıxışında vurğuladı ki, bu yaxınlarda Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınmış və bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatmışdır. O, bu münasibətlə həmin partiyaların təmsilçiləri olan millət vəkilləri - Razi Nurullayevi və Erkin Qədirlini təbrik etdi, onlara parlament fəaliyyətlərində uğurlar dilədi.

Sahibə Qafarova iclasda yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl olaraq davam etdirildiyini dilə gətirdi və görülən işlərdən söz açdı. Qeyd olundu ki, ötən dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanaraq təsdiq edilmişdir. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaqdır. İnzibati binada olan iclas salonlarına “İstiqlal”, “Qarabağ”, “Odlar yurdu”, “Xəzər” kimi milli adlar verilmişdir ki, bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəsilə ötürülməsinə kiçik töhfə olacaq.

Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib.
Parlamentin sədri daha sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışdı, Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərin rəqəmsal sistemə salındığını bildirdi. Sədr bildirdi ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət vəkillərinin müsahibələrinin verilməsi üçün müasir standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada həftədə bir dəfə efirə gedəcək, 45 dəqiqəlik veriliş formatı müəyyənləşdirilib.

Sonra Sahibə Qafarova parlament Aparatında və İşlər İdarəsində aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılmasından və tətbiq edilən yeniliklərdən də geniş söhbət açdı.

Parlamentin Sədri sentyabr ayı ərzində qardaş Türkiyəyə və Rusiya Federasiyasına etdiyi rəsmi səfərlərdən danışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop, ticarət naziri xanım Ruhsar Pekcan, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə keçirilən görüşlərdən aldığı təəssüratları deputatlarla bölüşdü.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Sahibə Qafarova bildirdi ki, gündəliyə 22 məsələ daxil edilib.

Əvvəlcə Milli Məclisin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev və Cavid Osmanov işlər planı ilə bağlı təkliflərini bildirdilər. 14 bənddən ibarət sənəd səsə qoyularaq məqbul hesab edildi.

Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi də səsvermə yolu ilə təsdiqləndi.

Sahibə Qafarovanın təqdimatından sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi də səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Gömrük orqanları arasında yeni çağırışları özündə ehtiva edən, əqli mülkiyyət obyektlərində əməkdaşlığın inkişafına xidmət edən sənəd səsə qoyularaq qəbul edildi.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” sənədi şərh etdi. Komitə sədri Azərbaycanı hər zaman özünə dost hesab edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası dövründə Kuba həkimlərinin ölkəmizə təmənnasız dost yardımını əsirgəmədiklərini dilə gətirdi. Millət vəkilləri Sabir Rüstəmxanlı və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri təqdim edərkən qanun layihəsinin ölkə Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli Fərmanına uyğunlaşdırıldığını bildirdi. Qeyd edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılmış və nizamnamələri təsdiq edilmişdir. Yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcəkdir. Qeyd olundu ki, sözügedən sənədlər bu fərmanlara uyğun olaraq hazırlanıb və qanunlarda "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Bu da onunla bağlıdır ki, qeyd olunan qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs həyata keçirəcəkdir. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə "dövlət orqanı" anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Sənəd səsə qoyularaq təsdiq edildi.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri təqdim etdi. Komitə sədri qeyd etdi ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə “Təhsil haqqında” qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra iclasda Əli Hüseynlinin təqdimatında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri birinci oxunuşda şərh edildi. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Etibar Əliyev, Sahib Alıyev, Aqil Abbas sənədlərlə bağlı fikirlərini bildirdilər. Əli Hüseynli bu medalların təsis olunması ilə bağlı deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda parlamentin müzakirəsinə təqdim etdi. Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr 2018-ci ildə tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə, Tahir Kərimli ölkəmizdə tikinti sahəsində mövcud çatışmazlıqlardan danışdılar. Əli Hüseynli millət vəkillərini maraqlandıran suallara tikinti sahəsinin qanunvericilik mexanizmləri baxımından aydınlıq gətirdi. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə birinci oxunuşda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd olundu ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə tutur. Həmin dövlət rüsumları minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsini, yaxın qohumlara bağışlanması hallarına görə rüsumun istisna olunmasını və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsini ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, gündəliyə daxil edilən növbəti 4 məsələ - Vergi Məcəlləsində, “Təhsil haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu sənədlər "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma xarakteri daşıyır.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev birinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirildi ki, qanun layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd edildi ki, bu hal xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesini asanlaşdıracaq. Həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət hesabına ödənildiyi üçün övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə edə bilmələri dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaqdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031