SON DƏQİQƏ

naxcivanxeberleri.com

Siyasi səbatsızlıq, yoxsa mandat manevri?

Siyasi səbatsızlıq, yoxsa mandat manevri?
22-02-2019, 23:17

Bir neçə gün bundan qabaq 7 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclsinə deputat seçilmiş Qüdrət Həsənquliyevin Azpolitika.info saytına müsahibəsini oxudum. Sözün düzü əvvəlcə Qüdrət bəyin bu cür müsahibə verdiyinə inanmağım gəlmədi. Lakin qısa müddət sonra bu müsahibənin davamı gəldi və bəlli oldu ki, müsahibəni elə hörmətli millət vəkilimizin şəxsən özü verib. Hətta ikinci müsahibəsindəki hədə-qorxu dolu mesajlar Qüdrət bəylə bağlı fikirlərimi yerlə-yeksan elədi. Ortaya müəyyən suallar çıxır. Əcəba hörmətli millət vəkilimizin narahatlığı nədən qaynaqlanır? İndiyədək Naxçıvanda görülən işləri alqışlayan deputat nə baş verdi ki, birdən-birə 180 dərəcə dəyişdi? Nəhayət, sonuncu sual: öz gözündə tiri görməyənlər nədən başqalarının gözündə çöp axtarır və yaxud, Dədə ocağına gedən yoldakı dəmir körpünü bərpa etməyən millət vəkilinin gözləri necə oldu ki, birdən-birə hər şeyi gördü? Elə mövzuya da ilk sualımızı cavablandırmaqla başlayaq. Millət vəkilimiz nədən narahatdır?

Bildiyiniz kimi, son günlər mediada Milli Məclisə növbədənkənar deputat seçkilərinin keçiriləcəyi haqqında məlumatlar yayılır. Bu məlumatlar nə qədər səhihdir, onu deyə bilmərik. Amma görünən budur ki, öz dairəsindəki seçicilərinin inamını qazana bilməyən, onların etimadını doğrultmayan Qüdrət Həsənquliyevə növbəti (5-ci) dəfə 7 saylı Ordubad-Culfa seçki dairəsindən millət vəkili seçilə bilməyəcəyi gün kimi aydındır. Siyasət elə bir şeydir ki, bəzən adamlara öz kimliyini də unutdurur. Bu baxımdan Qüdrət Həsənquliyev növbəti dəfə millət vəkili seçilmək arzusuna o qədər qapılıb ki, 7 saylı Culfa -Ordubad seçki dairəsindən deputat olduğunu da unudub. Əgər dediklərimiz sizə inandırıcı gəlmirsə heç də uzağa getməyə ehtiyac yoxdur. Qüdrət Həsənquliyevin bundan öncəki müsahibələrinə göz gəzdirməyiniz yetər. Onun Naxçıvanla bağlı ağızdolusu tərifli müsahibələr verdiyini görəcəksiniz. Muxtar Respublikada dövlət tərəfindən aparılan abadlıq və quruculuq işlərinə görə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovdan dəfələrlə razılıq etdiyinin öz gözlərinizlə şahidi olacaqsınız.

Bu yerdə bir atalar sözünü xatırlatmağımız yerinə düşər. Dəyirman öz işində çax-çux baş ağrıdar. Onsuz da Naxçıvanda aparılan abadlıq və quruculuq işləri barədə ölkədə və ölkə hüdudlarından kənarda hər kəsin xəbəri var. Həmçinin burda qayda-qanunların nə qədər düzgün işlədiyindən, hər kəsin qanunun aliliyi qarşısında məsuliyyət daşıyaraq, bu qanunlara riyazi dəqiqliklə əməl etdiyindən xəbəri olmayan yoxdur. Naxçıvana təşrif gətirən bütün turistlər, öz qeydlərində təkcə bölgənin havasından-suyundan, dağından-daşından deyil, həmçinin Naxçıvanın ümumi təmizliyindən, qanunların işləkliyindən yazırlar. Bütün bunlar isə bölgədə insanların daha rahat yaşaması, sabitlikdə inkişafa meylliliyi deməkdir. Hörmətli deputatımız istiqaməti 180 dərəcə dəyişərkən unudur ki, Naxçıvan MR-də inkişaf yalnız kənd təsərrüfatı məhsullarının istehsalında deyil, burda 240-dan çox qida məhsulu, 160-dan çox sənaye məhsulu istehsal edilir.

Hörmətli millət vəkilimiz onu da unudur ki, 7 saylı Culfa-Ordubad seçki dairəsindən millət vəkili seçilsə də hələ indiyədək bir yaralı barmağa dərman sürtməyib. Məsələn, biz hələ də onun bu illər ərzində seçildiyi seçki dairəsindən hansısa seçicinin problemini qabardaraq, həll olunmasına çalışdığını görməmişik. Atalar yaxşı deyib ki, əvvəl evin içi, sonra çölü. Ölkəmizin beynəlxalq aləmdə nəyi necə edəcəyi ilə bağlı açıqlamalar verən millət vəkili, təəssüf ki, evin içini unudub. Mənə elə gəlir ki, hörmətli deputatımız fikirləşib ki, onsuz da Naxçıvan MR-də olan problemlər Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən yerində öyrənilir və qısa müddətdə həll olunur. Buna görə də özünü əziyyətə salmaq istəməyib. Amma bir millət vəkili başqalarının problemlərini həll etmirsə, bu o demək deyil ki, başqalarına problem yaratmalıdır. Məsələn, Qüdrət Həsənquliyev yaşadığı Əbrəqunus kəndindəki ata ocağını yenidən tikdirərkən, o evə gedən yoldakı körpünü ağırtonnajlı maşınlar yararsız hala saldı. Ancaq deputat yaratdığı bu problemdən qəti narahat olmadı və bununla bağlı qonşuların müraciətini belə heçə saydı. Düzdür, bu hərəkəti Naxçıvan rəhbərliyi tərəfindən heç zaman onun üzünə vurulmadı. Amma sən demə hörmətli Qüdrət bəyin Naxçıvan iqtisadiyyatı ilə bağlı sancısı var imiş. Və bu sancının nəticəsi də tezliklə üzə çıxdı.

Kəndindəki bir körpünün yararsız hala düşməsindən narahat olmayan insan necə oldu ki, Naxçıvan iqtisadiyyatının gələcəyindən narahat oldu? Əsl sual isə budur.

Ərtoğrul Rəsulzadə
Tədqiqatçı jurnalist

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031