SON DƏQQƏ

naxcivanxeberleri.com

28 May Respublika Günüdür

28 May Respublika Günüdür
28-05-2020, 00:01

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yarıdılması ilk demokratik respublikanın fəaliyyət başlaması ilə nəinki xalqımızın, bütünlükdə müsəlman Şərqinin tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, həmin gün öz müstəqilliyinə qovuşdu. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya ölkəmizin idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamədə bildirilirdi ki, Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyətidir. Elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət cümhuriyyətin ilk hökumət kabineti təşkil edilmişdir. Milli hökumət 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini bağladıqdan sonra Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu.

Həmin dövrdə Bakı şəhəri Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdür. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir. O zaman milli hökumətin qarşısında duran ən böyük vəzifə Bakını işğalçılardan azad etmək, bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini bərqərar etmək idi. Buna görə də milli ordu birlikləri yaratmaq ən zəruri addım idi və iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə ölkəmizdə ilk Milli Ordu yaradılmasının əsası qoyulmuşdur. Təxminən, iki ay yarımlıq bir müddətdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin mübarizəsi sayəsində Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq hökumət tərəfindən Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirilsə də, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.

Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Parlamenti davamlı olaraq fəaliyyət göstərdiyi 17 ay ərzində müstəqil dövlət quruculuğu istiqamətində misilsiz işlər görmüşdür. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Xalq cümhuriyyəti fəaliyyət göstərdiyi dövrdə 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb dövrdə fəaliyyət göstərmişdir. Həmin dövrdə taleyüklü məsələlərdən biri də ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. Azərbaycanın qədim Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları əsassız erməni iddiaları və təcavüzü ilə üz-üzə qalmışdı. Lakin Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı və milli qüvvələrin səyi nəticəsində 1918-ci il noyabrın 18-də burada Araz Türk Respublikası yaradılmışdır. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında böyük rol oynadı. Eyni zamanda milli hökumət də Naxçıvanı qorumaq üçün imkan daxilində köməklik göstərir, siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüş, Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikalılarla danışıqlar aparılmış, kəskin etiraz bildirilmişdi. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirmişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün bütün vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.

Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”

Beləliklə, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olsa da, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş ümummilli liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuş, ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilmiş, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə bir sıra şəxslər bu medalla təltif olunmuşdur.

Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə artıq regionda lider mövqe tutmuş, müstəqilliyimizin verdiyi bəhrələr sayəsində ölkəmiz dünyada söz sahibi olan qüdrətli respublika kimi nüfuz qazanmışdır. Bütün bunlar ümummilli liderimizin siyasi xəttin, müstəqil dövlətçilik ideyalarının bəhrəsidir. Ölkə Prezidentinin dediyi kimi: “1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin  qüdrətli və müstəqil bir ölkənin dövlət başçısı kimi qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüsləri ilə dünya siyasət tarixinə öz imzasını atmaqdadır. Ölkə rəhbərinin 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumundakı iştirakı və çıxışı Azərbaycanda həyata keçirilən islahatların dünyanın aparıcı dövlətləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bir daha bəyan etdi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü ölkəmizin qlobal səviyyədə beynəlxalq siyasi nüfuzunun daha da möhkəmləndirilməsini, dünyada cərəyan edən proseslərə də təsir gücünü bir daha təsdiqlədi. Təqdirəlayiq haldır ki, dünyanın öncül ölkələrinin başçıları da dövlətimizin apardığı daxili və xarici siyasəti yüksək qiymətləndirir, beynəlxalq səviyyəli tədbirlərdə çıxışları zamanı da Azərbaycanın mövqeyini daim dəstəkləyirlər.

Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inamla irəliləməsi bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyi əbədi, daimi və dönməzdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930