SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans  keçirilib
31-05-2019, 18:52

Mayın 31-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılmasının, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsinin, infra­strukturun yenidən qurulmasının digər sahələr kimi endokrinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaratdığını bildirib. Qeyd edib ki, son illər ölkəmizdə onların müalicəsi, şəkərli diabetin profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu, 2011-2015-ci və 2016-2020-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib. Muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkər ölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə altı ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.

Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən “Bakı” tibb mərkəzinin endokrinoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Rauf Cabbarovun “Şəkətli diabet xəstəliyi və onun damarlarda yaratdığı fəsadlar”, Bakı şəhəri Mərkəzi Dənizçilər Xəstəxanası Endokrinoloji xəstəliklər şöbəsinin müdiri Nazim Rüstəmovun “Şəkərli diabet və onun qaraciyərdə törətdiyi fəsadlar” mövzularında məruzələri dinlənilib.

Mütəxəssislər şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib. Bildiriblər ki, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib. Odur ki, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.

Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930