SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda mürəkkəb neyrocərrahiyyə əməliyyatı yerli cərrah tərəfindən uğurla icra olunub

Naxçıvanda mürəkkəb neyrocərrahiyyə əməliyyatı yerli cərrah tərəfindən uğurla icra olunub
5-04-2019, 15:59

Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə gətirilən xəstə üzərində baş həkimin müavini, neyrocərrah Ramazan Abbasov tərəfindən aparılan neyrocərrahiyyə əməliyyatı uğurla nəticələnib.

Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, xəstəxanaya gətirilən Kəngərli rayonunun Yurdçu kənd sakini, 79 yaşlı Feyzulla Əliyevə beyin qanaması (xroniki subdural hematoma), sol tərəfin iflici (hemipilegiası) diaqnozu qoyulub. Xəstədə yüksək təzyiqlə yanaşı, şəkərin 400 milliqram-faiz səviyyəsinə yüksəlməsi də müşahidə olunub. Onun hərəkət və danışıq qabiliyyəti tamamilə məhdud olub.

Təhlükəli vəziyyət nəzərə alınaraq, kənar şəxslərin xəstə yaxınlarına paytaxtdan cərrah dəvət olunması və ya xəstənin xarici ölkəyə aparılması barədə təklifləri onlar tərəfindən rədd edilib. Xəstə yaxınları Naxçıvanda mürəkkəb tibbi əməliyyatların aparılması üçün kifayət qədər əsaslı maddi-texniki bazanın olduğunu vurğulayaraq, cərrahiyyə əməliyyatının yüksəkixtisaslı yerli cərrahlar tərəfindən keçirilməsini xahiş ediblər.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə burada şöbənin həkimi Elsevər Ağəliyev tərəfindən əməliyyata hazırlanılması üçün müalicə tətbiq edilib. 24 saatlıq müalicə və müşahidədən sonra xəstənin təzyiqi və şəkəri nəzarət altına alınıb. Bundan sonra neyrocərrah Ramazan Abbasovun apardığı uğurlu tibbi əməliyyat nəticəsində xəstənin beyni üzərində toplanmış təxminən 150-200 milliqram həcmində qan təmizlənib.

Əməliyyat uğurla başa çatdıqdan sonra xəstənin hərəkət və danışıq qabiliyyəti bərpa olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında yerli neyrocərrah tərəfindən aparılan bu tibbi əməliyyat Naxçıvanın səhiyyəsinin növbəti uğuru kimi qiymətləndirilir. Bu, muxtar respublikada səhiyyənin inkişafına göstərilən yüksək dövlət qayğısının, səhiyyə işçilərinin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Məhz buna görə də bu gün ən çətin tibbi əməliyyatlar da yerli həkimlər tərəfindən muxtar respublikanın müvafiq xəstəxanalarında aparılır, vaxtilə müayinə və müalicə üçün başqa yerlərə üz tutan muxtar respublika sakinləri bu gün Naxçıvanda səhiyyə xidmətləri tam əhatə olunurlar.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930