SON DƏQQƏ

naxcivanxeberleri.com

Cəmiyyətin ən qiymətli sərvəti insanların sağlamlığıdır

Cəmiyyətin ən qiymətli sərvəti insanların sağlamlığıdır
26-04-2020, 10:30

Səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımdır, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri bu gün dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi, əhalinin kütləvi tibbi dispanserizasiyası vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına imkan verib, keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin prioritetləridir. Ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf muxtar respublikamızı da öz ağuşuna alıb və burada yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Son illərdə dövlət tərəfindən bütün yaşayış məntəqələrimizdə yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verib. Bu sahədə görülən işlər təkcə muxtar respublikamızda deyil, eləcə də onun rayonlarının da səhiyyəsini əhatə edir. Son illər möhtəşəm quruculuq ünvanlarından olan rayonumuzda səhiyyə sahəsində həyata keçirilən kompleks islahatların davamı olaraq tikilib insanların istifadəsinə verilən rayon Mərkəzi Xəstəxanasının binası da əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına, ən yüksək səviyyədə tibbi xidmətlə əhatə olunmasına şərait yaradıb. Bu isə dövlətimizin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. 2007-ci ildə müasir avadanlıqlarla təchiz olunmuş, gözoxşayan, müasir formada əhalinin istifadəsinə verilmiş rayon Mərkəzi Xəstəxanası şahbuzlular üçün ən böyük hədiyyədir. Ümumi sahəsi 1,5 hektar olan bu səhiyyə ocağının dörd bir tərəfində gözoxşayan gülkarlıqlar salınmış, yaşıllıqlar yaradılmışdır. 5764 kvadratmetrlik binanın işıqlı dəhlizləri, böyük otaqları, kitabxanası, hər cür kommunikasiya təminatı buraya daxil olan insanlarda ruh yüksəkliyi yaradır. Dünya standartlarına uyğun maddi-texniki bazaya malik olan xəstəxanada insanlara müasir səhiyyə xidməti göstərilir. Müxtəlif şöbələri və qəbul otaqları olan xəstəxanada ən mürəkkəb cərrahi əməliyyatları aparmaq üçün lazım olan bütün avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada reanimasiya otağının olması xəstələrdə ağır ürək-damar sisteminə yerindəcə nəzarət olunmasına şərait yaradıb. Xəstəxananın inzibati bölməsində 80 nəfərlik iclas zalında ən yüksək səviyyədə müxtəlif tədbirlər keçirməyə imkan yaradılıb. Tibb işçilərinin hərtərəfli fəaliyyəti üçün inzibati şöbədə yüksək zövqlü, hər bir təminatı olan otaqlar istifadəyə verilib. Ən önəmlisi isə odur ki, bina müasir işıqlandırma, istilik və havalandırma sistemi ilə təchiz olunub. Rayonumuzun tibb işçilərinə yaradılan yüksək iş şəraiti onları daha yaxşı, var qüvvə ilə işləməyə sövq edir. Xalqın sağlamlığının keşiyində dayanan həkimlərin də bu qayğıya cavabı olaraq yaxşı işləməyə borclu olduqlarını bildirərək Prezident cənab İlham Əliyev demişdir: “Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır. Həm burada istifadə olunan tikinti materialları keyfiyyətlidir, həm də avadanlıq müasirdir, gözəldir, aparıcı xarici firmaların istehsalı olan avadanlıqdır. İndi söz həkimlərindir. Həkimlər gərək burada xəstələrə yaxşı xidmət göstərsinlər”. Əlbəttə ki, bu gün səhiyyə sahəsində belə yüksəlişin olması bütün sahələrin tərəqqisi deməkdir. Çünki bütün başqa sahələrdə insanların uğur qazanması, qurub-yaratması üçün onların fiziki sağlamlığı birinci və önəmli şərtdir. Fiziki cəhətdən möhkəm və sağlam insanlar istədikləri sahələrdə uğur əldə edə bilərlər. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, heç bir sənət həkimlik sənəti qədər insanlara lazım olmur. Bu mənada insanların sağlamlığının qorunmasına dövlətin bu qədər qayğısı ümumilikdə Azərbaycan dövlətinin inkişafına, tərəqqisinə xidmətdir. Səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Qeyd edək ki, dünyada bir neçə ildir ki, həyata keçirilən bu sığortanın tətbiqinə rayonumuzda 2019-cu ildən başlanılıb. Səhiyyə sahəsində həyata keçirilən yeniliklərdən, eləcə də icbari tibbi sığortanın tətbiqi ilə bağlı Mərkəzi Xəstəxananın qocaman həkimlərindən Təmleyxa Cəbiyev deyir ki, bu sığorta növünün qarşısına qoyduğu əsas vəzifə və prinsiplər tibb işçilərinin peşəkarlığını artırmaq, həkimlərin nüfuzunu qaldırmaq, tibb işçilərinin rifahını yaxşılaşdırmaq üçündür. İlkin tibbi xidmətin səviyyəsini, səmərəliliyini artırmaq, icbari tibbi sığortanı hamı üçün əlçatan etmək əhalinin sağlamlığını qorumaqdan ibarətdir. İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara zəmanətli tibbi xidmət almaq imkanı yaradan və əhalinin sağlamlığının təmin edilməsi istiqamətində mühüm addımdır. Bu sığorta növünün tətbiqi əhalinin xərclərinin strukturuna müsbət təsir göstərərək onların səhiyyə xərclərini azaldır, səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların aradan qaldırılmasına səbəb olur. Bu sığorta növünün rayonumuzda tətbiq edilməsi tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı istiqamətində həyata keçirilən mühüm addımlardan biridir. Bu prinsip əsas götürülərək ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sisteminin müasirləşməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Elə bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Şahbuz rayonunda icbari tibbi sığorta tətbiq edilib və eyni zamanda rayon Mərkəzi Xəstəxanasına publik hüquqi səxs statusu verilib, işçilərin aylıq vəzifə maaşı 50 faiz artırılıb. Bu sistemin tətbiqi məqsədilə xəstəxanamızda çox böyük dəyişikliklər edildi. Belə ki, xəstəxananın təcili tibbi yardım, laboratoriya və doğum şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılaraq qəbul həkiminin fəaliyyəti təmin olunub. Poliklinika şöbəsində, burun-qulaq-boğaz, oftalmoloji və stomatoloji kabinələrdə, təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində, laboratoriyada, ginekoloji və doğuş bölməsində 52 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib. Bildirmək istəyirəm ki, artıq bir neçə aydır ki, vətəndaşlar icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən yararlanırlar. Hal-hazırda xəstəxanamızda insanların sağlamlığının qorunması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilib. Bu gün sevinc hissi ilə deyə bilərik ki, xəstəxanamızda bütün lazımi şöbələr vardır. Bu da əhalinin sağlamlığının qorunmasına dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz nümünəsidir. Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizatı hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir. Burada quraşdırılan müasir aparatlar müayinə və müalicənin düzgün və səmərəli təşkilinə, insanların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinə, xəstəliklərin erkən aşkar olunmasına və müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına müsbət təsir göstərəcək. Bu gün muxtar respublikamızda və eləcə də rayonlarda səhiyyənin ürəkaçan formada inkişafı xəstələrin müayinə və müalicə üçün başqa yerlərə üz tutmasının qarşısını alıb. Bundan başqa, əhali arasında səhiyyə maarifi işinin təşkilinə də diqqət artırılıb. Mərkəzi Xəstəxana tərəfindən təşkil olunan həkim briqadaları müvafiq qrafik əsasında kəndlərdə olur, əhaliyə nümunəvi xidmət göstərirlər. Ahıl və sağlamlıq imkanları məhdud insanlar da daim müayinədən keçirilirlər. Həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişi, müalicə-profilaktika işinin nümunəvi təşkili tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərib. T.Cəbiyev həm də bildirdi ki, bu gün rayonda insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin təşkili daim həkimlərin diqqət mərkəzində saxlanılır. Son illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi kollektivimiz tərəfindən yüksək səhiyyə xidmətinin təşkilinə öz bəhrəsini verir. Çalışdığımız Mərkəzi Xəstəxana rayon və kənd əhalisinin ən çox müraciət etdiyi tibb ocağıdır. İşini sevən bir həkim olaraq əminliklə deyə bilərəm ki, xəstəxanamızda xəstələrə yaxşı xidmət göstərilir və xəstələr də sağalaraq həkimlərdən razılıqla ayrılırlar. Sadaladığımız hallar təkcə rayon xəstəxanasında deyil, eləcə də onun ən ucqar kəndlərində yeni tikilərək istifadəyə verilən həkim ambulatoriyalarında da, feldşer-mama məntəqələrində də həyata keçirilir. Artıq insanların müalicə üçün kəndlərdən uzaq yerlərə getmələrinə ehtiyac qalmayıb, onlar müasir səhiyyə ocaqlarında tibbi xidmətdən istifadə etmək imkanı qazanıblar. Son olaraq demək istəyirəm ki, biz tibb işçiləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfəimizi verəcəyik. Rayon sakini Vahid Ələkbərov isə deyir ki, muxtar respublikamızda, eləcə də rayonumuzda səhiyyə sistemi sürətlə inkişaf edir və müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bir neçə illər əvvəli xatırlayaraq demək istəyirəm ki, səhiyyə xidməti üçün o qədər də yararlı olmayan köhnə, şəraitsiz binada yerləşən rayon Mərkəzi Xəstəxanasında bir neçə şöbə eyni yerdə fəaliyyət göstərirdi. Avadanlıqlar köhnə və gərəksiz olduğundan şahbuzlular adi analiz üçün Naxçıvan şəhərinə getməli olurdular. Həmçinin yüksək cərrahi əməliyyatların aparılması üçün də nə şərait, nə də avadanlıq var idi. Çox olan nöqsanlar nəticəsində rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsi qənaətbəxş deyildi. Ancaq müstəqillik illərindən sonra əsaslı dönüş yaranan sahələrdən birinin də səhiyyə olması hər bir sakini sevindirdi. Səhiyyənin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində və bununla da əhalinin sağlamlığının mühafizəsində dövlətimizin diqqət və qayğısını hiss etdiyimiz üçün bu gün biz bu inkişafdan ürəkdolusu danışırıq. Həmçinin bir neçə aydır ki, dövlətimiz tərəfindən tətbiq olunan icbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına dövlət qayğısının ifadəsidir. Bu gün dövlətimiz tərəfindən rayonumuzun inkişafına xüsusi diqqət yetirilir, əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Düşünürəm ki, icbari tibbi sığortanın da tətbiqi səhiyyə sistemini daha da inkişaf etdirəcək, bununla yanaşı, tibb sahəsində çalışanların sosial-iqtisadi rifahını artıracaq, səhiyyə sistemində əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğun yenilənməsini təmin edəcəkdir. Bu gün qürur hissi ilə deyə bilərəm ki, xəstəxanamıza başqa yerlərdən həkimlərin dəvət olunması, dövlət hesabına cərrahi əməliyyatların həyata keçirilməsi biz vətəndaşlara göstərilən ən yüksək qayğı, diqqət deməkdir. Buna görə də mən bütün şahbuzlular adından sağlamlığımızın qayğısına qalan dövlətimizə və tibb işçilərinə minnətdarlığımı bildirirəm.

 

Turanə BAXŞƏLİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930