SON DƏQİQƏ

naxcivanxeberleri.com

İmmun sistemini gücləndirən həyat amili – Vitamin C

İmmun sistemini gücləndirən həyat amili – Vitamin C
9-04-2020, 05:17

Orqanizmidə meydana gələn bir çox xəstəliyin, o cümlədən virus və bakteriyaların törətdiyi xəstəliklərin müalicəsində istifadə edilən üsullardan ən başlıcası vitaminlərlə müalicədir. Belə ki, günümüzdə qrip, soyuqdəymə kimi xəstəliklərin müalicəsində immun sistemini gücləndirmək üçün digər müalicə üsulları ilə yanaşı vitaminlərdən də istifadə edilir.

Vitamin sözü ilk dəfə Polşalı biokimyaçı Kazimir Funk tərəfindən 1912-ci ildə istifadə edilmişdir, latıncadan tərcümədə “Vita”-həyat, “amin”-amil deməkdir. Ümumi mənada vitaminlər orqanizmdə maddələr mübadiləsinin tənzimində, immun sisteminin gücləndirilməsində mühüm rol oynayaraq həyat amili sayılır. Həmçinin vitaminlər orqanizmin sağlam inkişafını, həzm funksiyalarını, infeksiyalara qarşı immun qazanılmasını tənzimləyən kiçik molekullu əvəz edilməz komponentlərdir.

          Kimyəvi adı askorbin turşusu olan, turş dada malik C vitamini orqanizmin immun sisteminin aktivliyində və infeksiyaların qarşısının alınmasında həyat əhəmiyyəti kəsb edən vitaminlər sırasındadır. Quruluşuna görə vitamin C suda həll olan, antioksidant və orqanizm tərəfindən sintez olunmayan vitaminlər qrupuna daxildir. Orqanizmdə ürək-damar xəstəlikləri riskini azaldır, sümüklərin, dişlərin, dərinin, oynaqların inkişafını və güclənməsini təmin edir, yaraları sağaldaraq toxumaları yeniləyir, hipertoniya xəstəliyində təzyiqi tənzimləyir, qandakı yüksək şəkərin miqdarını azaldır, stresə qarşı hormonların sintezini nizamlayır, uşaqlar üçün böyüməyə və inkişafa kömək olur, qanı zəhərlərdən təmizləyir . Bundan başqa C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığından infeksion və iltihabi xəstəliklərdən qoruyur.

Şərq təbabətində C vitamini xərçəng xəstəliyinin müalicəsində istifadə edilir.  Son illərdə tibbin inkişafı nəticəsində həkimlər virus və bakteriyalar tərəfindən yaranan infeksiyaların, şəkərli diyabetin, yüksək xolestrolun, daxili qanaxmaların, hemoroid xəstəliyinin, beyin-damar xəstəliklərinin müalicəsində C vitaminindən istifadə edilərək onu “müqavimət vitamini” adlandırırlar.

C vitamini immunitet sistemini dəstəklədiyi üçün kifayət qədər alınmadığı təqdirdə immun sistemi zəifləyir və tez xəstələnməyə gətirib çıxarır. Bundan başqa, enerji azlığı, çəki itkisi, əzələ və sümük ağrıları, bədənin asanlıqla göyərməsi, burun qanaması, yaraların gec sağalması, diş əti qanamaları, dişlərin tökülməsi, yorğunluq, əzginlik, kimi problemlər də C vitamini çatışmazlığı nəticəsində yaranır.

C vitamininin çatışmazlığı zamanı skorbut və ya sinqa xəstəliyi əmələ gəlir ki, bu zaman təngnəfəslik, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik 20-30 həftə ərzində müalicə olunmadığı halda ölümlə nəticələnə bilir. Lakin  C vitamini qəbul etməklə sinqa xəstəliyi tezliklə müalicə olunur.

Yetkin insanın gündəlik C vitamininə tələbatı 70-75 mq, uşaqlarda isə 80-100 mq-dır. Vitamin C –nin normadan artıq C vitaminin qəbulu böyrəklərin işini artıraraq böyrək daşı xəstəliyinə, ishal və allergiyaya səbəb ola bilər. Siqaret çəkmək, davamlı stress və travmalar vitamin C-yə olan tələbatı artırır.

Suda həll olan vitaminlər qrupuna daxil olduğuna görə vitamin C orqanizmdə sintez olunmur və ehtiyat halında toplanmır. Buna görə də gündəlik qida rasionuna C vitamini ilə zəngin olan qidalar daxil edilərək ehtiyac olan vitamini xaricdən almalıyıq. Vitamin C ilə ən zəngin qidalar: itburnu, kələm, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, cəfəri, balqabaq, pomidor, portağal, qreyfrut, narıngi, limon, mandarin, alma, moruq, kivi, qovun, ananas, çiyələk, həmçinin dalaq, qaraciyər, və s.

C vitamini temperatur və işığa həssas olduğu üçün meyvə və tərəvəzlərin sərin yerdə saxlanması onun parçalanmasının qarşısını alır. Lakin dondurmaq və ya donma həddinədək soyuq mühitdə də C vitamini parçalanır.

 

Enzalə Novruzova

Biologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universiteti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930