18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Bu gün unudulmaz opera ifaçısı Ağababa Bünyadzadənin anadan olmasından 107 il ötür
Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu gün istedadlı opera ifaçısı Ağababa Bünyadzadənin anadan olmasının 107 ili tamam olur.
Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirir və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnir. Ancaq bu sənətin dalınca getmir. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılır. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edir.
Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində təhsil alır. 1940-cı ildə vətənə dönür. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alır. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayır. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edir. Bir müddət sonra teatrın solistləri arasında öz yerini tutur.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.
Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. Həmçinin Şahvələd (“Aşıq Qərib” – Z.Hacıbəyov), Hökmdar (“Nizami” – Ə.Bədəlbəyli), Yavər (“Azad” – C.Cahangirov), Atakişi (“Sevil” – F.Əmirov), Ağalar bəy (“Nərgiz” – M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” – V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” – Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” – C.Rossini) və s. partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.
A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və operada yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.
A.Bünyadzadə Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində dahi bəstəkar haqqında xatirələrində deyir: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də vardım. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm. Əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İfamı İ.Hidayətzadə dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.
A.Bünyadzadə respublikanın hüdudlarından kənarda – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.