SON DƏQİQƏ

naxcivanxeberleri.com

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

3 Dekabr Beynəlxalq Əlillər Günüdür
3-12-2022, 10:00

“Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq”

Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri

 

Əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla eyni səviyyədə iştirakının təmin olunması bütün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 14 dekabr 1992-ci il tarixdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi prosesini əlaqələndirmək və nəzarətdə saxlamaq, cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq məqsədilə dekabrın 3-nün “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir.

Qeyd etmək lazımdır ki, 13 dekabr 2006-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi əlilliyi olan şəxslərlə bağlı ölkələrə minimum standartlar müəyyən etməklə əlillərin mülki, siyasi, iqtisadi və sosial həyatdan bəhrələnə bilməsi üçün dövlətlərə öhdəlik tətbiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı qəbul etmişdir. Konvensiyanın məqsədi bu kateqoriyadan olan şəxslər tərəfindən bütün insan hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.

Konvensiya şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması, ayrı-seçkiliyə yol verilməməsi, cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması, imkanların bərabərliyi, müyəssərlik, kişi və qadınların bərabərliyi, əlilliyi olan uşaqların inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət prinsiplərinə əsaslanır.

 “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əsasən “əlilliyi olan şəxslər” dedikdə müxtəlif maneələrlə qarşılaşdığı zaman onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər nəzərdə tutulur.

Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər əlilliyi olan qadın və qızların çoxsaylı ayrı-seçkiliyə məruz qaldığını etiraf edir və bununla əlaqədar olaraq onların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlər görürlər.

Əlilliyi olan şəxslər fiziki mühit, nəqliyyat, informasiya və kommunikasiya və ictimaiyyətə təqdim edilən digər imkanlar və xidmətlər də daxil olmaqla, cəmiyyətin bütün sahələrinə başqaları ilə bərabər şəkildə cəlb olunmaq hüququna malikdir. Dövlətlər silahlı münaqişələr, humanitar fövqəladə hallar və təbii fəlakətlər də daxil olmaqla, risk vəziyyətlərində əlilliyi olan bütün şəxslərin qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görürlər.

Konvensiyaya uyğun olaraq bu kateqoriyadan olan şəxslər digər şəxslərlə bərabər səviyyədə azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Yalnız əlilliyin mövcudluğu bu hüquqlardan məhrum olmağa bəraət qazandıra bilməz. Əlilliyi olan şəxslər işgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və cəzadan azad olmaq hüququna malikdir. Heç kim öz azad icazəsi olmadan tibbi və ya elmi təcrübəyə məruz qala bilməz.

Əlilliyi olan şəxslər öz ölkələrinin daxili və xaricində gender əsaslı aspektlər də daxil olmaqla, istismarın bütün növləri, zorakılıq və təhqirdən azad olmaq hüququna malikdir. Dövlətlər bu şəxslərin özlərinin seçdikləri qaydada, vaxtda və münasib qiymətə fərdi şəkildə hərəkətlərinin asanlaşdırılması istiqamətində səmərəli və müvafiq tədbirlər görməlidir. Əlilliyi olan şəxslər, həmçinin keyfiyyətli mobilizasiya yardımları, köməkçi texnologiyalar,  canlı yardım vasitələri və vasitəçilərə malik olma hüququna sahibdirlər.

Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əsasən qeyd olunan şəxslər qidalanma, su, geyim və mənzil də daxil olmaqla, kafi həyat səviyyəsi, yoxsulluğun azaldılması və ictimai mənzil ilə təmin olunma proqramları daxil olmaqla, səmərəli sosial müdafiə hüququna malikdir.

Qeyd etmək lazımdır ki, ölkəmiz 2 oktyabr 2008-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya və onun Fakültativ Protokoluna qoşulmuş, Konvensiyanın əsas müddəaları və prinsipləri rəhbər tutulmaqla, bu istiqamətdə ölkəmizdə mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. "İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır" deyən ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin sosial siyasətinin fundamental prinsiplərini müəyyənləşdirmiş, eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlilliyi olan şəxslərə xüsusi yanaşma sərgiləmiş, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilmişdir.

Ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı, o cümlədən xəstəliyə, əlilliyə, işsizliyə, ailə başçısını və əmək qabiliyyətini itirməyə və qanunla nəzərdə tutulan digər hallara görə bu kateqoriyalardan olan insanların sosial təminat hüququna malik olduğu təsbit olunmuşdur. 18 iyun 1998-ci il tarixdə “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən diqqətin ifadəsi olmuş, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb etmişdir.

Respublikamızda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu əlillərə qayğı siyasəti ötən müddət ərzində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısı qeyd etmişdir ki, “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər.”

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər, qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi, onların pensiya, müavinət və təqaüdlərinin artırılması, məişət şəraitinin yaxşılaşdırılması ümummilli lider Heydər Əliyevin sosial siyasətinin qətiyyətlə davam etdirildiyini göstərən faktlardan biridir.

Ötən dövr ərzində ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. 28 dekabr 2006-cı il tarixdə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 27 dekabr 2011-ci il tarixdə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmiş, bu proqramlarda əlillərin hüquq və azadlıqlarının təmin edilməsi üzrə fəaliyyət istiqamətləri müəyyən olunmuşdur.

9 sentyabr 2008-ci il tarixdə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”, 17 mart 2014-cü il tarixdə  “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanlar imzalanmış, Milli Məclis tərəfindən 2 oktyabr 2008-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”,  31 may 2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, 12 iyun 2018-ci il tarixdə  “Dərc olunmuş əsərlərin görmə qabiliyyəti tam məhdud, görmə pozuntusu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsinə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunları və bir çox mühüm dövlət proqramları qəbul edilmişdir.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2013-cü il tarixli Qərarı ilə “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”, 20 avqust 2015-ci il tarixli Qərarı ilə “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”, 13 may 2022-ci il tarixli Qərarı ilə isə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq olunmuşdur.

Qeyd olunmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əlillik” dedikdə müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması nəzərdə tutulur. Həmçinin bu Qanunda əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, əmək, təhsil və sosial təminat hüququ, siyasi həyatda və ədalət mühakiməsində iştirakı ilə bağlı mühüm hüquqi normalar öz əksini tapmışdır.

Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil və fərdi yaşayış evi ilə, müxtəlif texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi,  tənha yaşayan sağlamlıq imkanları məhdud şəxslərə evdə sosial məişət xidmətinin göstərilməsi, istedadlı əlillərin maddi və mənəvi cəhətdən dəstəklənmələri, habelə onların fərdi məşğulluqlarının və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan şəxslərin həyat səviyyələrini yüksəldir.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikamızın dinamik iqtisadi inkişafı və tərəqqisi əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onlara göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsinin yüksəldilməsinə, sosial sahənin maddi-texniki bazasının güclənməsinə əsaslı zəmin yaradır.

Ötən müddət ərzində muxtar respublikamızda bu kateqoriyadan olan şəxslərə göstərilən sosial reabilitasiya xidmətinin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, kinekt və əmək terapiyası otaqları, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkalarını artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır.

Bu gün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün brayl və daktilo əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, onlara audio və elektron kitabxana xidməti göstərilir. Eyni zamanda sosial xidmət göstərilən tənha sağlamlıq imkanları məhdud şəxslərə mütəmadi olaraq evlərində baş çəkilir, onların zəruri sosial problemlərinin həlli və tibbi müayinədən keçmələri təmin olunur, habelə uşaq serebral iflici, autizm, daun sindromlu və periferik sinir sistemi xəstəlikləri olan uşaqların valideynləri ilə maarifləndirici görüşlər keçirilir.

Bu şəxslərin istedad və qabiliyyətlərini inkişaf etdirmək məqsədilə bədii yaradıcılıq müsabiqələri, rəsm və əl işlərindən ibarət sərgilər, paralimpiyaçıların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur, onların asudə vaxtlarını, o cümlədən istirahətlərini mənalı keçirmələri istiqamətində tədbirlər görülür.

Bu gün ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası, bərpa-müalicə infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində görülən işlər  sosial statusundan asılı olmayaraq  hər bir ölkə vətəndaşının rifahına, həyat səviyyəsinin yaxşılaşmasına, eyni zamanda sağlamlığının qorunmasına xidmət edir.

 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031