SON DƏQİQƏ

naxcivanxeberleri.com

25 Noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür

25 Noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür
25-11-2022, 16:00

“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. 

 

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Qadınlara qarşı zorakılığın tərifi 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında Bəyannamə”də öz əksini tapır. Bəyannamədə qadınlara qarşı zorakılıq “istər ictimai, istərsə də şəxsi həyatda meydana gəlməsindən asılı olmayaraq, fiziki, cinsi və psixoloji zərər və ya əzabla, o cümlədən təhdidlər, müəyyən hərəkətlərə vadar etmə və ya özbaşına azadlıqdan məhrum etmə ilə nəticələnən və ya nəticələnə bilən istənilən zorakılıq hərəkətləri” kimi təsvir olunur.

Xüsusilə qeyd olunmalıdır ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir və hər il bütün dünyada 25 Noyabr “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.

2000-ci ilin fevral ayında “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına Əlavə Protokol qüvvəyə minmiş və qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi üzrə Komitə”yə şikayət etmək hüququ vermişdir.

“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyasında qadınlara qarşı zorakılığın qarşısının alınması, zorakılıq faktlarına görə araşdırmaların aparılması və müvafiq məsuliyyət tədbirlərinin tətbiqi, zorakılığa məruz qalmış qadınlara yüksək ixtisaslı yardımın göstərilməsi və onların müdafiəsi üzrə öhdəliklər öz əksini tapmışdır.

Bir sözlə, qadınların kişilərlə bərabər eyni hüquqlara malik olmaları əksər beynəlxalq müqavilələrdə öz əksini tapmışdır.

Qadın hüquqlarının müdafiəsi istiqamətində ölkəmiz bir sıra mühüm beynəlxalq sənədlərə qoşularaq bu sahədə qanunvericiliyi təkmilləşdirmək imkanı əldə etmişdir. Belə ki, ötən müddət ərzində ölkəmiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya və həmin Konvensiyanın Fakültativ Protokoluna, “Qadınların siyasi hüquqları haqqında”, “Ərdə olan qadınların vətəndaşlığı haqqında”, “Analığın mühafizəsi haqqında” “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında”, “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” konvensiyalara, o cümlədən “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokola, “Beynəlxalq Əmək Təşkilatının bır sıra konvensiyalarına, o cümlədən “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər əmək haqqı verilməsi haqqında”, “Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında”, “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, “Hər hansı şaxtadakı qaldırıcı işlərdə qadın əməyinin tətbiqi haqqında” konvensiyalara və digər beynəlxalq sənədlərə qoşulmuşdur.

Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyasının 25-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Qadın hüquqları ilə bağlı müddəalar bir sıra beynəlxalq-hüquqi sənədlərdə də təsbit olunmuşdur. Belə ki, 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə qeyd edilən bütün hüquqlara və azadlıqlara malikdir.

Beynəlxalq Əmək Təşkilatının “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyasına əsasən kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş” termininə cinsi əlamətə görə ayrı-seçkilik qoyulmaması ilə müəyyənləşdirilən maaş dərəcəsi daxildir.

 “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya görə qadınlar bütün seçkilərdə heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə səs vermək hüququna malikdirlər. Qadınların heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə ictimai dövlət qulluğunda vəzifə tutmaq və milli qanunla müəyyən edilən bütün ictimai-dövlət funksiyalarını yerinə yetirmək hüququ vardır.

 “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyada təsbit olunur ki, razılığa gələn hər bir dövlət razılaşır ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə hansısa dövlətin vətəndaşlığını qəbul etməsi, nə də vətəndaşlarından hansısa birinin öz vətəndaşlığından imtina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını saxlamasına mane olmamalıdır.  

 “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması  haqqında” Konvensiyanın Preambulasında qeyd olunur ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdir. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda iştirakçı dövlətlərin kişilər və qadınlar üçün bu Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan bərabər surətdə istifadə olunmasını təmin etməyi öhdələrinə götürməkləri barədə müddəa öz əksini tapıb.

18 dekabr 1979-cu il tarixdə qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya cəmiyyət və ailə içərisində qadın və kişilər üçün insan hüquqlarının bərabərliyini təsdiq edir. Konvensiyaya əsasən qadınlar barəsində ayrı-seçkilik dedikdə qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət başa düşülür.

“Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 23 iyun 1981-ci il tarixli Konvensiyaya uyğun olaraq kişi və qadın işçilər üçün əsl bərabər rəftar və imkanların təmin edilməsi üçün hər bir üzv dövlətin milli siyasətinin məqsədlərindən biri də ondan ibarət olmalıdır ki, haqqı ödənilən işi yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə vəzifələri olan şəxslər bu hüququ ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə vəzifələrini uzlaşdıraraq həyata keçirə bilsinlər.

Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul etmişdir.

14 yanvar 1998-ci ildə ulu öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamış, elə həmin ildə müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmiş, 3 mart 2000-ci il tarixdə isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir.

Bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev qadınların cəmiyyətdə fəal iştirakını, hüquq və azadlıqlarının yüksək səviyyədə təminatını, gender bərabərliyinin qorunmasını insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. Ölkə Prezidentinin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən Komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır.

Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”,  “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və  bir çox dövlət proqramları qəbul edilmişdir.

Həyata keçirilən hüquq islahatları nəticəsində qadınların bir sıra hüquqları, xüsusən də əmək və sosial təminat hüquqları daha da təkmilləşdirilmiş, Ailə, Əmək, Mülki, Cinayət və digər məcəllələrə müvafiq dəyişikliklər edilmiş, onların cəmiyyətin hər bir sahəsində fəal iştirakına şərait yaradılmışdır.

Bu gün Azərbaycan Respublikasının bütün qanunları və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanların hüquq və azadlıqları cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və beynəlxalq hüquq normalarının tələblərinə cavab verir.

Ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin ictimai-siyasi həyatında qadınların rolu bu gün getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır.

Muxtar respublikamızda qadınlar, xüsusən də aztəminatlı, sağlamlıq imkanları məhdud qadınlar üçün maliyyə savadlılığının artırılması, ailə büdcəsinin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi onların idarəetmə vərdişlərinin yüksəldilməsinə, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlmişdir. Həmçinin muxtar respublikamızda müxtəlif beynəlxalq layihələr həyata keçirilir, muxtar respublikanın turistik mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir.

Onu da vurğulamaq lazımdır ki, muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. 

Bu gün ölkəmizdə, habelə muxtar respublikamızda mövcud şərait qadınlarımızın zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi bu siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər imkanlarını və bu imkanları təmin etməyə yönəlmişdir. Ulu öndərimizin əsasını qoyduğu bu siyasət daimi və dönməz prioritet məqsədlər olmaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.

 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mətbuat xidməti

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031