SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hüquqi maarifləndirmə

Hüquqi maarifləndirmə
12-11-2022, 15:00

Sual: Hansı hallarda məhkəməyə müraciət etmək olar?

Cavab: Müraciət etmək hüququ insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində ən mühüm hüquqi vasitələrdən biridir.

Fiziki və ya hüquqi şəxslərin, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən hər bir kəs məhkəməyə müraciət edə bilər.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Vurğulamaq lazımdır ki, daxil olmuş müraciətlərə məhkəmə tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Belə ki, məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Həmçinin qanunvericiliyimizdə məhkəməyə təkrar müraciət etmək hüququ da nəzərdə tutulmuşdur. Belə ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 13.2.6-cı maddəsinə əsasən Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə Naxçıvan Muxtar Respublikasının dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət edə bilər.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

 


Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031