SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahibkarlıq fəaliyyəti və qanunsuz sahibkarlığa görə hüquqi məsuliyyət

Sahibkarlıq fəaliyyəti və qanunsuz sahibkarlığa görə hüquqi məsuliyyət
1-10-2022, 14:00

“Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir.”

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Bəs sahibkarlıq fəaliyyəti nədir? Sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlakın istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət, gəlir əldə edilməsi olan fəaliyyət nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, müasir Azərbaycan tarixində iqtisadiyyatın bütün sahələrində, o cümlədən sahibkarlıq sahəsində qazanılmış ən böyük uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ötən müddət ərzində Ulu öndər tərəfindən 17 iyun 1996-cı il tarixdə "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", 7 yanvar 1999-cu il tarixdə "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2 sentyabr 2002-ci il tarixdə "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" imzalanmış fərmanlarla sahibkarlığın inkişafında dövlət nəzarət sistemi daha da təkmilləşdirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır.

Ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın ardıcıl inkişafını təmin edən hüquqi baza daha da təkmilləşdirilmişdir. İndiyədək sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində qəbul olunmuş hüquqi sənədlər arasında “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İnvestisiya fondları haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında” qanunlar, həmçinin dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək məqsədilə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında”, “Sahibkalıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, eləcə də “Bir pəncərə sisteminə keçid haqqında” dövlət başçısının imzaladığı fərman və sərəncamlar xüsusi yer tutur.

Bu gün muxtar respublikamızda da özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, özəl sektorda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 7 avqust 2018-ci il tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılmışdır.

Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya onun ayrı-ayrı növlərinin qadağan olunmasına yol verilir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda bəyan olunur ki, fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs, o cümlədən xarici hüquqi şəxslər sahibkarlıqla qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, məşğul ola bilərlər.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

Hər bir sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar.

Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Sahibkarlıq fəaliyyəti zamanı diqqət edilməli məqamlardan biri də xüsusi razılıq olmadan dövriyyəsi qadağan edilmiş əşyalardan istifadə edilməsi məsələsidir. Əgər şəxs sahibkarlıq fəaliyyəti zamanı "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər hansı bir əşyanın dövriyyəsi ilə məşğul olmaq istəyirsə, bu zaman müvafiq inzibati orqana müraciət edərək, bununla bağlı icazə almalıdır.

Hər bir sahibkar qanunvericiliyin qeyd olunan tələblərinə ciddi əməl etməklə qanuni sahibkarlıq fəaliyyətini həyata keçirməlidir. Qanunvericiliyin bu tələblərinə əməl olunmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunur. Qanunsuz sahibkarlıq dövlətin iqtisadi fəaliyyət sahəsində yaranmış ictimai münasibətlərinə güclü zərbə endirmə potensialına malik olan, istənilən ölkədə dövlət hakimiyyətinin nüfuzuna böyük miqyasda zərər yetirən ictimai təhlükəli əməllərdən biridir. Qanunsuz sahibkarlıq iqtisadi cəhətdən öz ifadəsini, əsas etibarı ilə, gizli iqtisadiyyatın bərqərar olunmasında, keyfiyyət tələblərinə cavab verə bilməyən maddi nemətlərin yaradılmasında, çirkli pulların qanunsuz sahibkarlıq obyektlərində yuyulmasında, vətəndaşların həyat və sağlamlıqlarına, habelə dövlətin və təşkilatların iqtisadi maraqlarına maddi ziyan vurulmasında tapır.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma ölkə qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd etmək lazımdır ki, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində əlli min manatadək məbləğdə ziyan vurulduqda və ya həmin məbləğdə gəlir əldə edildikdə şəxs inzibati məsuliyyətə cəlb edilir. Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Vurğulanmalıdır ki, qanunsuz sahibkarlıq təkcə hər hansı inzibati məsuliyyət tədbiri və ya maliyyə sanksiyası ilə məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb olur.

Bu cinayətə görə fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada xeyli miqdar dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.

Şəxs tərəfindən törədilmiş eyni əməllər külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə, habelə mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada külli miqdar dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.

Sözügedən əməllər xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada xüsusilə külli miqdar dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Sonda isə qeyd etmək lazımdır ki, hər bir şəxs sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməklə fəaliyyətini qanuni qurmalıdır ki, sonda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasın.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031