SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnzibati məhkəmə icraatına kimlər üçüncü şəxs qismində cəlb edilir və onlar hansı hüquqlara malikdirlər?

İnzibati məhkəmə icraatına kimlər üçüncü şəxs qismində cəlb edilir və onlar hansı hüquqlara malikdirlər?
21-09-2022, 16:12

İnzibati məhkəmə icraatının iştirakçılarından biri də üçüncü şəxslərdir. Məhkəmə qərarları digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsində məqsəd həmin şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının qarşısını almaqdan ibarətdir. Həmin şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməməsi və onların  iştirakı olmadan məhkəmə qərarlarının qəbul edilməsi gələcəkdə həmin şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edir və həmin qərardad bütün proses iştirakçılarına təqdim edilməlidir. Məhkəmənin bu qərardadından şikayət verilə bilməz. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi tərəflər və üçüncü şəxslərin özü üçün vahid qərarın qəbul edilməsini şərtlədirdiyi hallarda, həmin şəxslər mütləq inzibati məhkəmə icraatına cəlb edilməlidir, bu isə qanunvericilikdə zəruri cəlbetmə hesab edilir. Zəruri cəlbetmə qaydasında prosesə cəlb edilmiş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Üçüncü şəxslərin tələbləri iddia tələbindən kənara çıxmamalıdır.

İnzibati məhkəmə icaatına cəlb edilmiş üçüncü şəxslər ilkin proses iştirakçıları ilə, demək olar ki, eyni hüquq və vəzifələrə malikdirlər. Onların iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, məhkəməyə yazılı, şifahi sübutlar təqdim etmək, sübutların tədqiqində iştirak etmək, nümayəndə vasitəsilə təmsil olunmaq, digər hüquq müdafiə vasitələrindən istifadə etmək, yekun məhkəmə qərarlarından şikayət vermək və s. kimi hüquqları vardır. Üçüncü şəxslərin öhdəlikləri də digər proses iştirakçıları ilə bərabərlik təşkil edir. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin üzərinə müvəqqəti xarakterli müdafiə tədbiri qismində müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Üçüncü şəxs öz ərizəsi əsasında işə cəlb edildikdə, onun təqsiri səbəbindən xərclər meydana gəldikdə və yekun məhkəmə qərarlarından şikayət verdiyi halda məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər.

 

Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin

hakim köməkçisi Hüseynli Sevinc Səfər qızı

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930