SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ailə münasibətlərindən əmələ gələn mübahisələrə iddia müddəti şamil olunurmu?

Ailə münasibətlərindən əmələ gələn mübahisələrə iddia müddəti şamil olunurmu?
16-09-2022, 16:00

Qanunvericiliyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Müddət dedikdə, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxt başa düşülür. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən olunmuş müddət isə iddia müddəti sayılır.

Ümumiyyətlə, iddia müddəti institutu mülki dövriyyənin müəyyənliyini və sabitliyini qorumaq, nizamlamaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün həmin Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur.

Bu baxımdan ailə hüquq münasibətlərinin iştirakçıları üçün pozulmuş ailə hüquqlarının həyata keçirilməsi heç bir vaxtla məhdudlaşdırılmır. İddia müddəti nikahın xitam edilməsi, nikahın etibarsız sayılması, atalığın müəyyən edilməsi, nikah sazişinin etibarsız sayılması və s. bu kimi digər tələblərə şamil edilmir.

Lakin Ailə Məcəlləsinin ayrı-ayrı normalarında pozulmuş ailə hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən edilə bilər. Belə hallarda ailə hüquq münasibətlərində iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Bununla da ailə münasibətlərindən irəli gələn tələblər müddətindən asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında müdafiə edilə bilər. Bu müddəa ailə hüquq münasibətlərinin şəxsi qeyri-əmlak xarakterli olmasından irəli gəlir.

Ailə Məcəlləsində pozulmuş hüquqların müdafiəsi üçün müddət müəyyən olunmuş istisnalardan biri, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında olan iddialardır. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. 

Təcrübədə mübahisə doğuran məsələ isə Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə dair 3 illik iddia müddətinin axımının məhz hansı andan hesablanmalı olması ilə bağlıdır. Qanunverici həmin maddədə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir.

Qeyd olunması zəruridir ki, mülki qanunvericilik əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

Göründüyü kimi, qanunverici iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ isə yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı hər hansı vaxtla məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

Qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin məhz həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

Bununla bağlı “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında da Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin Qərarda müvafiq icra hakimiyyəti orqanlarına və məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir.

Bununla belə, Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qeyd olunan müddəa ailə münasibətlərinə də tətbiq edilir.

 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930