SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada may ayı mədəniyyət tədbirləri ilə zəngin olub

Muxtar respubilkada may ayı mədəniyyət tədbirləri ilə zəngin olub
3-06-2019, 21:21

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən may ayında əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər davam etdirilmiş, konsertlərin təşkili, kino və teatr tamaşalarının nümayişi diqqətdə saxlanılmışdır.

Ay ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert proqramları təşkil olunmuş, distant dərs və tədbirlər keçirilmişdir.

May ayında mədəniyyət müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Respublika Günü, Xalçaçı Günü, Beynəlxalq Muzeylər Günü, C.Məmmədquluzadənin 150 illiyi, Ə.Cavidin 100 illiyi, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi ilə bağlı tədbirlər keçirilmiş, sərgilər yaradılmışdır.

Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı işlər davam etdirilmiş, tələbələr üçün açıq və ustad dərslər keçirilmiş, onlar üçün ekskursiyalar təşkil edilmiş, mədəniyyət müəssisələrində təcrübə keçmələri üçün şərait yaradılmışdır.

May ayında milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği istiqamətində də işlər davamlı olaraq həyata keçirilmişdir. “Şərur” Xalq Yallı Ansamblı ilk dəfə olaraq Ukrayna Respublikasının paytaxtı Kiyevdə rəsmi tədbirdə çıxış etmişdir. Ötən ay “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı müsabiqənin seçim turuna start verilmişdir ki, bu turda da 19 yallı kollektivi iştirak etmişdir. Şərur yallılarının reyestrə alınması, nota köçürülməsi işləri davam etdirilmiş, Sədərək rayonunda “Yallı xalqımızın milli birlik rəmzidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

Mayın 15-də məşhur norveçli xor şefi və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərinin bir qrupu Naxçıvanda olmuş, muxtar respublikanın xor kollektivlərinin ifalarına baxmış və ustad dərs keçmişlər. Keçirilən ustad dərsdə hamiliyə verilmiş müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr də iştirak etmişlər.

Ötən ay “Muzey günləri” çərçivəsində ekskursiyalar davam etdirilmiş, muxtar respublikanın 40-dan çox nazirlik, komitə və baş idarələrinin kollektivlərinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin muzeylərlə tanışlığı təmin edilmişdir.

Bu dövrdə muzeyləri 18 min 701 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 60 min 380 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsində muxtar respublika sakinləri ilə bərabər, məktəblilər də fəal iştirak etmiş, muzeylərə 510 yeni eksponat daxil olmuşdur. Muzeylərdə 2 distant, 43 açıq dərs keçirilmiş, 7 tədbir olmuş və 7 sərgi yaradılmışdır.

May ayında kitabxanaların fəaliyyəti də diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin səmərəliliyinə diqqət artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan 31 kitabın müzakirəsi keçirilmişdir. Bu dövrdə kitabxanalara 395 adda 806 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalarda yeni oxucu sayı 306, oxucu gəlişi 9 min 815, kitab verilişi 52 min 305 nüsxə olmuşdur. Həmçinin elektron kataloqa 476, şəbəkəyə isə 50 kitab işlənmişdir.

Ötən dövrdə muxtar respublikanın klub müəssisələrində də bir sıra mədəni-kütləvi tədbirlər təşkil olunmuş, Babək rayonunun Şıxmahmud kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Muxtar respublikanın rayon mərkəzlərində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsertlər davam etdirilmiş, tamaşa və filmlər nümayiş etdirilməklə, keçirilən tədbirlərin forma müxtəlifliyinə diqqət artırılmışdır. Ay ərzində rayon mədəniyyət saraylarında 7 konsert və 7 tamaşa təşkil olunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, mədəniyyət şöbələrinin musiqi kollektivləri keçirilən konsertlərdə fəal iştirak etmişlər.

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tamaşasının bütün rayonlarda nümayişini başa çatdırmış, C.Məmmədquluzadənin pyesləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşasını qardaş Türkiyənin Qars şəhərində nümayiş etdirmişdir.

Bu dövrdə Naxçıvan Dövlət Kukla Teatrı “Keçinin qisası”, “Qoğalın sərgüzəşti”, “İnanmayaq tülkülərə”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı” tamaşalarını muxtar respublikanın rayonlarında uşaq və məktəblilərə göstərmişlər.

May ayının 20-də start verilən xalq teatrlarının muxtar respublika festivalında Ordubad Rayon Xalq Teatrı “Vəzifə hərisi”, Şahbuz Rayon Xalq Teatrı “Məşədi Qulam qiraət öyrənir” tamaşalarını təqdim etmişlər. Naxçıvan Dövlət Film Fondu da rayon və kəndlərdə olmuş, bədii-sənədli filmlər nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirmişdir.

Ötən dövrdə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin təşkili, müxtəlif tədbirlərin keçirilməsi üçün bir sıra işlər görülmüş, müsabiqələr, sərgilər, hesabat və solo konsertləri, intellektual oyunlar təşkil olunmuşdur. Naxçıvan Musiqi Kollecinin tələbəsi Nəcəf Hacılı isə Riqa və Stokholm şəhərlərində keçirilən I Beynəlxalq incəsənət festival-müsabiqəsində iştirak edərək I yerə layiq görülmüş və tədbirin qala konsertində uğurla çıxış etmişdir.



Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031