Mayın 31-də Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə bağlı Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən
NAXCİVANXEBERLEFRİ.COM-a verilən məlumata görə, konsertin aparıcısı bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş Tədbirlər Plan”nı təsdiq etmişdir. Muxtar respublikanın musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edirlər. Bu günkü konsert proqramı da bu yubileyə həsr olunmuşdur.
Vurğulanıb ki, son 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış etməkdədir. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur. Estrada orkestri yarandığı gündən repertuar zənginliyinə xüsusi diqqət yetirir. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir.
![Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Kəngərli rayonunda konserti olub Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Kəngərli rayonunda konserti olub]()
Konsertdə Estrada orkestrinin ifasında Emin Sabitoğlunun “Kəpənək” mahnısı səsləndirilmişdir. Sonra Estrada Orkestrinin gənc solistləri Samir İsmayılov və Ruhiyyə Hüseynova Oqtay Kazımi “Yaşayır insan”, “Taleyim”, Emin Sabitoğlu “Şirin dil”, Ramiz Mirişli “Bir xumar baxışla” və s. mahnılar ifa etmişlər. Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural Nəcəfov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin ifasında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib. Onların ifasında səslənən Oqtay Kazımi, Tofiq Quliyev, Nadir Əzimov, Polad Bülbüloğlu, Elza İbrahimova, Emin Sabitoğlunun “Toy olsun, bayram olsun”, “Qurban olum”, “Mənə dəniz verin”, “Gəl ey səhər”, “Bağçamızdan keçmisən”, “Zaman” və başqa estrada mahnıları alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər dünya musiqisinin böyük sənətkarlarının müxtəlif musiqi janrlarında yazdığı melodiyalar da səsləndirilib. Estrada Orkestrinin bu dəfəki konserti də maraqlı repertuar zənginliyi ilə seçilirdi. Konsert Orkestrin gənc solistləri Samir İsmayılov və Ruhiyyə Hüseynovanın ifasında “Səadət” mahnısının ifası ilə başa çatıb. Konsertə Elvin Əliyarov dirijorluq etmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bir saatdan artıq davam edən konsert proqramı rayon sakinlərinə xoş ovqat bəxş edib.