SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müsabiqələrin yekunlarına həsr olunmuş tədbir keçirilib

Müsabiqələrin yekunlarına həsr olunmuş tədbir keçirilib
23-06-2021, 22:25

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solooxuma və ifaçılıq müsabiqələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbir başlanmazdan əvvəl rəsm müsabiqəsində yer tutmuş şagirdlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin bütün sahələri kimi, milli musiqimizin də inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Müstəqillik illərində Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni uşaq musiqi və bədii sənətkarlıq məktəbləri inşa olunaraq istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmışdır. Gənc nəslə milli musiqi sənətimizin aşılanması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin, yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər.
Vurğulanıb ki, son illər muxtar respublikanın uşaq musiqi və bədii sənətkarlıq məktəblərində keçirilən ustad dərsləri musiqiçi müəllimlərin pedaqoji təcrübəsinin artırılmasında, eləcə də istedadlı uşaq və yeniyetmələrin professional musiqiyə cəlbində mühüm rola malikdir. Bundan başqa, musiqi təhsili müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin müvafiq dərs yükü normasının optimallaşdırılmasının təmin edilməsi məqsədilə test və müsahibə mərhələlərindən ibarət attestasiya imtahanlarına cəlb edilməsi də muxtar respublikada professional musiqi sənətinin yüksək səviyyədə inkişafına töhfə verən amillərdəndir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyətin bütün sahələrinə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, milli dəyərlərimizin, zəngin mədəniyyətimizin yaşadılması və təbliği məqsədilə hər il incəsənətin müxtəlif sahələrini əhatə edən festivallar, müsabiqələr, yarışlar, keçirilir. Belə mədəni tədbirlər isə, öz növbəsində, istedadlı şəxslərin incəsənətə cəlbinə geniş imkanlar açır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprel, may və iyun aylarında keçirilən rəsm, rəqs, ifaçılıq və solo­oxuma müsabiqələri də muxtar respublikada istedadlı uşaq, yeniyetmə və gənc­lərin aşkar olunaraq onların incəsənətin musiqi, rəqs, rəssamlıq və ifaçılıq kimi yüksək yaradıcılıq qabiliyyəti tələb edən sahələrinə cəlb edilməsi işinə, eləcə də milli mədəniyyətimizin təbliğinə əməli töhfə verəcəkdir. Bu müsabiqələrin keçirilməsində başlıca məqsəd muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Keçirilən bütün bu müsabiqələrdə iştirak edən yeniyetmə və gənclərin istedad və bacarıqları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilmişdir.
Mədəniyyət naziri çıxışının sonunda qalib olmuş iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin formalaşmasına, eləcə də incəsənətin bütün sahələrinin təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib, 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə, ümumilikdə, 157 iştirakçı və kollektiv təltif edilib.
Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında müxtəlif musiqi nömrələri və Azərbaycan xalq rəqsi təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031