SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalqımızın nəsillərdən-nəsillərə yaşadılan qələbə əzmi

Xalqımızın nəsillərdən-nəsillərə yaşadılan qələbə əzmi
8-05-2021, 23:55

Bir danılmaz həqiqət var: müharibə ölüm, aclıq, fəlakət və ayrılıqdır. Müharibə iqtisadiyyatı geri salır, təsərrüfata güclü ziyan vurur, insanlar bir-birindən ayrı, didərgin düşürlər. Tarixboyu qanlı müharibələrin izlərini on illərlə aradan qaldırmaq olmur. Doğmalar illərlə bir-birinin üzünə həsrət qalır. 

Bütün bunlara baxmayaraq, acgöz, qəddar, başqasının malına, torpağına göz dikənlər öz çirkin əməllərindən əl çəkmirlər. İyirminci əsrin, eləcə də dünya tarixinin ən dəhşətli müharibələrindən biri 1939-cu ildə başlamış İkinci Dünya müharibəsi idi. Bu, əvvəlki müharibələrdən qat-qat dəhşətli idi. Çünki müharibə 65 ölkəni cənginə almış və 50 milyon insanın ölümünə səbəb olmuşdur.

Doğma Vətənimiz bu müharibəyə SSRİ-nin tərkibində qatılmışdı. Başqa xalqlar kimi, Azərbaycan xalqı da insanlığa qarşı böyük təhlükə olan faşizm əleyhinə mübarizə aparırdı. İkinci Dünya müharibəsi təkcə özünü dünyaya ali irq kimi tanıtmağa çalışan Hitler Almaniyasına yox, ümumiyyətlə, faşizm taununa qarşı ədalətli müharibə idi. Azərbaycanımızın paytaxtı Bakı ölkənin cəbbəxanasına çevrilmişdi. 1941-ci ilin sonuna qədər Azərbaycanda 130 növ silah və hərbi sursat istehsal olunurdu. Qələbənin taleyi Azərbaycandan – Bakıdan asılı idi. Qəhrəman neftçilərimiz təkcə 1941-ci ildə cəbhəyə 23 milyon ton neft vermişdi. Bu ən yüksək göstərici idi!
Alman faşizminə qarşı mübarizəyə doğma Azərbaycanımız 600 min qəhrəman oğul və qız yola saldı. Bu gün onlardan biri – tam 4 il ön cəbhədə qanlı döyüşlərdə iştirak etmiş Hüseyn Kazım oğlu Tağıyev haqqında danışacağam.
Hüseyn Tağıyev 1923-cü ildə Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. Sadə bir kəndli ailəsində doğulan Hüseyn orta məktəbi əla qiymətlərlə bitirir. Qeyri-adi riyazi qabiliyyəti olan bu gənc 30-cu illərin sonunda, müəllim kadrlarının çatışmadığı bir dövrdə təhsil şöbəsi işçilərinin diqqətini cəlb edir.
On səkkiz yaşlı Hüseyn məktəbdə riyaziyyat müəllimi işləməyə başlayır. Arzusu işləyə-işləyə ali təhsil almaq idi. Lakin...
Yüzlərlə, minlərlə gənc kimi, Hüseynin də arzusu ürəyində qalır. Müharibə qorxulu kabus kimi ölkənin başı üstünü alır. 1941-ci ilin ortalarında Hüseyn müəllimə Hərbi Komissarlıqdan çağırış vərəqəsi gəlir. Onda onun 18 yaşı təzəcə tamam olmuşdu.
O, Tbilisi şəhərində açılan hərbi kursda təlim keçdikdən sonra leytenant kimi birbaş ön cəbhəyə yollanır. Hüseyn Tağıyev əvvəlcə 77-ci, sonra isə 416-cı diviziyada döyüşür. Bu diviziyalar ancaq azərbaycanlılardan təşkil olunmuşdu. 416-cı diviziya 1943-cü ildə Rostov vilayətinin Taqanroq şəhərini azad etdikdən sonra “Taqanroq diviziyası” adlanır və şanlı bir döyüş yolu keçərək Berlinə qədər gedib çıxır.
Müharibə insanları hər cür çətinliyə tez alışdırır. Hüseyn müəllim qısa müddətdə hərbi istehkam mühəndisliyinin sirlərini öyrənir, ekipaj komandiri kimi düşmənə qarşı mübarizə aparır. Onun döyüş yolu Krımdan, Mozdokdan, Odessadan, Ukraynadan keçərək Berlinə doğru yol alır.
1944-cü il Hüseyn müəllimin son döyüşü olur. Onun komandiri olduğu dəstəyə belə bir tapşırıq verilmişdi. Paraşütlə cəbhənin təyin olunmuş yerinə tullanmaq və düşmənə ağır zərbə vurmaq. Onun paraşütünün yerə çatması ilə yanında bombanın partlaması bir olur. Mərmi torpağın altını üstünə çevirir və o, torpağın altında qalır. Bir də gözünü açanda özünü hərbi hospitalda görür. Özünün təxmini hesablamalarına görə, o, üç gün torpağın altında qalır. Taleyin qisməti yenə köməyinə gəlir. Sağ qalır, ancaq bir il həm nitq, həm də eşitmə qabiliyyətini itirir. O, ömrünün sonuna qədər həm sinəsində, həm də diz qapağında mərmi qəlpəsi daşıyır. Hüseyn müəllim sağalana qədər müharibə qələbə ilə bitir. Bu cəsur naxçıvanlı “Lenin” , “Qırmızı Ulduz”, “Döyüş xidmətlərinə görə”, “Qafqazın müdafiəsinə görə” və digər orden, medal və döş nişanlarına layiq görülür.
Dinc quruculuq illərində Hüseyn müəllim ali təhsil alaraq sevdiyi sənətinə – riyaziyyat müəllimliyinə qayıdır.
Hüseyn müəllimin 9 övladı və çoxlu nəvə-nəticələri var. Nəvə-nəticələr babanın keçdiyi ağır və şərəfli döyüş yolu haqqında xatirələrinə dönə-dönə qulaq asır və bununla qürur duyurlar. Onlar ayrı-ayrı peşə və ixtisasa yiyələnirlər. Ancaq biri – balaca Mənsur bu söhbətlərdən təsirlənir və “mən də böyüyəndə əsgər olacağam”, – deyirdi.
Qarabağ münaqişəsi başlananda Hüseyn müəllimin oğul nəvəsi Mənsur Tağızadə hələ doğulmamışdı. O, 1995-ci ildə Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. Gördüyü filmlərdən, oxuduğu kitablardan, tarixini bildiyi Xocalı soyqırımından ermənilərin vəhşiliyini anlamış və düşmənə qarşı nifrət qəlbində əbədi kök salmışdı.
Babasının tez-tez işlətdiyi “erməni quldurluğu da elə faşizm taunu qədər dəhşətlidir” kəlməsini indi bütün dərinliyi ilə anlayırdı. Qarabağ sevgisi, torpaq həsrəti, düşmənə qarşı nifrət onun hərbçi olmaq arzusunu gerçəkləşdirdi.
Əvvəlcə Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. 2013-2017-ci illərdə Dövlət Sərhəd Xidməti Akademiyasında ali hərbi təhsil aldı. Raket artilleriya silahlarının istehsalı və təmiri mütəxəssisi ixtisasına yiyələndi.
Vətən müharibəsi başlananda o, üç il idi ki, zabit kimi Vətənə xidmət edirdi. 2020-ci il iyulun 12-də Tovuz istiqamətində düşmənin hərbi təxribatı zamanı Mənsur baş leytenant rütbəsini təzə almışdı. General Polad Həşimovun ölüm xəbərini eşidəndə yüzlərlə Azərbaycan vətəndaşı kimi o da daxilən sarsılır. Qəzəblə pıçıldayır: “Qisasın alınacaq, generalım!”
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mənsur ailəsini Naxçıvana göndərir və öz yerini hərbi sirr kimi gizli saxlayır.
30 il ərzində goreşən kimi özlərinə yuva və istehkamlar qurmuş azğın düşmən qəlbində Vətən sevgisi, yurd həsrəti gəzdirən Azərbaycan əsgərinin qarşısında dura bilmir. Kütləvi şəkildə silah-sursatlarını, şəxsi əşyalarını qoyub qaçırlar. Ana torpaqdan güc alan igid əsgərlərimiz 44 gün ərzində bütün qəlbləri ilə sevdikləri Qarabağ torpağını azad edirlər.
44 gün ərzində gecə-gündüz pilotsuz uçuş aparatları ilə düşmənə qan udduran Mənsur sevinc və kədər qarışıq hisslərin məngənəsində idi. Bir- birinin ardınca işğaldakı torpaqlarımızı aldıqca, başda dayısı oğlu Fərmin Əliyev olmaqla, ən yaxın dostlarını itirirdi. Hər şəhid xəbərini alan Mənsurun qəlbində düşmənə qəzəb hissi birə-on qat artırdı. Ürəyində tez-tez: “Baba, sənin paraşütlərini indi mənim pilotsuzlarım əvəz edir”, – deyirdi. Pilotsuz uçuş aparatları artıq el arasında ad almışdı: Düşmənə qan udduran Harop”.
Yaxın döyüş yoldaşlarının ölümündən təsirlənən Mənsur göz yaşlarını qəlbinə axıdaraq: “Vətən sağ olsun!” – deyirdi. Noyabrın 10-da Vətən müharibəsi, düşmənin biabırçı məğlubiyyəti təslim aktını imzalaması ilə bitdi. Faşistlər kimi. Ən yaxın ürək dostlarını itirən Mənsur bir şeylə təsəlli tapdı: Qarabağ işğaldan azad olundu, 30 illik torpaq həsrətinə son qoyuldu.
Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə müharibə iştirakçıları, qazilər, şəhidlər qəhrəmanlıqlarının qiymətini aldılar.
Pilotsuz uçuş aparatları mütəxəssisi kimi, fəal işinə və müharibənin gedişinə müsbət təsir göstərən zabit kimi Mənsur Tağızadə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, “Qarabağ veteranı” adına layiq görülmüşdür.
Mənsur Tağızadənin gələcəkdə nəvə-nəticələrinə bu sözləri deyəcəyinə şübhəmiz yoxdur: “Mənim balalarım, dünyada Vətəndən, doğma yurddan, isti ocaqdan əziz, müqəddəs heç nə yoxdur. Əzab və lənət vətənsizlərin taleyidir. Torpaq üstünə şəhid qanı tökülərsə, Vətən sayılır. Sizin babanız, elə mənim babam da bu torpaq, bu yurd, bu ocaq uğrunda mubarizəyə atılmış və üzüağ, alnıaçıq qalib kimi ad qazanmışdır. Ancaq mən istəmirəm ki, siz bir daha müharibə görəsiniz. İnanıram ki, siz gələcək nəsillərə Vətənimizin çiçəklənməsindən, inkişafından, dünya xalqları arasında tanınmasından və şanlı qədim tarixindən danışacaqsınız”.
Elə biz də inanırıq!

Məlahət Tağıyeva
Babək rayon Şıxmahmud kənd
tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930