SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın ilk qadın kinorejissoru - Qəmər Salamzadə

Azərbaycanın ilk qadın kinorejissoru - Qəmər Salamzadə
5-05-2021, 19:07

Azərbaycan tarixində hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək olan yüzlərlə parlaq şəxsiyyət olmuşdur. Dahilər diyarı olan ölkəmizin qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun və keşməkeşli yolda öz əvəzolunmaz izlərini qoymuş görkəmli şəxiyyətləri saymaqla bitirə bilmərik. Hələ əsrlər əvvələ nəzər salsaq ölkəmizin ictimai-siyasi və mədəni həyatında kişilərlə yanaşı qadınlarımızın da rolunun əvəzsiz olduğunun bir daha şahidi olarıq. Şərqin ilk diplomat qadını Sara Xatun, ilk məşhur Azərbaaycan şairəsi, ilk şahmatçı Məshəti Gəncəvi, qəzəlləri dillər əzbəri olan Xurşidbanu Natəvan və başqa zərif cinsin nümayəndəsi olan görkəmli şəxsiyyətlərimizi buna misal göstərə bilərik. Bu gün haqqında danışacağımız dəyərli qadınlarımızdan biri isə 1908-ci il, mayın 5-də  Culfada görkəmli maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açan, ssenari müəllifi və rejissor Qəmər Salamzadədir.

Qəmər İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirmişdir. Atası Ə.Qəmküsar 1919-cu ildə Tiflisdə menşeviklər tərəfindən qətlə yetiriləndən sonra o Naxçıvana qayıdır və əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşın mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.

Azərbaycanın mədəniyyətində elə bir sahə yoxdur ki, orada Azərbaycan qadını öz izini qoymasın! Millətimizin dəyərli xanımları yalnız aktrisa kimi kinoya xidmət etməyib, rejissor, ssenari müəllifi və operator kimi də bu sahədə laiqli işlər görüb. Elə buna ən gözəl misal olaraq Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin adını çəkmək olar. Bəli, ilk qadın kinorejissor kimi kino tariximizə məhz Qəmər xanım Salamzadənin adı yazılıb.O nəyinki Azərbaycanın, müsəlman şərqinin ilk qadın kinorejissorudur.

Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə "Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, "Əlsiz adamlar”da (1932) rejissor assistenti, "Rəqs edən bağalar” da (1935) II rejissor, "Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), "Səbuhi”də (1941) və "Bir ailə”də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan” sənədli filmində (1938) II rejissor, "Kənd təsərrüfatı sərgisi”ndə (1940) və "Şəfa nəğməsi”ndə (1944) rejissor və digər filmlərdə işləmişdir.

Vaxtilə Bakıda çıxan "Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: "Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Salamzadə”. Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları onun  geniş fəaliyyət göstərməsinə mane olub. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi.

Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti isə Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verə bilib. O Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu.Qəmər xanım əri, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır.

 

Adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmış bütün müsəlman şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadə 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Azərbaycanın kino mədəniyyətinə böyük töhvələr verən dəyərli Qəmər xanımı böyük qürur və iftixarla yad edirik!

 

Abdulla Kərim

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930