SON DƏQİQƏ

naxcivanxeberleri.com

İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN

İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN
15-12-2018, 13:32

Məlum olduğu kimi, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində İslam ölkələri mədəniyyət nazirlərinin III konfransında əldə olunmuş razılığa əsasən islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar hər il İslam ölkələri şəhərlərindən birinin paytaxt seçilməsi qərara alınmışdır. Qərara əsasən ilk belə şəhər 2005-ci il üçün İslam dünyasının baş şəhəri Məkkə seçilmişdir. 2009-cu ildə bu hüquq Azərbaycanın paytaxtı Bakı şəhərinə, 2018-ci ildə isə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinə verilmişdir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar verilən qərar heç də təsadüfi deyil, düşünülmüş bir qərar olmuşdur. Fikrimizcə, Naxçıvan şəhəri bu hüququ özünün zəngin tarixi keçmişi, keçdiyi inkişaf yolu, bugünkü tərəqqisi və əldə olunan böyük nailiyyətlər sayəsində qazanmışdır.

Naxçıvan Muxtar Respublikası, xüsusilə də Duzdağ ərazisində aparılan son tədqiqatlara görə, əsası bir yaşayış məskəni kimi eramızdan əvvəl V minilliyin əvvəllərində qoyulan Naxçıvan ilkin şəhər mədəniy­yətinin yarandığı bir ərazi olmuş, o, təxminən, beş min il bundan əvvəl şəhər kimi formalaşmışdır. Naxçıvan şəhəri, bütövlükdə Naxçıvan ərazisi bir sıra mədəniyyətlərin, o cümlədən Eneolit, Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin yarandığı və ətraf yerlərə yayıldığı bir mərkəzə çevrilmişdir. Bu inkişaf ilk orta əsrlər dövründə də özünü göstərmiş, həmin dövrdə Naxçıvan şəhəri Azərbaycanın yüksək dərəcədə inkişaf etmiş mühüm inzibati-siyasi mərkəzlərindən biri olmuşdur.

Naxçıvan ərazisi islamlaşmadan sonra, xüsusilə İslamın intibah dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, ticari-iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Hətta şəhər X-XI əsrlərdə “Naxçıvanşahlıq” adlı kiçik feodallığın, 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri kimi nəhəng bir dövlətin paytaxtına, Azərbaycan memarlığının mərkəzlərindən birinə çevrildi. Naxçıvan Azərbaycan mədəniyyəti tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi dahi bir memar bəxş etdi. Burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbi formalaşdı. Şəhərdə çoxlu sayda memarlıq abidələri inşa edildi, Yusif Küseyir oğlu, Möminə xatın türbələri, Came məscidi, Dövlətxana və digər bu kimi möhtəşəm memarlıq nümunələri yaradıldı. Naxçıvan şəhəri yüksək inkişaf səviyyəsinə çatdı. Buna görə də gözəlliyinə və ehtişamına görə orta əsr müəllifləri onu obrazlı şəkildə “Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”) adlandırırdılar. Naxçıvan həmin dövrdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. Təsadüfi deyil ki, XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilmiş və onun haqqında aşağıdakı qürurverici sözlər yazılmışdır: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir… Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün ­möcüzədir”.
Orta əsrlər zamanı aparılan quruculuq işləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmamış, diyarımızın hər yerini əhatə etmişdir. Qədim yurdumuzun müxtəlif yerlərində Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi, Ziya-ül Mülk körpüsü, Darkənd günbəzi, Əlincəçay xanəgahı, Qeysəriyyə, imamzadələr kimi nadir tarixi abidələr ucaldılmışdır. Qeyd etmək lazımdır ki, İslamın qəbulundan sonra yaradılan ədəbi və bədii əsərlər, memarlıq nümunələri yerli ənənələri özündə qoruyub saxlamaqla bərabər, həm də islami mahiyyət kəsb etdi. Bu, özünü, xüsusilə memarlıq abidələrində qabarıq şəkildə büruzə verməyə başladı. Müxtəlif təyinatlı həmin abidələrin üzərində ərəb əlifbası ilə kitabələr, o cümlədən Allaha aid kəlamlar, “Qurani-Kərim”dən ayələr, dini xarakterli mətnlər yazılmağa başladı. Beləliklə, orta əsrlər zamanı sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin bir mədəni irs yaradıldı. Böyük bir qismi Azərbaycanda İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələrin çoxu yarandıqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən güclü şəkildə aşınmış, zəmanəmizə yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkə­minə salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və İslamla sıx əlaqədar olan digər abidələrdir. Bu istiqamətdə işlər bu gün də sistemli şəkildə davam etdirilir. Qeyd etmək kifayətdir ki, Ali Məclis Sədrinin 2014-cü il 11 fevral və 2015-ci il 8 oktyabr tarixlərdə imzaladığı sərəncamlar əsasında təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlub­edilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada və XII əsr Azərbaycan memarlığının təkrar­olunmaz nümunələrindən sayılan Gülüstan türbəsində bərpa işləri yüksək səviyyədə başa çatdırılmışdır. Ali Məclis Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Kəngərli rayonundakı XII-XIV yüz­illiklərə aid olan Qarabağlar Türbə Kompleksi yüksək səviyyədə bərpa olunmuşdur. 2016-2018-ci illərdə Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə, Naxçıvan şəhərindəki İmamzadə kompleksi, Babək rayonunun Nehrəm kəndindəki imamzadə, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonunun Qazançı kən­dindəki biraşırımlı körpü bərpa ­olunmuşdur.

Bu abidələrin tədqiqi və təbliği istiqamətində də işlər aparılmışdır. Təkcə 2018-ci ildə Azərbaycan, ingilis və rus dillərində “Qarabağlar Türbə Kompleksi” kitabı, “Naxçıvan imamzadələri”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” haqqında kitabçalar, Yengicə kəndindəki Şərq hamamı haqqında Azərbaycan və ingilis dillərində buklet hazırlanmışdır. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, tədqiqi və təbliği işi çox yüksək səviyyədə aparılır.
Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlər və ziyarətgahlar əvvəlki tarixi görkəminə qaytarılmışdır. Bir sıra kəndlərdə məscidlər və ibadətgahlar tikilərək istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 211 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilmişdir. 139 məscid və 25 pir isə yenidən qurulmuş və ya bərpa olunmuşdur. Hazırda Naxçıvan şəhərinin cənub tərəfində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh Peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında böyük məscid binası inşa olunmaqdadır. İbadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən, kitabxanadan ibarət olan 15 günbəzli məsciddə eyni zamanda 2000 nəfər ibadət edə biləcəkdir.
Muxtar respublikada bu istiqamətdə keçirilən belə tədbirlər isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən qədim diyarımıza gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır. Şübhəsiz ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində sadalanan bu amillər nəzərə alınmışdır.
Ancaq Naxçıvanda müasir infrastruktur yaradılmasaydı, qeyd olunan bütün bu faktlar Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması üçün kifayət etməzdi və o, paytaxt ola bilməzdi. Çünki “İslam Mədəniyyətinin Paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı elan olunması üçün həmin şəhər bir sıra tələblərə cavab verməlidir. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsə­nət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir. Fikrimizcə, şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübə də öz müsbət təsirini göstərmişdir.
Məhz bütün bunlara görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar qərar qəbul edilməsi çox təbii görünür. Bu möhtəşəm tədbirin keçiril­məsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə keçirilən ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”.
Öz qədimliyi və müasirliyi ilə İslam Mədəniyyəti paytaxtları üçün tələb olunan qayda və prinsiplərə cavab verən, dini, milli və etnik tolerantlıq ənənələri ilə seçilən Naxçıvan şəhərində 2018-ci il üçün İslam Mədəniy­yətinin Paytaxtı kimi çoxsaylı tədbirlər həyata keçirilmişdir. İlk növbədə, bu möhtəşəm tədbirin loqotipi hazır­lanmış, muxtar respublika ərazisindəki dini abidələr, məscid və ziyarətgahlar, memarlıq nümunələri və sair haqqında kitablar hazırlanmışdır. “İslamda müdrik kəlamlar”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” kitabları nəşr etdirilmişdir. Naxçıvan şəhərində 7-8 iyul 2017-ci ildə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” və 7-8 sentyabr 2018-ci ildə “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzularında beynəlxalq konfranslar keçirilmişdir. Bu tədbirlər davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tədbirlə əlaqədar belə bir fikir söyləmişdir: “Bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.
20 iyun 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018”in açılış mərasimində iştirak edən yüksək səviyyəli əcnəbi qonaqların belə bir möhtəşəm tədbirin keçirildiyi Naxçıvan şəhəri haqqında təəssüratları dövlətimizin başçısının bu fikri nə qədər uzaqgörənliklə söylədiyini göstərdi. İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri açılış mərasimində demişdir: “Mən ilk dəfədir, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir…” Bu fikirlər İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanın ümumi mənzərəsi haqqında aydın təsəvvür yaradır.

İSESKO-nun Baş direktorunun, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin və bir sıra İslam ölkəsinin mədəniyyət nazirlərinin və nazir müavinlərinin, diplomatik nümayəndələrinin iştirak etdiyi “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri bütün dünyanın diqqətini tarix qədər qədim Naxçıvana yönəltdi. Fikrimizcə, 2018-ci ili İslam Mədəniyyətinin Paytaxtı kimi uğurla başa vurmaqda olan Naxçıvan şəhəri sadaladığımız bütün cəhətləri ilə yeganə nümunə kimi tarixdə böyük iz buraxacaq və yaddaşlara əbədi olaraq həkk ediləcəkdir.

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü



İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN
İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN
İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN
İslami dəyərlər və dini-tarixi abidələr məkanı NAXÇIVAN

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930