SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan hekayələri Fransada təqdim olundu

Azərbaycan hekayələri Fransada təqdim olundu
25-03-2019, 13:04

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Məlumata görə, Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb.

Tədbiri giriş sözü ilə moderator, professor Tyeri Edmond açaraq, sözü əvvəlcə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova verib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” Nəşriyyat Evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə rolu oynadığını bildirib.

Daha sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuda verilib. Tədbir iştirakçılarına Mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verən A.Məsud ədəbiyyatın ali missiyasından – ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olduğundan, tarix boyu bədii ədəbiyyatın bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatdığından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada tanıdılması işinə göstərdiyi qayğı və diqqəti vurğulayıb.

Sonra söz alan Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında geniş məlumatla çıxış edib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer antologiyaya daxil edilmiş əsərlərlə bağlı fikir və dəyərləndirmələrini bölüşüb və Mir Cəlalın “Dissertasiya” hekayəsin­dən bir parçanı səsləndirib.

Tanınmış fransız yazıçı Mişel Kop onu xüsusilə təsirləndirmiş hekayələrlə bağlı təəssüratlarını bildirib və çıxışını A.Məsudun “Dovşanın ölümü” hekayəsinin oxunuşu ilə bitirib.

Daha sonra tənqidçi Jan Emmanuel Medina çıxış edərək, ərsəyə gətirilmiş kitabın hər iki ölkənin mədəni-ictimai həyatında əhəmiyyətli hadisə olduğunu qeyd edib.

Sonra “Kapaz” Nəşriyyat Evinin rəhbəri Albert Vak, əməkdaşlar Nicat Kazımov və Dilbadi Qasımov çıxış edərək, qarşıda duran perspektiv layihələr haqqında danışıblar.

Tədbirin sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar və qonaqlara furşet təqdim olunub.

Kitabın yaxın zamanlarda Paris, Tuluza, Anje və digər şəhərlərin mərkəzi kitab­xanalarına, universitetlərinə yerləşdiriləcəyi, silsilə təqdimatlarla Fransanın ədəbi ictimaiyyətinə təqdim ediləcəyi gözlənilir.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930