SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalçalarımızda tariximiz, keçmişimiz yaşayır

Xalçalarımızda tariximiz, keçmişimiz yaşayır
25-07-2020, 06:36

İşıqların iki saatdan bir yanan vaxtları idi.Soyuq, həm də vahiməli qış gecələri canımıza qorxu, vəlvələ salmışdı. Pəncərəni donduran buz parçaları da iki gün idi ki, şəklini dəyişdirməmişdi. Çovğun arabir qapının ağzında ipə atılan balaca xalçanı var gücü ilə yellədirdi. Evimizin ağbirçəyi, 86 yaşlı nənəmpəncərənin qarşısında dayanmışdı. Ev soyumasın deyə, qapını da aça bilmirdi. Diqqətli baxışlarla köhnə xalçasını gözündən qoymurdu.Ailə üzvlərinin söhbətlərinə məhəl qoymadan nəzərləri xalçada qalmışdı. Ürəyindən keçən fikirləri, qorxuları gözləri danışırdı:sanki külək o köhnə xalçanı aparacaq, o da bizi daha qapıda qarşılamayacaqdı...

Nənəmin təlaşını görüb bu köhnə, nimdaş xalçanı niyə bu qədər əzizləməsinisoruşdum: – Ay nənə, bu köhnəlmiş xalça sənin üçün niyə bu qədər əhəmiyyətlidir? Çöldə asılan təzə xalça heç yadına düşmür. Köhnə xalçadır, qoy elə külək aparsın, – demişdim ki, nənəm qaşlarını çataraq: – Allah ağzından alsın, ay bala... O necə sözdür? Sənin xəbərin var o xalçanın tarixindən? Bilmirsən mənim üçün necə qiymətlidir. Mən deyim,sən də qulaqlarını aç eşit, bildiklərindən sonra görəcəksən ki, sənin düşündüyün köhnə xalça çox dəyərə malikdir. Görəcəksən ki, köhnə dediyin o xalça milli dəyərlərimizin bu günü, keçmiş xatirələrimizin izidir. Nənəmin söhbəti bizdə də o köhnəlmiş xalçaya maraq oyatmışdı. Evimizin ağbirçəyi deyirdi ki, hələ mən balaca olanda bundan da çətin illər idi. Müharibənin yaratdığı çətinliklər evdən-eşikdən didərgin salmışdı camaatı. Atam müharibəyə getmişdi. Anam isə xalça toxuyub sataraq bizə çörəkpulu əldə edərdi. Göz nuru, əl zəhməti bahasına başa gələn xalçaları gah yaxşı, gah da ki dəyər-dəyməzinə satıb gələrdi. Gün gəldi, ay keçdi, anam bərk xəstələndi, bu sənətin sirlərini evin böyük qızı olduğum üçün mənə öyrətməyə başladı. Mən də anamın köməyi ilə qaranlıq gecələrdə şam işığı ilə xalça toxumağa başladım. Anamla yeganə toxuduğum xalça, bax o dediyin köhnə nimdaş xalça oldu ki, onda mənim də, anamın da əl izləri var... O xalçada bizim çətinliklərimiz, həyat hekayələrimiz var... Nənəmin söhbətindən sonra o xalçanı götürüb mən də əzizləyib evdə yadigar kimi saxladım. O gündən sonra xalçalar haqqında düşüncələrim də dəyişdi. Öyrəndim ki, milli-mənəvi dəyərlərimizdə yer alan, əl əməyi, göz nuru olan xalçalar bizə nənələrimizdən qalan ən dəyərli xəzinədir, mirasdır.Arxeoloji materiallar, orta əsr qaynaqları və bir sıra digər qaynaqlar Naxçıvanda xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etməsini göstərir. AMEA Naxçıvan Bölməsinin, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Fəxrəddin Səfərli “Naxçıvanda xalçaçılığın inkişaf tarixindən” adlı elmi məqaləsində qeyd edir: “ Bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlmiş, erkən orta əsrlər zamanı müstəqilsənət növünə çevrilmişdir. Bu dövrdə Azərbaycanın birsıra şəhərlərində, o cümlədən Naxçıvan şəhərində xalçaçılıq nəinki inkişaf etmiş, hətta böyük şöhrət qazanmışdır”.

Məqalədə oxuyuruq: “X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq o dərəcədə yüksək inkişaf səviyyəsinə çatmışdı ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunmuşdur. Görkəmli xalça ustası və tədqiqatçısı Lətif Kərimov bu haqda qeyd edir ki, orta əsr Azərbaycan şəhərlərində istehsal olunan xalçaların bədii tərtibatında Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əhməd Əyyub oğlu Naxçıvani kimi görkəmli Azərbaycan sənətkarlarının yaxından iştirak etdiyini ehtimal etmək olar”. Bu mirası qoruyan və xalçalarımızı təbliğ edən Naxçıvan Dövlət Xalça Muzeyi bu gün böyük bir missiyanı yerinə yetirir. Burada sərgilənən eksponatlarda ulu nənələrimizin nəfəsi toxunan ilmələr və müxtəlif əl izləri, ən əsası da milli dəyərlərimiz yaşayır. O xalçalarda onların həyat hekayələrinə, ağrılı-acılı günlərinə şahidlik edən miraslar, ənənələr var. Xalçaların qorunduğu məkanda olmaq, burada çalışanlarla söhbət etmək, ilmə-ilmə toxunuşları hiss edib bu ənənəni yaşadanlar haqqında nənəmin dediklərindən daha çox şeylər öyrənmək istəyirdim. Muzeyin bələdçisi Sevinc Səbzəliyevanın söhbətini muzeydə təşkil olunmuş onlayn ekskursiya zamanı dinlədim. Ətraflı məlumat verən bələdçi bildirdi ki, milli dəyərlərimizin yaşadığı muzey 1998-ci ildə yaradılıb. 2010-cu ildən isə yeni binada fəaliyyətini davam etdirir. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb, ekspozisiyası yenidən təşkil olunub. Dünəndən bu günə, bu gündən isə sabaha yaşadılan milli dəyərlərimizin daşıyıcısı olan muzeyin fondunda 4000-ə yaxın eksponat toplanıb. Onların 400-dən çoxu ekspozisiyada nümayiş olunur. Burada Naxçıvan qrupuna aid bir-birindən gözəl xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyaları yer alıb. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, süjetli portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eksponatlar bizə ulu keçmişimizdən soraq verir. Burada ibtidai dövrləri gözlərimiz önünə gətirən eksponatlar da var. Keçə-xalçalar bu kateqoriyadan hesab edilir. Həmçinin qamış yarpağından toxunan və el arasında “həsir” adı ilə tanınan çətən toxuculuq nümunəsi də xüsusi diqqətə layiqdir. Sonralar isə xovsuz xalçalar meydana gəlir ki, bunlar da – palaz, cecim, kilim, zili, şəddə olub. İnkişafın sonrakı mərhələsini də xovlu xalça nümunələri təşkil edib. Bu xalçalara gözəllik verən isə onun üzərində təsvir edilən bir-birindən gözəl və fərqli naxışlardır. Bu naxışları sənətşünaslarımız həndəsi, zoomorf, nəbati və antropomorf naxışlar olmaqla, 4 qrupa ayırıblar.

Naxışlarda insan, heyvan təsvirləri var. Ornamentli, süjetli xalça qrupları da özünəməxsusluğu ilə seçilən nümunələr sırasındadır. Çeşni rəngarəngliyi, bəzək məziyyətləri, texnoloji xüsusiyyətləri, nəbati motivli ornamentləri, klassik naxışları ilə fərqlənən xalçalarımız uzun inkişaf yolu keçərək bu günümüzə gəlib çıxıb. 2010-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçası bu mötəbər qurumun mədəni irs siyahısına daxil edilib. Artıq bədnam ermənilər ata- babalarımızın evlərindən oğurladıqları xalçaları özlərininki kimi təqdim edə bilmirlər. Çünki Azərbaycan xalçalarının kimə məxsusluğunu təsdiqləyən pasportu – kataloq və lazımi sənədləri beynəlxalq şəkildə təsdiq edilib. Bu addımdan sonra səsi soraq-soraq, el-el gəzən milli dəyərlərimiz hesab edilən xalçalarımız əsrarəngizliyi ilə dünyada daha böyük şöhrət qazandı. Təkcə bir faktı xatırladaq ki, 2010-cu ilin noyabr ayının 15-də Böyük Britaniyanın London şəhərində təşkil olunan “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” adlı sərgidə Böyük Britaniyanın mədəniyyət naziri Ed Veyzi sərgilənən xalçalara baxaraq öz təəssüratlarını heyrətli bir ifadə ilə dilə gətirmişdi: “Azərbaycan xalçaları əsrarəngizdir”. Sorağı xarici ölkələrdən gələn xalçalarımız bu gün muzeydə etibarlı şəkildə qorunub saxlanılır, buraya üz tutanlara nümayiş etdirilir. Xalçalarımız milli-mənəvi irsimiz, dünənimiz, bu günümüz və sabahımızdır.


Türkan HÜSEYNLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31