SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nəsildən-nəslə ötürülən qədim el sənəti

Nəsildən-nəslə ötürülən qədim el sənəti
18-07-2020, 13:42

Qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir. Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən götürür. Muxtar respublika ərazisində aparılmış arxeoloji qazıntılar xalq yaradıcılığının mühüm qolu olan el sənətkarlığının 5-7 min illik inkişaf dövrü keçdiyini sübuta yetirir. Qədim xalq sənəti olan dulusçuluq və daşişləmə, ağacişləmə, misgərlik, dəmirçilik və sair milli dəyərlərimizi özündə aşılayaraq müasir dövrümüzdə də yaşadılır. Muxtar respublikamızın digər bölgələri kimi rayonumuzda da el sənətini yaşadanlar və ondan gəlir mənbəyi kimi istifadə edənlər az deyil.

Tarixi minilliklərlə ölçülən, dulusçuluq sənətinin bir növü olan təndirqoyma bu gün də gündəmdədir. Günümüzdə çörək bişirmə sahələrində müxtəlif texnologiyalardan istifadə olunsa da, əcdadlarımızdan qalmış “təndirə çörək yapmaq”ənənəsi rayonumuzun kəndlərində qalmaqda və inkişaf etməkdədir. Muxtar respublikamızda turizmin inkişafı ilə əlaqədar təndir çörəyinə və təndir kabablarına marağın artması təndirlərin hazırlanmasına böyük ehtiyac yaradıb. Məhz buna görədir ki, Yaycı kəndində bir çox ailələr təndir hazırlamaqla məşğul olur və ondan qazanc əldə edir. Təndir qoymaq çətin bir işdir. Yaycı kəndində təndir qoyan sakinlərdən biri də Sevda Cəfərovadır. Kəndin toymərasim yeməklərini bişirən Sevda Cəfərova bu sənətin onlarda nəsildən-nəsilə keçdiyini bildirdi. -Demək olar ki Yaycı kəndində bütün evlərdə təndir var. Hələ qədim evlərdə yeraltı təndirlər də qalmaqdadır. İndi hazırladığımız təndirlər yerüstüdür. Yerüstü təndir yeraltı təndirdən daha rahatdır. Çünki yeraltı təndir çox yanacaq tələb edir. Yerüstü təndirdə isə az yanacaqla və rahat, əziyyətsiz işini görürsən. Yerüstü təndiri hazırlamaq 5 günə başa gəlir. Təndirin hazırlanmasında keyfiyyətli torpaqdan istifadə olunmalıdır. Gilli sarı torpağa “keçi qəzili”əlavə olunmaqla palçıq hazırlanır. Hazırlanmış palçıq acımalıdır.

Təndirin keyfiyyətli olması üçün palçıq hər gün bir dəfə qatılmalıdır. Palçıq acıdıqdan sonra təndirin badı (divarı) qoyulur. Təndirin dairəsi yuxarıya doğru getdikcə kiçilir. Normal təndirin ağız divarının diaqonalı 55, ortasının diaqonalı 80 santimetr, hündürlüyü 1 metr olur. Hava çəkməsi üçün təndirin alt hissəsinə deşik (külfə və ya külüfürən deyilir) qoyulur. Çörək bişirmək üçün ən rahatı yerüstü təndirdir ki, ondan da səmərəli istifadə olunmalıdır. Bad nə qədər qalın olsa da palçıqdan olduğu üçün təndiri qar-yağışdan, sudan, nəmdən qorumaq lazımdır. Söhbət zamanı Sevda xanım onu da bildirdi ki, təndirlərdən düzgün istifadə etmədikdə tez çatlayır. Təzə təndirdən istifadə edənlərə məsləhətim budur ki, öncə çox zəif od yandırsınlar. Zəif od yanarkən təndir qızaraq bərkiyir. Buna el arasında “təndiri bişirmək”deyilir. Bu cür etsələr təndir çox keyfiyyətli olar, nə çat yaranar, nə də bad qopar. Sevda Cəfərovadan: - Təndirlərin alıcısı olurmu? deyə soruşduqda bildirdi ki, alanlar, maraqlananlar, hətta sifariş verənlər çoxdur.

Çox vaxt fərqli ölçülərdə sifariş verənlər olur. Mən istəyə görə təndir hazırlayıram. Təndir çörəyinin dadını bilən hər kəs istər şəhərli olsun, istər kəndli istəyir ki, həyətində təndiri olsun. Hazırladığım təndirlərdə təkcə çörək bişirilmir. Təndir kababı, ləvəngisi, kökəsi öz dadı-tamı ilə seçilir. Həmçinin təndirdə bişirilən çörək və kökələr, kətələr nə qədər qalsa da boyat olmur. Öz dadını saxlayır. Kəndlərimizdə ailə təsərrüfatlarında hazırlanan təndirlərə maraq çoxdur. Elə buna görədir ki, bizim də kəndimizdə bir çox ailə bu sənətlə məşğuldur. Yaxşı haldır ki, bu sənəti öyrənmək istəyən gənclər də çoxdur. Biz də həvəslə bu sənətin sirlərini onlara öyrədirik. Təndirin qiyməti ilə maraqlandıqda Sevda xanım qeyd etdi ki, burada qiymət ölçüyə görədir. Böyük-kiçikliyinə görə təndirin qiyməti dəyişir.

Səriyyə SALAHOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31