SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tarixin daşdan izi- qədim evlər-FOTO

Tarixin daşdan izi- qədim evlər-FOTO
17-07-2020, 23:18

Tarixin izinə düşmək üçün yalnız arxiv materiallarına, yazılı kitablara, elmi əsərlərə ehtiyac duyulmur. Bəzən bunu görməsək də, içdiyimiz su, üzərinə basdığımız torpaq, milyon illər əvvəldən bizə həyat verən hava özü də tarixdir əslində. Bu tarix yazıla bilmədiyi üçün onu yalnız hiss etməklə, duymaqla, fərqinə varmaqla “oxumaq” olar. Addımladığım ara küçələrdə indiyə qədər fərqinə varmadığım bu sirli tarixi duya bildim. 

Çox insanın unutduğu, cığır izlərinin itməyə başladığı yollarda daha bir “tarix” kəşf edə bildim. Əksəriyyətində kimsənin yaşamadığı, divarlarının uçub töküldüyü və ya az bir hissəsinin bərpa edilərək içində yaşanılan tarix. Vətənin torpağı, suyu qarışan, on illər bundan əvvəl yaşayan babalarımız əlləri ilə inşa etdiyi “tarix”. Toxunula, görülə bilən tarix..

    Əslində bu “tarix” digərlərindən biraz fərqlənir. Çünki çoxuna yurd ola bilib. Yalnız kənardan izləməyib insanlar onu. Yaşayıb, düzəldib, qurublar həm də. Səhər oyananda da, gecə yuxuya gedəndə də bu tarixin içində olublar. Ata-babadan miras qala bilir bu tarix. Kimlərinsə şəxsi mülkündə yaşayıb, var olur...

    Önündən keçdiyim yaşayışın olmadığı evlərdə belə onun əvvəlki halını, içində yaşayanların hənirtisini, səsini duya bilirdim. Nəmişlik basmış, yağışın qarın yuduğu əsrarəngiz tarix. Yalnız kənardan izlənilən deyil, yurd, yuva olan tarix..

 

 Əslində müxtəlif bölgələrimizdə, xüsusən Ordubad ərazisində belə evlər çoxdur. Amma qədim tayfaların yaşayış yeri olan Naxçıvanda da bu evlərin sayı kifayət qədərdir. Şəhərin müasir, görkəmli binaları arasında diqqət çəkməsə də hər addımda qarşımıza çıxırlar. Ən sevindiyim məqam isə bu evlərin şəhərin mərkəzi küçələrində belə qoruna bilməsidir. Qoca ahılla bir gəncin yanaşı durmağı qədər bədiidir bu mənzərə. İnsanı valeh edir. Köhnə qapıları, sınıq taxta pəncərələri, torpaq yolları, yorğun görünüşü ilə ovsunlayır səni. Necə ki yaşlı insanlar səninlə ünsiyyət qurarkən keçmiş xatirələrindən danışırlar. İlk sözləri də “mən cavanlıqda bilirsən necə idim?” tipli olur. Eləcə də bu ahıl evlər sənə öz keçmişindən danışır. Görünüşünə baxanda düşünürsən ki,  “necə də gözəl olub əvvəl”. Siması “qocalsa” da, gözlərində parıldayan gənclik işığını görə bilirsən. “Heyf” deyirsən ürəyində. Belə biri də “qocalarmı”?! Amma sonra anlayırsan ki, qocalıq həmin simanı başqalaşdırıb. Hamıdan fərqli çalarlar qatıb ona. Buna görə müdrikləşə, möhtəşəmləşə bilib..

   Əslində bu evləri tarix kimi təqdim etməyim yersiz deyil. Bu evlər xan, bəy nəslindən olan babalarımızın həyat tərzini, qədim memarlıq sənətimizi, məişətimizi özündə daşıyır. Nə qədər dünya müasirləşsə də qədimlik öz sehrini qoruyub saxlayır. Bu evlərin əksəriyyətində olan eyvanlar, yardımçı tikililər, həyətyanı sahələri onillər əvvəlin “canlı” şahididir. Bu evlərdə yaşadılıb indi çox az xatırladığımız qonşuluq münasibətləri. Bu evlərdə yaşadılıb adət-ənənələrimiz, yardımlaşma, birlik olma amalımız. Bu evlərdə yaşayıb “köhnə kişilər”, xanım-xatın analar. Bu evlərdə böyüyüb düşməni lərzəyə salan oğullar...

   Düzdür, artıq müasir evlər, uca binalar şəhərdə daha çoxdur. İqtisadi inkişaf insanların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olub. Onlar da bu köhnə evləri yenidən quraraq, müasirləşdiriblər. Amma qeyd etdiyim kimi, şəhərin mərkəzində belə bu evlərin qoruması onların bəzilərinin hələ də qalmasına səbəb olub. Şəhərin müxtəlif küçələrini gəzərək onlardan bəzilərini tapa bildim. Təsadüf nəticəsində isə Naxçıvan Dövlət Tarix Muzeyində də şəkli saxlanılan şəhərin ən qədim evlərindən birini tapdım.  Xatirə Muzeyinin arxasında yerləşən bu evin əzəmətini sözlə ifadə etmək çətindir.

Hazırda babalarından qalan bu evdə yaşayanlar var. Evin bir hissəsi bərpa olunub. Digər hissəsi isə olduğu kimi qalır. Həyətdə və zirzəmidə saxlanan əşyalar isə sözün əsl mənasında tarixdir. Köhnə sandıq, masa və digər məişət əşyaları... Ev sakinlərinin dediyinə görə, əsrdən çox yaşı olan bu ev Mir Sadıq ağa tərəfindən tikilib. Sonradan onun qızı ilə ailə quran Məsmalı bəy evi yenidən evi düzətdirir və orada yaşamağa başlayır. İndi isə bu evdə onun nəvələri yaşayır.

   “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır” deyir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri. Bu fikir isə görülən işlərlə, tarixə sahiblik prinsipi ilə dəstəklənir. Şəhərimizin mərkəzi küçələrində belə qorunan, mühafizə olunan tariximizin bu daşıyıcılarını- qədim evləri görə bilərik. Əslində inkişafın da ən böyük göstəricisi bu deyilmi? Tarixini dərk edərək, onu qoruyaraq müasirləşmək. Bir tərəfdə dünəni, digər tərəfdə bu günü mühafizə etmək..

Səriyyə Alməmmədova

“Naxçıvanın Səsi” radiosunun əməkdaşı

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir” 

 




























































































Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31