SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nağı Nağıyevin əsərlərinin bədii dili və ana dili məsələləri

Nağı Nağıyevin əsərlərinin bədii dili və ana dili məsələləri
13-07-2020, 17:22

Görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, maarifçi, ictimai xadim, redaktor, rəssam Nağı Nağıyev 70 illik şüurlu ömrünün 40 ilini bədii yaradıcılığa həsr etmişdir. O, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bir neçə səhnə əsəri, bir çox hekayə, oçerklər və ilk irihəcmli əsəri olan “Həsrət” romanını bəxş etmişdir. Bütövlükdə, Nağı Nağıyev 2 roman, 4 povest, 6 səhnə əsəri, 29 bədii və satirik hekayə, 43 miniatür yazı, 4 xatirə və 9 oçerkin müəllifi olmuşdur.
Hər bir əsərin arxasında onu yazan şəxsin xarakteri dayanır. Əsərlərindən yazıçı Nağı Nağıyevin nə qədər ciddi, milli-mental dəyərlərə bağlı bir ziyalı olduğu açıq-aydın hiss olunur. Dilindəki səmimilik, xalq yaddaşına enmək əsrlərdən bəri xalq dühasının yaratdığı atalar sözləri, məsəllər, idiomatik ifadələrdən – bir sözlə, frazeoloji birləşmələrdən şüurlu surətdə istifadə etmək onun yaradıcılığının əsas qayəsidir.
Yazıçının əsərlərində üslubi rəngarəngliyi ilə seçilən antroponimlərin də tədqiqi maraq doğurur. Xarakterin açılması, obrazın daxili aləminin verilməsi üçün müəllifin istifadə etdiyi vasitələrdən biri də personajlara verilən adlardır. Adlar obrazın əsərdəki mövqeyi ilə bağlı olur, bədii əsərdə həmin adlar vasitəsi ilə müxtəlif müsbət və mənfi cəhətlər ümumiləşdirilir. Ad seçmək yazıçıdan bacarıq tələb edir, ad obrazın xarakterini açmalıdır, çünki oxucunu obrazların adı da cəlb edir.
Onun əsərlərində həm baş qəhrəmanlarda, həm də kiçik obrazlarda istifadə olunan şəxs adlarının semantikası maraqlı faktlarla xarakterizə olunur. Daha da dəqiqləşdirmə aparmaq üçün aşağıdakı şəkildə təsnifləndirmək də olar: sadə xalq nümayəndələrinin kişi adları: (Cəmil, Ramiz, Nadir, Polad, Cəlal, Zəka, Aslan, Zakir, Nüsrət, Bəhram, Azər, Nemət, Qiyas, Paşa, Mütəllim, Arif, Eldar, Adil, Aslan, Nəriman, Səməd, Murad və s.); qadın adları: (Gülnar, Mehriban, Şölə, Sürəyya, Validə, Gülşən, Vəfa, Rəxşəndə, Tərifə, Dilşad, Xeyrənsə, Rübabə, Şəmsiyyə, Təranə, Sənubər, Sərvinaz, Nərgiz, Zərifə, Ceyran və s. ); dini mənşəli adlar: (Həsən, Əli, Rəsul, Qasım, İmran, Mahmud, Ələkbər, Məzahir, Tofiq, Qəzənfər, Yusif, Müslüm, Həzrətqulu, Əbdüləli, Ramazan, Əkrəm, Nəcəf və s.). Bu seriyadan olan adlarla bağlı “Qaranlıq qovuşanda” romanında rast gəldiyimiz bir nümunəyə diqqət edək: “Mənim adım Ziyadəddindir, Seyid adıdır, hərdən Ziyad çağıran da olur”. Nağı Nağıyevin əsərlərində Azərbaycan mənşəli adlarla yanaşı, rus mənşəli adlar da (Nadiya, Polina, Mariya, Olqa-Xristiana, Lyuba, Kuzmiç, Kapyov, Kostya, Seryoja, Pavluşa, Alyoşa, Valentina, Alena və s.) müəyyən yer tutur.
Yazıçı bəzən əsərlərinin adını da şəxs adlarından seçir: “Cəmil və Gülnar”, “Səadət və Sədaqət”, “Əbdüləli”, “Nəzakət xanım” və s. kimi əsərlərində qəhrəmanlarının adlarını sərlövhəyə çıxarmışdır.
Antroponim yaradıcılığında başqa bir cəhət qeyri-real adların yaradılmasıdır. Məlumdur ki, uydurma və ya süni ad yaratmaq çətindir. Gərək müəllif əsərin hadisələri ilə onun iştirakçılarını uyğunlaşdıra bilsin. Qeyri-real adlara rast gələrkən, əsəri oxumazdan əvvəl artıq obrazın hansı xarakterdə olması anlaşılır. Onun “Həsrət” romanında Köçərov, Şahgəldiyev, Mehnazoğlu, “Hal əhliləri” povestində Heybətov, Köçərov, Gülməliyev, “Dostlar” pyesində Xoşavazov, “Bir rəsmin tarixçəsi” povestində Ləyaqət Şirmətov (“Əsl insanlar unudulmur” pyesində də Şirmətov familyasına rast gəlinir – Z.İ.) və s. kimi qeyri-real familiyalardan istifadə etməsi diqqətçəkən məqamlardandır. Onun “Əmioğlular”satirik hekayəsində Hüseynbala, Gülbala, “Qonşular” satirik hekayəsində Qumaş və s. kimi uydurma adlar da oxucunun təbəssümunə səbəb olan məqamlardandır.
Nağı Nağıyevin bədii əsərlərində yazıçının ideya-bədii məqsədlərini təmin edən ləqəblər diqqəti daha çox cəlb edir. Xalq ənənəsindən gələn adamların xarakterinə uyğun ləqəblər qoymaq qədimdən bəri bizim kəndlərimizdə adət olub. Bədii dilin gözəlliyi onun həyatiliyindədir. Buna görə də yazıçı üçün ilkin şərtlərdən biri həyatın içində baş verən hadisələrə, əhvalatlara, obrazlara təbii yanaşa bilməsidir. Nağı Nağıyev surətlərə bədii don biçərkən onun yaradıcılıq məhsulu olmasına baxmayaraq xalq necə çağırırsa, o da elə müraciət edir. Onun müxtəlif əsərlərində rast gəldiyimiz ləqəblərə diqqət yetirək: məsələn, “Qəribə bir təsadüf” hekayəsində “başmaqçı Xəlil” ləqəbi personajın peşəsini, sənətini, məşğuliyyətini bildirmək funksiyasını daşıyırsa, “Həsrət” romanındakı “Çopur Məhi”, “Dilişirin İbad”, “Yer altında” povestində “Qara dayı” (“hamı onu “Qara dayı” deyə çağırır”, Qoca Pavluşa və s. obrazın xarici qüsurlarını diqqətə çatdirmaq məqsədilə istifadə olunan bədii üslubi vasitələrdir.
Nağı Nağıyev əsərlərində ayamalardan müxtəlif məqsədlə istifadə etmişdir. Obrazların əxlaqi dəyərlərini, mənfi xüsusiyyətlərini diqqət mərkəzinə gətirmək üçün müraciət olunan ayamalara nəzər edək: “Kənddə İbad “Şeytan” ləqəbli ilə, Paşa isə əvvəllər “Sözbaz Əli” adlanan, sonralarsa “Çömçə” ləqəbi alan atası ilə məşhur idi: “Çömçə oğlu Paşa” da deyirdilər”, “Vallahi, bir qara-qışqırıq salaram ki, bütün şəhər tökülər bura! Mənə də qaraçı Xəccə deyərlər!”.
O, bəzən əsərində oxucuda obraza münasibəti formalaşdırmaq üçün ləqəblərdən istifadə etmişdir. İnsanların həyatında və ya həyat tərzi ilə əlaqədar olaraq sonradan əmələ gələn ada əlavələrə şəxsin vərdiş etdiyi adətləri, əxlaqi keyfiyyətləri tənqid etmək məqsədi ilə müraciət edir. “Atalar” hekayəsində övladları üçün çalışan, ailəcanlı Murada “can adamın öz canı, qarın adamın öz qarnı, kef adamın öz kefidir!” – deyən İman bu ləyaqətsiz “məsləhəti” də “sırğa elə, as qulağından” tövsiyəsini verir. Bu müdrik el kəlamından öz iyrənc düşüncəsini həyata keçirmək üçün istifadə edir. Ailə dəyərlərinə üstünlük verməyən “qarın qardaşdan irəlidir” düşüncəsi ilə yaşayan, xalq malına, yetim haqqına göz dikən, acgöz və nadan İman elə bu tip mənfi xüsusiyyətlərinə görə “Eşşək İman” ayamasını qazanıb. Ayaması ilə xarakteri çuğlaşan, ayamasına layiq həyat tərzi olan bu mənfi tip haqqında əsərin sonunda belə yazılır: “Həmişə yeməyi az qala gözünə soxardı. Yalnız çox yemək xatirinə aşpazxanada tez-tez növbətçi durar, maarifin anbarından gətirilən ərzağı dalına şələlər, şər boyu gətirib məktəbə çatdırardı. Buna görə də uşaqlar ona “Camış” adını qoydular. Sonra maarifdən ərzaq gətirməyini görəndə adını “Maarif eşşəyi” qoydular. Bir gün öz aramızda dedik ki, maarif adam hazırlayır, belə ad münasib deyil. Odur ki, gəlib əsl adını tapdıq. O gündən oldu “Eşşək İman” - Nə yaxşı ad qoyublar. Əhsən bu adı tapana!
Bədii əsərin dili və üslubunun təhlili zamanı bəzən kiçik əhvalatlara, epizodlara daha çox diqqət yetirilməlidir. Kiçik detallara, zahirən xırda görünən təfərrüatlara ikinci dərəcəli məsələ kimi baxarsaq, yazıçının məqsədini tamamilə dərk edə bilmərik. Cəmiyyətin həqiqətləri onu əmələ gətirən sadə insanların timsalında gizlənir. Əgər belə pis əməllərdən sadə xalq nümayəndələri narazıdırsa, deməli, mövcud hökumət də səhv yoldadır. Bax, sadə kənd əhlinin kiçik məmurun əməllərindən təngə gələrək ona “Eşşək” ayamasını qoşmasını yazıçı möhtəşəm bədii dillə, gülüş priyomu ilə çatdırır. Bu nümunələri oxuyarkən İsa Hüseynovun Qaracılar kəndində suçu işləyən Koxanın insanların əməllərinə görə onları qorxuya və təşvişə salan adların yanına qoşulan ləqəblərdən, ayamalardan bəhs edən “Kollu Koxa” povestindəki bu məqam yada düşür: “Necə bilirsiniz, Koxa düz demir? Xeyir, Koxa düz deyir. Ona görə də camaat inanmayanda o, belə deyir: - Açın ürəyinizi. Ürəyinizə baxın. Ləqəbləriniz ordadır. Kimin ürəyi necədir, vicdanı necədir, ləqəbi də elədir. Hamı susdu. Hamı yerə baxırdı. Hakim qızarmışdı”.
Nağı Nağıyevin əsərlərində ləqəblərin hamısı eyni məqsədlə işlədilməmiş, eyni üslubi funksiya ilə yüklənməmişdir. Obrazların məşğuliyyətini, peşəsini, əxlaqi dəyərlərini, mənfi xüsusiyyətlərini, bəziləri xarici qüsurlarını diqqətə çatdirmaq məqsədilə istifadə olunmuşdur. Yazıçının obrazların öz hərəkət və əməllərinə, dünyagörüşlərinə, həyata baxışlarına, insana münasibətlərinə, cəmiyyət içərisində özlərini aparma rəftarına görə seçdiyi dürüst ayamalar, ləqəblər oxucuda da məmnunluq yaradır.
Nağı Nağıyevin satirik hekayələrində xudpəsəndlik, şöhrətpərəstlik, ümummilli mənafeyə zidd hərəkətlər və s. kimi halları ifşa edərkən müxtəlif mövzulara toxunur. O, məqsədinə uyğun olaraq maraqlı dil faktları seçir. Yazıçı “Mübahisə” hekayəsində yas mərasimində baş verən bir mübahisəni və höcətləşmə əsnasında baş verən hadisəni ədəbiyyata gətirərkən ərəb əlifbasını bilməyən, işlətdiyi ifadənin mənasını dərk etməyən bəzi mollaların dil və üslub tərzini tənqid edir. “A kişi, bir para adamlar lap əclaflaşıblar! Hansı qulluğa qoyurlar, deyir, bura mənim dədəmindir, ağa da mənəm, ağacan da!”. Peyğəmbərimizin buyruğuna əməl etməyən, el məclislərində xalqı maarifləndirməyə xidmət etməyən söhbətlər edən bisavad molların hikmətdən uzaq düşüncələrini müzakirə müstəvisinə gətirir. Hətta “Yasin” surəsini, bir para süparəni öz əlifbamızla köçürüb yas yerlərində molla kimi höcətləyə-höcətləyə oxuyan molla onun danışıq tərzinə, hikmətsiz söhbətlərinə, ərəb əlifbasını bilməməsinə və s. qəbahətlərinə qarşı başsağlığına gələn adamın iradına qarşı coşub ərəbcə sözlər deyir və “Məhəmmədin dilinə, dininə zidd gedirsən? Vaveyla! Mən bu cür adamların içində otura bilmərəm!..” – deyib yas mərasimini tərk edir. Bu əsərin nüvəsində sanki Sədi Şirazinin “Oxuduğuna və dediyinə əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir” aforizmi dayanır.
Yazıçının dil və üslub xüsusiyyətlərini araşdırarkən varvarizmlərlə, yəni dildə vətəndaşlıq hüququ qazanmayan başqa dildən gətirilən sözlərdən istifadə ilə də qarşılaşırıq. Əsərlərindəki bəzi varvar sözlər obrazı səciyyələndirmək üçün məqsədyönlü işlənir. Məqsədyönlü işlənən varvarizmlərə aşağıdakı nümunələri göstərmək olar: “onun da işi intiresni oldu”; “o sestradan soruşaq”; “Yoxsa sözüm çortuna dəydi?”, “ədə, çuşka”, “qorxaq bir malçişka!”, “it saxla, böyüyüb başını gəmirər! Çuşka!”; “Səndən yaxşı xozeyn tapacağam?”; “elə tuda-sudasız eliyin də”; “posledni vıpusk priyomnik” və s. Qeydə aldığımız bu sözlər məna çalarlığı ilə əsərdə zənginlik yaratmır, sadəcə obrazın fərdi xarakterinə xas olan məqam kimi çıxış edir. Bu cümlələrdə müşahidə etdiyimiz rus dilindən gətirilən sözlərin hər birinin dilimizdə qarşılığı var. Ümumiyyətlə, Nağı Nağıyevin dilində müasir oxucu üçün anlaşılmaz olan, lüğətə müraciət etmək zərurəti qarşısında qoyan alınma sözlər qeydə alınmır.
Nağı Nağıyevin dilində yer tapan söz qruplarından biri də vulqarizmlərdir. O, obrazların əhval-ruhiyyəsini bütün təbiiliyi ilə, vulqar sözlərdən çəkinməyərək olduğu kimi verir. Obrazın təfəkkür tərzi, xarakteri imkan verir ki, yazıçı ona sərbəstlik versin. O, fikrinin ifadəsi üçün lazım bildiyi, istədiyi dil vahidləri və nitq elementlərindən istifadə etsin. Yazıçının bədii əsərlərində, daha çox personajların dilində fərdiləşdirmə məqsədilə işlənmiş leksik vulqarizmlərə rast gəlirik ki, onların da bəzilərini olduğu kimi veririk: “heyvan kimi bağıran”, “kolxozun köhnə sədri lap qudurubmuş”; “yeməyi az qala gözünə soxardı”; “Binamus, hələ qarnını da yoğunladır”; “başımızın ağası o yekəbaş oldu”, “qarnının qurdları qaynaşmağa başlayır”; “hansı itin oğlu qoyar o seçilə”; “görün bu heyvərənin əlində nələr çəkib”; “Kəndli qanmazın qabağında ... qulaqlarımı sallayıb baxam”, “köpək oğlunun yetimi”, “əşi, qələtdi dartır da” və s. Bu məqamlar onun dilinin gözəlliyini, əsas məziyyətini pozmur. Əksinə, bu sözləri işlətməkdə, onlardan fərqli məqamlarda istifadə prosesində, xalq danışığı elementlərinin yazılı ədəbi dilə gətirilməsində, arxaik plana keçmiş leksik vahidlərin üslub məziyyətini tamamlayan material kimi işlədilməsində, dialekt faktlarında sıx-sıx rastlaşdığımız vulqarizmləri bədii üslubda yerini və rolunun müəyyənləşdirilməsində nasir Nağı Nağıyevin dil-üslub xüsusiyyətləri maraqlı faktlarla səciyyəvilik qazanır.
Bədii ustalıqla həyat həqiqətlərini obrazlılıq səviyyəsinə qaldırmaq bacarığını üzə çıxarır. “Qaranlıq qovuşanda” romanında bədii cəhətdən əsaslandırılmış konfliktlərin inandırıcılığı, həmçinin həyatiliyi oxucuya yad olan və ya tanış gəlməyən hadisələr deyil, əksinə, hadisələrin reallığı oxucunu özünə hakim kəsir. Yolundan çıxmış, ailə dəyərlərinə hədsiz dərəcədə laqeyd yanaşan, böyük qardaşı Vəlini “onun-bunun qəhrini çəkən avam” adlandıran, “adamın öz canı, öz həyatı, öz kefi” kimi bivec təxəyyüllə yaşayan, xəstəlikdən əziyyət çəkən həyat yoldaşı Təranəni və xəstə övladını “dərdəcər” deyib ölümə tərk edən, ali təhsilli mühəndis gənc və təcrübəsiz Ramizi öz iyrənc əməllərinə alət edən Ziya Əsədov (qanundan qaçmaq üçün kimliyini dəyişib Ziyad Əhmədov edir – Z.İ.) kimi bir obrazın dilində, təbii ki, vulqarizmlərə, arqo sözlərə, varvarizmələrə tez-tez rast gəlirik. Bu obrazın həyat tərzinə baxanda bu kimi dilimizə yad olan sözlərin işlədilməsi bu mənfi tipin dilinə nə qədər yaraşdığı və oxucunun ona qarşı nifrətini birə-beş qat artırır. Ziyadın dilində kobud, söyüş tipli dil faktları işlənmə tezliyi ilə diqqəti çəkir.
Tabunun bir növünə daxil olan və dilin ən aşağı üslubi layını təşkil edən ədəbsiz, qaba sözləri, bəzən söyüş və qarğışları əhatə edən vulqar sözlər Nağı Nağıyevin dilində tez-tez işlənmir, yəni ənənəvi, adət etdiyimiz hal deyil. Onun yaradıcılığında çox təsadüfən müşahidə etdiyimiz bu nümunələr onun dilinin ifadə saflığına xələl gətirmir. Məlum məsələdir ki, vulqar leksika dilin bədiiliyini, obrazlılığını - bir sözlə, gözəlliyini pozur, bayağılaşdırır, qaba və kobud şəklə salır. Bunu nəzərə alan yazıçı kobudluq və nəzakətsizlik ifadə edən vulqar söz və ifadələrin əvəzində onun sinonimi olan və ifadəni səliqəyə salan evfemistik sözlərin işlədilməsinə daima riayət edir ki, bu fakt yazıçının üslubunda onlarcadır.
Nağı Nağıyevin “Miniatür yazılar” adlandırdığı çox kiçik həcmli, yarım səhifəlik əsərlərində bir neçə cümlə ilə məna tutumu ağır olan, böyük həyati mətləbləri gündəmə gətirməyə nail olmuşdur. Yazıçının “Bu şoqərib qafiyə” adlı miniatür yazısına diqqət edək: “Bir şair “şinel” sözünə uyan sözləri fikirləşib yazdı: tunel... Dalı gəlmədi, bir iki də nisbətən oxşarını tapdı: imel, duel... Yenə də işi düzəlmədi. Hirslənib öz-özünə deyindi:
-Di gəl qafiyə tap görüm, ay tənqidçi! Bu şoqərib qafiyə sənin də atanı elə yandırsın ki, ana dilini korlamaqda mənə düz əllicə dəfə şükür elə”. Bu nümunə əsərin müəyyən hissəsinə istinad deyil, bu yazının tamamıdır. Burdan aydın olur ki, yazıçı dilimizin düçar olduğu bəlaları, onun saflığına xələl gətirən özünü “şair” hesab edənləri tənqidinə hədəf seçir. Və o, ümummilli bəlaya uzun-uzadı deyil, bir neçə uğurlu nümunə seçməklə nail olur.
Onun “Bilməyə də bilər” miniatür yazısı da diqqətçəkən bu səpkili yazılardandır: “Bir “mötəbər” dilçi ilə söhbət zamanı dedim: - Bəs nə fikirdəsiniz? Bizim nə vaxt izahlı lüğətimiz olacaq, orda dilimizdə olan, həm də yazı işində işlədilməsinə çoxlarının az əhəmiyyət verdiyi sözlərin hamısı cəmləşəcək və əbədiləşəcək?
Dilçi dedi:
-Bu sualı mənə niyə verirsən? Unutma ki, mən sözçü deyiləm, dilçiyəm.
Dedim: - bunu necə başa düşək? Məgər dil sözlərin hamısı deyil?
O, mənə gülüb dedi: - Deyəsən, bizim peşəyə lap nabələdsiniz, unutmayın ki, dilçilik alimlik dərəcəsidir, sözləri bilməyə də bilər”. Göründüyü kimi, müəllif milli terminoloji lüğətin olmamasını, izahlı lüğətimizin dilimizin söz ehtiyatını tamamilə əhatə etmədiyini, unudulmaqda olan öz köktürkcəmizə “mötəbər” adlandırdığı bəzi dilçi alimlərin biganə münasibətini vətəndaş yanğısı ilə tənqid edir. Sovet rejiminin milli dəyərlərə qənim kəsildiyi bir vaxtda bu cür ümummilli məsələyə münasibət bildirmək, hətta tənqid etmək yazıçının sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlər sistemimizə, doğma ana dilimizə sevgisindən irəli gələn əsas mətləbdir. Nəticədə, oxucu düşünür və bu neqativ hallara qarşı təəssüf hissi keçirir.
Onun qələmində miniatür yazılar satirik ruhlu hekayələri qədər uğurlu alınır. Bu silsilədən olan əsərlərində qeyri-insani hərəkət və düşüncələri tənqid hədəfinə gətirən yazıçı bu kiçik əsərlərində sadə və müxtəsər cümlələrdən istifadə edir və bu qısa, konkret, yığcam cümlələrdə ən uğurlu ifadələri işlətməklə əsərin təsir gücünü artırır. Onun “Əlacım nədir” miniatür yazısında tənqidçi və yazıçının dialoqu bu dediklərimizin ən yaxşı sübutudur. Nağı Nağıyevin yaradıcılıq dilinin kiçikhəcmli əsərlərindəki əsas və diqqəti cəlb edən məziyyəti elə budur.
“Lətifə” miniatür yazısında “Lətifələrimiz dönüb olubdur Ofelya, Esmira, Svetlana... bəziləri elə bilir ki, “svetə”, “lana” bitişdirəndə bizim min illik Günəşdən işıqlı olur. Buna görə də dilimizdən yazıq “lətifə” qərib olub” nümunəsində ən incə mətləbi açıq-aşkar, obrazlı bir şəkildə oxucuya çatdırır. Ana dilimizin təmizliyinə, gözəlliyinə riayət etməyi, xalqın sərvəti olan dilin saflığının qayğısına qalmağı tövsiyə edir.
Xalqın milli adlarına dərin rəğbət, onun dilinə, adət-ənənələrinə məhəbbət, yüksək yaradıcılıq qabiliyyəti, obrazlı təfəkkür, yaradıcılıq pafosu kimi cəhətlərin olması Nağı Nağıyev üslubunun spesifik cəhətləridir. Onun “Mübahisə” adlı miniatür əsərində “izm” azarına tutulanları ifşa hədəfinə alaraq müəlliflə rəssamın mübahisəsinə son qoymaq üçün çox uğurlu bir ifadə seçməsi, həqiqətən də, yazıçının tapıntısıdır. Naxçıvan, o cümlədən Azərbaycan dilinin digər dialektlərində rast gəldiyimiz “qotur” sözünə “izm” şəkilçisi artıraraq dilimizdə lüğət tərkibinə daxil olmayan, amma böyük bir mətləbi izah edən bu sözün mənasını oxucu yaxşı dərk edir: “...kitab çap etmək üçün əsərinə çəkilmiş şəkilləri bəyənməyən müəllif rəssamdan rəsmdəki üslubu soruşanda “bu üsula sərbəst rəsm, bir az da dərinə getsək, modernizm – futurizm deyirlər. Müəllif də onun sözünü kəsir: - Qardaş, üsulun adını hər nə qoyursunuz, qoyun, ancaq... elə eləyin ki, çəkdiyiniz şəkillər bir şeyə oxşasın, qoturizm azarına tutulmasın”. Bütün yaradıcılığı boyu hər bir dil vahidinə məsuliyyətlə yanaşan yazıçı sözyaratma məsələsində çox ciddi olmuşdur. Buna görə də yazıçının üslubunda yeni leksik vahid olan “qoturizm” sözü nəzəri özünə daha çox cəlb edir. Semantik funksiyasına uyğun olaraq bir şeyə aludə olmaq, ondan asılı olmaq mənasını dəqiq ifadə etmişdir. Fikrimizcə, bunu yazıçının ustalığından irəli gələn tapıntı kimi dəyərləndirmək olar.
Göründüyü kimi, Nağı Nağıyevin yaradıcılığının dil-üslub xüsusiyyətləri, toxunduğu dil problemləri elə təkcə onun miniatür yazıları, kiçik hekayələri fonunda da səciyyələndirmək mümkündür. Yəni yazıçının kiçikhəcmli əsərlərini təhlil etməklə belə onun bədii təfəkkürünün bütün çalarlarını, istifadə etdiyi dil faktlarının və qaldırdığı dil problemlərinin mahiyyətini dərk etmək çətin deyil.
Yazıçının istər irihəcmli romanlarında, istərsə də həcmindən asılı olmayaraq, bütün hekayələrinin dilində işlətdiyi hər bir sözdə, ifadədə, cümlədə aşılanan dərin fikirlər olduqca sadə, anlaşıqlı, səmimi bir dildə öz əksini tapmışdır. Sadəlik, səmimilik, təbiilik onun əsərlərinin səciyyəvi xüsusiyyətidir.
Ümumiyyətlə, onun əsərlərinin dilində obrazların sayı qədər danışıq üslubu vardır. Hər obrazın dilinə, xarakterinə uyğun söz və ifadələr seçməklə yüksək sənətkarlıq bacarığını ortaya qoyur. Hər obrazı öz xarakterinə uyğun bir dillə danışdırmaq məharəti Nağı Nağıyevin əsərlərində qüvvətlidir. Yazıçının yaratdığı tiplər həyatda olduğundan qat-qat inandırıcı danışırlar.
Son olaraq qeyd etmək lazımdır ki, Nağı Nağıyevin əsərlərində obrazların dilindəki tipikləşdirmə probleminin nə qədər böyük əhəmiyyətə malik olduğunun aydın görünməsinə baxmayaraq, müəyyən məqamlarda ümumxalq danışığına istinad olunmasına rəğmən onun yaradıcılğında ədəbi dil normalarına daha artıq meyil hiss olunur. Nağı Nağıyevin elə əsəri yoxdur ki, dil-üslub xüsusiyyətləri baxımından diqqət özünə cəlb etməsin. Bu məziyyətlər onun əsərlərini oxunaqlı etmiş və ona yüzlərlə, minlərlə oxucu auditoriyası qazandırmışdır.

ZÜLFİYYƏ İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31