SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uğura gedən yol-FOTO

Uğura gedən yol-FOTO
11-07-2020, 07:35

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasətinin prioritetlərindən biri də istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik olaraq yönləndirilməsidir. Muxtar respublikamızda da bu istiqamətdə davamlı olaraq islahatlar aparılır, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi yönündə bir çox tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti şagirdlərin istedadlarının üzə çıxarılmasına və milli-mənəvi dəyərlərimizə bağlı bir nəsil yetişməsinə öz töhfəsini verir. 
Belə istedadlı şagirdlərimizdən biri də İnci Nəsirovadır. 2011-ci ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilən İnci bu təhsil ocağında öz çalışqanlığı və fəallığı ilə seçilib. Belə ki, o, məktəbdaxili müxtəlif viktorinalarda iştirak edərək bir neçə dəfə qalib olub. Həkimlik sənətinə olan marağı onu kimya fənnini daha dərindən öyrənməyə sövq edib. 
2013-2014-cü illərdə 15 nömrəli tam orta məktəb üzrə “İlin şagirdi” nominasiyasına layiq görülən İnci, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında istedad və bacarığı ilə fərqləndiyinə görə də təltif olunub.
İnci ən böyük uğurlarından birini Rusiyada keçirilən elmi-praktik konfransda qazanıb. Belə ki, 17 mart 2020-ci il tarixdə Rusiyanın Penza şəhərində “Elm və təhsil beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransda iştirak edən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində İncinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” layihəsi müzakirə edilərək I yerə layiq görülüb. 
İncinin elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov deyir ki, İnci hər zaman öz qabiliyyəti və yüksək qavrama bacarığı ilə seçilib. Şagirdinin hər zaman onun etimadını doğrultduğunu fərəh hissi ilə qeyd edən elmi rəhbər vurğuladı ki, İncinin gələcəkdə daha böyük uğurlara imza atacağına inanır.

Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Elə dövlətimizin təhsilimizə, istedadlı uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Sərəncamı ilə İnci Nəsirovanın adı təhsil sahəsi üzrə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. İnci Nəsirova ilə söhbətimiz zamanı onun hədsiz sevinc və minnətdarlıq hisslərinin şahidi olduq. O, qazandığı uğurlarda müəllimlərinin, xüsusilə təhsil aldığı məktəbin kimya müəllimi Kənan Hüseynlinin böyük zəhməti olduğunu onun “Sabahın tədqiqatçıları” layihəsində qalib olmasında böyük rol oynadığını vurğuladı. O, istedadının belə yüksək qiymətləndirilməsinə görə dövlətimizə minnətdarlığını bildirərək biliyini daha da təkmilləşdirəcəyinə, təhsildə daha böyük uğurlar qazanmaq üçün bundan sonra da səylə çalışacağına söz verdi. Biz də bu münasibətlə İncini təbrik edir, ona təhsilində böyük qələbələr arzulayırıq. 
Digər istedadlı gənc isə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi olan Vüsal Seyidovdur. O, Babək rayonunun Vayxır kəndində anadan olub. Uşaq yaşlarından idmana böyük maraq göstərən Vüsal 7 yaşından etibarən karate məşqlərinə qatılır. İlk məşqçisi Nəriman Quliyev olub. Vüsal o günləri belə xatırlayır: “İlk məşq bugünkü kimi yadımdadır. Nəriman müəllim kiçikyaşlı uşaqlarla məşq keçirdi və hər məşqdə bizə idmanın bu növünün xüsusiyyətlərindən bəhs edirdi. Gündən-günə karateyə olan marağım artırdı və özümü yarışlarda sınamaq istəyirdim. İlk yarışım muxtar respublika daxilində oldu və uğur qazandım. Həmin uğur məndə daha böyük həvəs yaratdı. İdman, sanki sağlamlıqla yanaşı, həyat tərzimə çevrildi. Gündəlik məşqləri səbirsizliklə gözləyir, qarşıdakı yarışlara böyük həvəslə çalışırdım”.
Dəfələrlə muxtar respublika birinciliklərinin qalibi olan Vüsal Seyidov 2016-cı ildən etibarən Naxçıvanı beynəlxalq turnirlərdə təmsil etməyə başlayıb. “İlk beynəlxalq turnirdə hansı nəticəni qazanacağım özüm üçün də maraqlı idi. Ona görə də İran İslam Respublikasının Astara şəhərində keçirilən turnirə ciddi hazırlaşmışdım. Məşqçim Nəriman müəllim də psixoloji olaraq mənə hər zaman böyük dəstək verirdi. İlk beynəlxalq turnirimdə qızıl medal qazanmaq, ardınca Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev kuboku” uğrunda yarışda və Şərur rayonunda keçirilən Beynəlxalq karate turnirində eyni uğurları təkrarlamaq məndə böyük motivasiya yaratdı. Bu uğurların təsadüf olmadığını göstərmək üçün yaradılan şəraitdən maksimum istifadə edərək məşqlər apardım və özümü daha da təkmilləşdirdim. Karate-do Federasiyası bizim yarışlarda iştirakımız üçün hər bir imkanı yaratdı. 2017-ci ildə Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev kuboku” uğrunda yarışda birinci oldum, Bakı İdman Sarayında keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş klublararası, Türkiyənin Ərzurum şəhərində, eləcə də Qaradəniz və Xəzəryanı ölkələr arasında keçirilən beynəlxalq turnirlərdə bürünc medal qazandım”.
Vüsal Seyidovun uğurları bununla kifayətlənmir. Belə ki, 2018-ci ildə Bakı şəhərində keçirilən “Arpaçay Open”, Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev kuboku” və İran İslam Respublikasının Astara şəhərində keçirilən beynəlxalq karate turnirlərində qalib adını qazanan idmançımız 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə, Beynəlxalq İdman Olimpiadasında, Xocalı faciəsinə həsr olunmuş Kumite, Kata növləri üzrə açıq turnirdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2019-cu il idmançımızın karyerası üçün daha əlamətdar olub. Bakı şəhərində keçirilən “10-cu Baku Open”, Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan Open” beynəlxalq turnirlərində qalib adını qazanan Vüsal Türkiyə Respublikasının Rizə şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin çempionatında və İran İslam Respublikasının Astara şəhərində keçirilən karate üzrə IV Beynəlxalq turnirdə mükafatçılar sırasına düşməyi bacarıb. Ancaq Vüsal Seyidov üçün ən unudulmaz 2019-cu ilin noyabr ayıdır. Belə ki, bu tarixdə Makedoniyanın Skopye şəhərində keçirilən 11-ci Şotakan Karate Avropa Çempionatında WKF Kumite və Shobu İppon Kumite növləri üzrə tatami üzərinə çıxan idmançımız hər iki növdə böyük bacarıq göstərərək Avropa çempionu adını qazanıb: “Bu tarix mənim üçün unudulmazdır. Çünki uzun illərdir, etdiyim məşqin bəhrəsini gördüm. Bu, tək mənim yox, bütün Naxçıvan idmanının qələbəsi idi. Bizə yaradılan bu şərait, bu imkan olmasaydı, mən həmin Avropa çempionatında Azərbaycan bayrağını dalğalandıra, himnimizi səsləndirə bilməzdim. Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Bu turnirdən öncə Karate-do Federasiyasının sədri ilə idmançıların görüşü olmuşdu və həmin görüşdə federasiya rəhbəri məndən böyük uğurlar gözlədiyini demişdi. Öz növbəmdə, söz vermişdim ki, göstərilən bütün etimada layiq olacağam”.
Dünya Şotakan Karate Federasiyasının baş məşqçisi Hitoshi Kasuyaya imtahan verərək I DAN qara kəmər sahibi olan Vüsal Seyidovun adı ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq o, Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. İdmançımız göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə edərək bundan sonrakı beynəlxalq turnirlərdə daha böyük uğurlar qazanacağına söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi muxtar respublikada ümummilli liderin əsasını qoyduğu dövlət gənclər və təhsil siyasətinin uğurlu davamı, gənclərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. İnanırıq ki, müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların mükafatlandırılması muxtar respublika gənclərinin inkişafına bundan sonra da güclü təkan verəcək. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan istedadlı gənclərimiz gələcəkdə doğma diyarımızı hər yerdə layiqincə təmsil edəcək, öz bilik və bacarıqlarını Vətənimizin tərəqqisi üçün əsirgəməyəcək, yeni-yeni uğurlara imza atacaqlar.

 Ceyhun MƏMMƏDOV
 Telli MƏMMƏDOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31