SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Tarix Muzeyinə 89 ədəd yeni eksponat təqdim olunub

Naxçıvan Dövlət Tarix Muzeyinə 89 ədəd yeni eksponat təqdim olunub
25-02-2020, 22:36

Fevralın 24-də Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən qədim tariximizi, mədəniyyətimizi əks etdirən xalçalar, toxuculuq nümunələri və alətləri, milli geyim nümunələri, mis və saxsı qablar və digər maddi mədəniyyət nümunələrdən ibarət 89 ədəd yeni eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər sürətli yüksəliş dövrü yaşayan Naxçıvan Muxtar Respublikasında milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra muzeylər yaradılır, mövcud muzey binaları əsaslı şəkildə yenidən bərpa edilir. Həmçinin, muzeylərin fəaliyyətinin canlandırılması, bu mədəniyyət ocaqlarının ekspozisiyalarında Azərbaycan tarixinin əksini tapması, o cümlədən, muxtar respublikada olan tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulmuşdur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Bütün bu tədbirlərin nəticəsidir ki, ildən-ilə muzeyləri ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, ötən il muxtar respublikanın muzeylərini 180 min nəfərə yaxın əcnəbi vətəndaş olan, ümumilikdə, 642 mindən çox tamaşaçı ziyarət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçirilir. Bundan başqa, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə seminar-treninqlər təşkil olunur, muzey fondları zənginləşdirilir.

Qeyd olunub ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərimizə 2 min 348, bu ilin yanvar ayında isə 238 ədəd eksponat daxil olmuşdur. 2019-cu ildə 15, bu ilin ilk iki ayı ərzində isə 3 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.

Nazir bildirib ki, bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir. Bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar. Bu gün keçirilən təqdimat mərasimində də xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi-mədəniyyət nümunələri - xalça məmulatları, tariximizin müxtəlif dövrlərinə aid dekorativ-tətbiqi sənət və milli geyim nümunələri, eləcə də məişətdə istifadə edilən mis qablar Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Nehrəm kəndindəki Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru Akif Hacıyev tərəfindən muxtar respublikanın muzeylərində sərgilənməsi üçün təhvil verilir. Muzey eksponatlarının toplanması, muzeylərə təhvil verilməsi aksiyasına ilk dəfə qoşulan və əsl vətənpərvərlik nümunəsi göstərən Akif Hacıyev bu gün də 89 sayda yeni eksponatı muxtar respublikanın muzeylərinə təqdim edir. Təhvil verilən eksponatlar muzeylərimizin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcəkdir.

Nazir sonda muzey ekspozisiyalarının eksponatlarla zənginləşdirilməsi işində mütəmadi olaraq iştirak etdiyinə görə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi adından Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.

Sonra Akif Hacıyev çıxış edərək hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edib və bildirib ki, bundan sonra da bu təşəbbüsü davam etdirəcək.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muzeyə təqdim olunun eksponatlar üçün öz minnətdarlığını bildirib.

Sonda muzeyə təqdim olunan eksponatlara baxış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930