SON DƏQİQƏ

naxcivanxeberleri.com

Eksponat təqdimatı keçirilib

Eksponat təqdimatı keçirilib
23-01-2020, 21:17

Yanvarın 23-də Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən müxtəlif toxuculuq alətləri, xalça, kilim, cecim, mis məişət əşyaları və digər nümunələrdən ibarət 110 eksponat hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə, eləcə də muxtar respublikada zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir. Bundan başqa, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə seminar-treninqlər təşkil olunur. Muzeyşünaslıq işinə göstərilən qayğının və verilən əhəmiyyətin məntiqi davamıdır ki, keçən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamı ilə muzeyin yubileyi geniş şəkildə qeyd olunmuş, tanıtım kitabı və muzeyin internet saytı hazırlanmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada fəaliyyət göstərən bir sıra muzeylərin virtual səyahətə imkan verən internet saytları fəaliyyət göstərir. Görülən işlər nəticəsində muzey ziyarətçilərinin sayı əhəmiyyətli dərəcədə artmış, keçən il ərzində 176 min 901 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı muzeyləri ziyarət etmişdir.

Vurğulanıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərimizə 2348 ədəd eksponat daxil olmuşdur. 2019-cu ildə 15 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.

Bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir ki, bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar. Bu gün keçirilən təqdimat mərasimində də xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi-mədəniyyət nümunələri - xalça məmulatları, tariximizin müxtləif dövrlərin aid toxuculuq alətləri, məişətdə istifadə edilən miş qablar Babək Rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilir. İnanırıq ki, bu maddi-mədəniyyət nümunələri də qədim diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaratmaqla yanaşı, tədqiqatçı alimlərin də elmi-tədqiqat işlərini faktlarla zənginləşdirilmələri işinə mühüm töhfə olacaqdır.

Nazir çıxışının sonunda muzey ekspozisiyalarının eksponatlarla zənginləşdirilməsi işində yaxından iştirak etdiklərinə görə eksponat hədiyyə edən vətəndaşlara muzey əməkdaşları adından təşəkkür edib.

Tədbirdə eksponat hədiyyə edən vətəndaşlardan Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Babək rayon Vayxır kənd sakini Əli İsmayılov, Babək rayon Kültəpə kənd sakini Məhsəti Səfərova çıxış edərək bildiriblər ki, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində görülən işləri davam etdirəcək, maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəklər.

Sonra Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev muzey fondlarının zənginləşdirilməsinə işinə dəyərli töhfə verən rayon sakinlərinə öz minnətdarlığını bildirib.

Yeni eksponatlara baxış keçirildikdən sonra tədbir yekunlaşıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829