SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ölümü ilə ölməzlik qazanan şair-İmadəddin Nəsimi

Ölümü ilə ölməzlik qazanan şair-İmadəddin Nəsimi
26-01-2019, 13:09 262 dəfə baxılıb


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il noyabrın 15-də görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirləri fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Qeyd edək ki, ölkə başçısının 2019-cu il11 yanvar tarixdə imzaladığı digər bir sərəncamla 2019-cu il, həm də Azərbaycanda “Nəsimi ili” elan olunub.
Hələ sağlığından fəlsəfi fikir dünyası və söz sənəti ilə hər kəsi heyrətləndirən, düşündürən və özünün cazibə çevrəsinə cəlb edən İmadəddin Nəsimi (1369-1417) Şamaxıda dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illərindən etibarən mükəmməl təhsil almış, doğma ana dili ilə yanaşı, ərəb və fars dillərini dərindən öyrənmiş, dövrün hikmət, məntiq, əruz, qafiyə, tarix, fiqh, təbiətşünaslıq kimi elmlərinin sirlərinə yaxından bələd olmuşdur.
Bir şair kimi, dövrünün qabaqcıl mütəfəkkiri olaraq İmadəddin Nəsimi bir məqsəd üçün çalışmış və mübarizə aparmışdır. Nəsiminin məqsədi müqəddəs saydığı insanı kamilləşdirmək, ona mənəvi cəhətdən saflaşmağın yolunu öyrətmək, ən əsası isə insana öz dəyərini mənimsətməkdən ibarət idi. Nəsimi üçün insana əzab vermək, onu öldürmək yolverilməz bir işdir, əməldir.
İnsanı sevən, ona böyük dəyər verən Nəsimi elə bir elmi-fəlsəfi dayaq axtarırdı ki, onun köməyi ilə insana öz adının uca, mövqeyinin yüksək olduğunu anlamağı öyrətsin, onu oyatsın. Nəsimi deyirdi:
Ey özündən bixəbər qafil, oyan!
Haqqa gəl kim, haqq deyil batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnəqü hasil, oyan!
Qüdrətli sənət nəhəngi olan Nəsiminin idrakından və bədii dühasından doğan bu humanist ideya - mərkəzində insan amilinin dayandığı haqq-ədalət yolu, çağırışı onu ədəbiyyatımızda, ictimai fikir tariximizdə ən böyük simalardan birinə çevirdi.
İnsanın qüdrəti haqqında himn adlandırılan Nəsimi yaradıcılığında insanı kamil olmağa çağırış bütün məqamlarda ən yüksək mərtəbədən səsləndirilirdi. Başqa bir şeirində Nəsimi insanı təkcə dünyanın yox, geniş mənada bəşəriyyətin ən uca varlığı kimi vəsf edirdi:
Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.
...Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
İmadəddin Nəsimi yaradıcılığında kamil insan problemi ilə yanaşı, ictimai motivli şeirlərə də rast gəlinir, bu minvalda yazılan şeirlərində şair dünyanın vəfasız olduğunu söyləyir, fani dünyaya bağlanmamağı tövsiyə edirdi:
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Arısı yalandır, saqın, dadlısına aldanma kim,
Acıdır anın şəkkəri, ağı qatılmış balına.
Nəsimi ictimai motivli başqa bir şeirində isə üzünü insanlara tutub dünyanın ləzzətinə bağlanmamağa, nəfsinə uymamağa səsləyir:
Kim ki aldandı cahanın ağulu ləzzatına,
Düşdü şolmənsubəsi dünyanın şahmatına,
Divi-məlundur, əmmarə nəfsin mərkəbi,
Minmə, gər azğun deyilsən nəfsi-şumun atına!
İmadəddin Nəsiminin yaradıcılığında biz həm də nəsihət xarakteri daşıyan əxlaqi-tərbiyəvi şeirlərə də rast gəlirik. Şair bu məzmunlu şeirlərində zülmü, haqsızlığı pisləyir, insanları xeyir, faydalı işlər görməyə çağırırdı. Nəsimiyə görə xeyri olmayan, şər işlər görən əl kəsilməlidir:
Ol əli kəsgil, buraxgil, xeyri yoxdur, şəri çox.
Tutgilimdi ol əli kim, xeyr ilə ehsan edər.
Bəli, həyatı boyu insana dəyər verən, ona qarşı törədilən müsibətlərə qarşı kəskin etirazını bildirən, hər an haqq-ədalət deyə bağıran, hər cür ədalətsizliyə qarşı mübarizə aparan Nəsimiyə qarşı təzyiqlər getdiyi hər yerdə durmadan artırdı. Əbəs yerə deyilməyib ki, “haqq yolunda, ədalət uğrunda mübarizə aparanların yolu daşlı, kəsəkli olur”. Nəsiminin də yolu daşlı, kəsəkli oldu, dərisi diri-diri soyuldu. Buna baxmayaraq, Nəsimi yenə düz bildiyi haqq-ədalət yolundan geri dönmədi.
İmadəddin Nəsimi ilə bağlı bir mətləbi də xüsusilə qeyd etmək lazımdır. Sovet imperiyası dövründə Nəsimi məqsədli şəkildə “Allahsız” adlandırılmış, bir çox şeirləri təhrif olunmuş, yaxud da imperiyanın siyasi xəttinə uyğun şəkildə şərh və təhlil edilmişdir. Ancaq bir şeyi əminliklə demək olar ki, Nəsimi haqqı tanıyan, Allahın elçilərini, müqəddəslərini qəbul edən bir şair-şəxsiyyət idi.
Ümumiyyətlə, dünyasını dəyişməsindən altı yüz ildən artıq bir müddət keçməsinə baxmayaraq, Nəsiminin fikir dünyası bu gün üçün də öz aktuallığını qoruyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İmaddəddin Nəsimi ilə bağlı məlum sərəncamından sonra bu dahi şairin həyatı və yaradıcılığı ilə əlaqədar daha dərin və genişmiqyaslı araşdırmalar aparılacaq, həm də “Nəsimi ili” çərçivəsində İmadəddin Nəsimi kimi dahinin yaradıcılığı ilə bir daha ətraflı tanış ola biləcəyik.

Anar QASIMOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728