SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı yeni tamaşasını təqdim edib

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı yeni tamaşasını təqdim edib
28-12-2019, 18:55

Dekabrın 27-də Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış “Lənkəran xanın vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif məzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formaşalmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb. Tanınmış kollektiv həm komik, həm də dramatik əsərləri yüksək səviyyədə tamaşaçılara təqdim etməyi bacarır. Qeyd edək ki, 1938-ci ildə “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim edən kollektivə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə dram dərnəyi, 1981-ci ildə böyük uğurla Qəni Hüseynovun “Nicat” əsərini tamaşaya hazırlayan dram dərnəyinə isə böyük pedaqoq, rejissor Rza Təhmasibin adını daşımaqla “Xalq teatrı” statusu verilmişdir. Ötən dövrdə teatrda istedadlı aktyor və rejissor nəsli yetişib. Bu günə qədər xalq teatrı tərəfindən Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Süleyman Sani Axundovun “Tamahkar”, Altay Məmmədovun “Yadındamı”, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” əsərinin motivləri əsasında “Gənclik bir də qayıtmır”, Qəni Hüseynovun “Nicat”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu”, Anton Pavloviç Çexovun “Ayı”, M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, Cahangir Aslanoğlunun “Qısqanc ər”, Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” və başqa tamaşalara səhnə həyatı vermişdir.

Qeyd edək ki, xalq teatrı cari ilin iyun ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində "Motsart və Salyeri" tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.

Xatırladaq ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmişdir. Şərur Rayon Xalq Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı, 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Nemət Sultanov (Vəzir Mirzə Həbib), Sabir Cəfərov (Lənkəran xanı), Arif Nağıyev (Teymur ağa), İlkanə Cavadova (Şölə xanım), Zərifə Əliyeva (Ziba xanım), Nazilə Rzayeva (Pəri xanım), Sevinc Qasımova (Nisə xanım), İlham Quliyev (Səməd bəy), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Elçin Arzumanov (Xacə Məsud), Salman Şirəliyev (Vəli bəy), Məhərrəm Əbilsoy və Duman Məmmədbəyli (ərizəçilər) surətləri təbii və canlı təqdim edirlər. İl ərzində uğurlu tamaşaları ilə çıxış edən kollektiv üzvləri səhnə danışığı, dinamika və obrazları peşəkar canlandırmaları ilə tamaşaçıları heyrətləndirməyi bacarıblar.

Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə, musiqi tərtibatçısı Turan Əsədov, quruluşçu rəssamı Məlahət Həsənovadır.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov xalq teatrının kollektivini təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031