SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada mədəni tədbirlər noyabr ayında da davam etdirilb

Muxtar respublikada mədəni tədbirlər noyabr ayında da davam etdirilb
4-12-2019, 22:16

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən ötən ay muxtar respublikanın bölgələrində və paytaxtı Naxçıvan şəhərində konsert proqramları təşkil edilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər nümayiş olunmuşdur.

Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik etmişdir. Tədbirdə muzey işçiləri təltif edilmiş və Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı, 5 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.

Noyabr ayında 170-ə yaxın gəncin iştirak etdiyi və muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların peşəkar sənətə istiqamətləndirilməsi, eləcə də mədəniyyət müəssisələrinin yaradıcılıq fəaliyyətinin daha da canlandırılmasına töhfə ola biləcək “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri keçirilmiş, qaliblər nazirlik tərəfindən təltif edilmişlər.

Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələri ilə görüş keçirilmiş, tədbirdə “startup.nakhchivan.az” internet portalı haqqında məlumat verilmişdir. Bundan əlavə Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilmiş, həmin mədəni tədbirlərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrları, Naxçıvan Dövlət Film Fondu tamaşa və filmlər nümayiş etdirmişlər.

Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilmiş, sonda Qədirulla Bağırovun əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 55 illik yubileyi ilə əlaqədar keçirilən tədbir rayon sakinləri üçün yaddaqalan olmuşdur. Yubiley tədbirində Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında xalq teatrı tərəfindən hazırlanan “Axirətdən gələn zəng” tamaşası teatrsevərlərə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqəsi keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Texniki Kollecinin və Naxçıvan Musiqi Kollecinin olmaqla 5 tələbə teatr studiyası qatılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün altı xalça haqqında məlumatlar hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii yaradıcılıq müsabiqəsi də noyabr ayında keçirilən mədəni tədbirlərdən olmuşdur.

Son illər ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilmiş, ay ərzində muzeylərə 135 ədəd yeni eksponat daxil olmuşdur. Muzeylərimizi isə 63 min 504 nəfər tamaşaçı ziyarət etmişdir. Bunlardan 12 min 90 nəfəri əcnəbi, 51 min 414 nəfəri isə yerli vətəndaşlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli sərəncamlarına uyğun olaraq, aid təşkilatlarla birgə Dövlət Bayrağı Muzeyi ilə Yeni Havuş və Xətai, Heydər Əliyev Muzeyi ilə Türkeş kənd tam orta məktəbləri arasında interaktiv, Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanaçılıq və informasiya, həmçinin Naxçıvan Dövlət Unversitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrinə isə nazirliyin təşkilatçılığı ilə açıq dərslər keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam “ rəsm müsabiqəsinin Sədərək və Şərur rayon turları keçirilmişdir.

Noyabr ayında muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən də tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 50-yə yaxın mədəni-kütləvi tədbirlər təşkil edilmiş, “Oxunması zəruri olan kitabların siyahısı"na daxil olan kitabların müzakirələri ilə bağlı 30-dan çox kitab müzakirəsi və C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar “Ədəbiyyatımızın və mətbuatımızın istiqlal günəşi” mövzusunda oxucu konfransı keçirilmişdir. Noyabr ayında 31 şəxsə səyyar kitabxana xidməti də göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 3 adda 39, digər mənbələrdən 12 adda 832 nüsxə olmaqla, ümumilikdə 15 adda 871 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Noyabr ayında da kitabxanalardakı oxucu sayında artım müşahidə olunmuş, yeni oxucu sayı 340 nəfər, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15 min 739 nüxsə olmuşdur. Ay ərzində elektron kitabxanadan 428 oxucu istifadə etmişdir. Bunlardan 164-ü lokal, 264-ü isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Dövr ərzində klub müəssisələrində də əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, mədəniyyət evi və klub əməkdaşlarına əməli köməkliklər göstərilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində sakinlərə Azərbaycan filmləri nümayiş olunmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlər göstərilmişdir. Ay ərzində nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması işi davam etdirilmişdir.

Noyabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etdirilmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Xətai Kənd Kitabxana Filialı, Yeni Havuş Kənd Klubu, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Türkeş Kənd Kitabxana Filialı və Türkeş Kənd Mədəniyyət Evinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində müasir iş şərait yaradılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqləri aparılmış, stasionarda və Sədərək, Şərur və Ordubad rayonlarında “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirmiş, Kukla Teatrı 2-si xeyriyyə olmaqla, 11 tamaşa oynamışdır. Bunlardan 4-ü muxtar respublikanın rayonlarında 7-si isə stasionarda göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı isə ay ərzində “Mavi işıq” tamaşasını hazırlamış, uşaq teatrı tərəfindən 2-si bilet satışı, 2-si isə xeyriyyə məqsədilə 4 tamaşa oynanılmışdır.

Muxtar resublikada fəaliyyət göstərən Naxçıvan Şəhər Xalq Teatrı “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı “Lənkəran xanın vəziri”, Ordubad Rayon Xalq Teatrı isə “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir

Ay ərzində nazirliyin və yerli şöbələrinin tabeliyində olan təhsil müəssiələrində də yaradıcı tədris fəaliyyəti uğurla davam etdirilmiş, Naxçıvan Musiqi kollecində, eləcə də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad və metodik dərslər keçilmişdir.

Ötən ay nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrdə çalışan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuş, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Mədəni irs” intellektual oyunu keçrilmişdir.

Ay ərzində nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, “Şərq qapısı” qəzetində və rayon qəzetlərində milli mədəniyyətimizə həsr olunmuş məqalələr dərc edilmişdir.


Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031