SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli geyimlərimiz milli sərvətimizdir

Milli geyimlərimiz milli sərvətimizdir
3-12-2019, 12:10

Maddi-mədəniyyət nümunələrimizdən olan milli geyimlər, xalqın tarixi kimliyini, yaşayış tərzimizi, mədəni xüsusiyyətlərimizi özündə cəmləyən ən gözəl vasitələrdəndir. Tarixin ağır sınaqlarına zaman-zaman sinə gərən xalqımız bütün mədəniyyət nümumələri kimi milli geyimlərimiz də əsas elementlərini qoruyaraq bir miras kimi bugünkü günümüzə çatdıra bilmişdir.
Azərbaycanın müxtəlif regionlarında milli geyim dəsti ümumi forma və biçim tərzini qoruyub saxlasa da bəzi geyim nümunələrində cüzi fərqlər nəzərə çarpırdı. Xüsusilə də Naxçıvanda fəaliyyət göstərən muzeylərə nəzər saldıqda, XlX əsrə aid olan geyim dəstləri zəngin biçilib-tikilmə formaları, üzərlərində əl əməyi, göz nuru ilə bəzədilmiş həm tikmə, həm də zərgərlik məmulatlarını görməklə yanaşı həmin dövrdə sənətkarlığın da yüksək səviyyədə olduğunu görmək mümkündü.
Milli geyimlərimiz milli sərvətimizdir
Milli geyimlər adətən üç qrupa bölünür: kişi, qadın, uşaq. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi.
Kişi milli geyimləri forma, rəng və üzərindəki detallara görə Azərbaycan kişisinin ağır təbiətini, xarakterini özündə nümayiş etdirmişdir. Kişi milli geyimləri üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Rəng olaraq isə qara, qəhvəyi, boz və s. bu tip rəng tonlu parçalar seçilirdi. Onu da qeyd edək ki, kişi geyimlərinin əsasını digər üst geyimləri ilə bərabər baş geyimləri də təşkil etmişdir. Papaq və onun formasına görə onun daşıyıcısının sosial vəziyyətini müəyyənləşdirmək olardı. Kişilərin əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Müxtəlif papaq növləri isti-soyuqdan qorumaqla yanaşı, həm də kişilik simvolu, ucalıq, şərəf, qeyrət rəmzi olmuşdur ki, heç bir kişini başı papaqsız təsəvvür etmək olmazdı.
Milli geyimlərimiz milli sərvətimizdir

Qadın milli geyimləri isə kişi geyimlərindən fərqli olaraq biçilib-tikilmə, üzərindəki bəzək elementlərinə görə çox fərqlənirdi. Zərifliyi ilə seçilən qadın geyimləri çoxçeşidli və rəngarəng olmaqla yanaşı, özünəməxsus geyim xüsusiyyətləri ilə də fərqlilik göstərirdi amma kişi geyimlərində olduğu kimi qadın geyimlərində də baş geyimi xüsusi bir əhəmiyyət təşkil edirdi. Geyimlərdə bənövşəyi və innabı rənglərin olmasına baxmayaraq, ağ və tünd mavi rənglər üstünlük təşkil edirdi. Paltarın hansı rəngdə olmasından aslı olmayaraq kənar bəzək və tikmələrində mavi və qızılı-sarı rənglərdən istifadə edilirdi. Müxtəlif ölçülü örpək, kəlağayı, qıyqac, şallar və s. Azərbaycan qadınının abır-həya, namus, ismət rəmzinin simvolu olduğu üçün heç bir qadını baş geyimsiz görmək olmazdı. XIX əsrdə qadınların geyim dəstində çadra da mühüm yer tuturdu. Keçmişdə qadınlar xüsusilə də şəhər qadınları küçəyə çıxarkən geyim dəstinin üstündən, adətən, başlarına çadra örtürdülər. Çadra qadının təkcə başını və sifətini deyil, bütün əndamını örtüb yad nəzərdən gizlədirdi.
Uşaq geyimləri isə sadə kəsimdə və daha rahat olurdu. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdilər.
Milli geyimlərimiz milli sərvətimizdir

Azərbaycan milli kimliyini unutmur və hər daim təbliğinə çalışmışdır. Milli geyimlərin muzeylərdə saxlanılması ilə yanaşı, həm də bayramlarda bu geyimlərdən istifadə edilir. Bununla bərabər Azərbaycan milli geyimlərinə müxtəlif poçt markaları həsr olunmuşdur. Müasir günümüzdə çox xoş haldır ki, doğma Naxçıvanımızda da milli geyim dəstlərini və ya hər hansı bir nümuməsini istifadə edən insanlarımızla rastlaşmaq mümkündür. Bu isə bütövlükdə, tarixi mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə qırılmaz tellərlə bağlılığımızın göstəricisidir.
Aidə İbrahimova

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031