SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həmzə Sadiqovun rəsm əsərlərinin təqdimat mərasimi keçirilib-FOTO

Həmzə Sadiqovun rəsm əsərlərinin təqdimat mərasimi keçirilib-FOTO
5-11-2019, 22:10

Noyabrın 5-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, təsviri incəsənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərilir. Son illər muxtar diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov bir neçə rəsm əsərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə hədiyyə etmişdir.”- deyən nazir buna görə Əməkdar rəssam Həmzə Sadiqova təşəkkür edib ona yaradıcılıq uğurları arzulayıb.

Həmzə Sadiqovun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən Natəvan Qədimova vurğulayıb ki, ilk dəfə 1977-ci ildə fərdi sərgisi keçirilən Həmzə Sadiqov 1980-ci ildə Moskvadakı Xalq İncəsənəti Universitetini bitirmişdir. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Təşkilatının Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan bütün sərgilərdə iştirak edir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Qeyd edilib ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını almışdır. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir. Bugünkü təqdimat mərasimi də bu qəbildən olan mədəni hadisə kimi biz mədəniyyət adamlarını sevindirir. Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir neçə muzeyə hədiyyə edilən rəsm əsərlərinin bəziləri rəssamlıq sənətinin portret janrında çəkilmişdir. Digər rəsm əsərlərində isə muxtar respublikada mövcud olan tarixi memarlıq abidələri ustalıqla təsvir edilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasına, Naxçıvan Dövlət Tarix Muzeyinə, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Qarabağlar Türbə Kompleksinə hədiyyə edilən rəsm əsərlərinin diqqətçəkən cəhəti həm də ondan ibarətdir ki, tarixi memarlıq abidələrinin təsvirinə həsr olunan rəsm əsərlərinin bəzilərində həmin abidələrin həm bərpadan əvvəlki və həm də bərpadan sonrakı təsviri verilmişdir. Bu cür təsvir isə gələcək tədqiqatçılar üçün dəyərli fakt deməkdir.

Natəvan Qədimova çıxışının sonunda bütün mədəniyyət və incəsənət sahəsində çalışan insanlar adından bu sahəyə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirin davamında Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuran Əliyev çıxış edərək hədiyyə etdiyi rəsm əsərlərinə görə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqova minnətdarlıq ediblər.

Daha sonra Həmzə Sadiqov çıxış edib. Əməkdar rəssam bu təşəbbüsünü gələcəkdə də davam etdirəcəyini və öz yaradıcılığının məhsulu olan yeni əsərləri də muzeylərə hədiyyə etməyi nəzərdə tutduğunu bildirib.

Sonda tədbir iştirakçıları hədiyyə olunmuş rəsm əsərləri ilə tanış olub, qalereyanın ekspozisiyasında sərgilənən əsərləri nəzərdən keçiriblər.



Həmzə Sadiqovun rəsm əsərlərinin təqdimat mərasimi keçirilib-FOTOHəmzə Sadiqovun rəsm əsərlərinin təqdimat mərasimi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930