SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə edilmiş eksponatların təqdimatı keçirilib

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə edilmiş eksponatların təqdimatı keçirilib
25-09-2019, 20:40

entyabrın 25-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyini mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin eləcə də şöbənin tabeliyində olan mədəni-maarif müəssisələrinin əməkdaşlarının və eksponat hədiyyə edən Şahbuz şəhər sakinlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq qeyd edib ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə, eləcə də muxtar respublikada zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanılmışdır. İlk belə muzeylərdən biri də görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

Qeyd olunub ki, müstəqillik illərində muxtar respublikamızda muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış, mövcud muzeylərin maddi texniki bazaları möhkəmləndirilmiş, fəaliyyət göstərdikləri binalar yenidən qurularaq qapılarını ziyarətçilərinin üzünə açmış, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən yeni tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, müasir günümüzdə muzeylərin fəaliyyətinin canlandırılması, bu mədəniyyət ocaqlarında Azərbaycan tarixinin tədqiqi və yeni uğurlu səhifələri muzey ekspozisiyalarında öz əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində, həmçinin muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası da son illər ərzində geniş vüsət almışdır.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, bu günlərdə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Muzeyi və Milli Dəyərlər Muzeyi yenidən qurularaq öz qapılarını ziyarətçilərinin üzünə açmışdır.

Son illər ərzində muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artmış, buna görə muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr düşmüşdür - deyən Natəvan Qədimova vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuş, muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər və yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, muzey işi sahəsində kadrların yetişdirilməsi də muxtar respublikada diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş və tələbələrin muzeylərdə təcrübə keçmələri, açıq dərslərdə iştirak etmələri üçün şərait yaradılmışdır.

Nazir çıxışında diqqətə çatdırmışdır ki, bu ilin yanvar-avqust ayları ərzində muxtar respublikanın muzeylərini 398 min 713 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 122 min 322 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Qeyd olunmuşdur ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, bu ilin ilk 8 ayı ərzində muzeylərə 1750 ədəd eksponat daxil olmuşdur. 2019-cu ilin sentyabr ayınadək, ümumilikdə, 8 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirməlidir.

Bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir ki, bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar.

Şahbuz şəhər sakinləri Sərraf Süleymanov, Namiq Orucov, Şəmsəddin Kərimov və Aytən Rüstəmli tərəfindən bu gün tarix-diyarşünaslıq muzeyinə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verməklə yanaşı, Şahbuz rayonunda muzey işinin səmərəli təşkilinə də töhfə vermiş olacaqdır - deyən nazir muzey fondlarının eksponatlarla zənginləşdirilməsi işinə verdikləri töhfələrə görə muzey əməkdaşları adından təqdimatçılara dərin təşəkkürünü bildirib.

Daha sonra eksponat təqdim edən şəhər sakinləri Şəmsəddin Kərimov, Sərraf Süleymanov, Namiq Orucov, Aytən Rüstəmli və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərlinin çıxışları dinlənilib.

Tədbirdə hədiyyə olunan yeni eksponatların təqdimatı olub. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031