SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 137-ci teatr mövsümünün açılışı olub

Naxçıvanda 137-ci teatr mövsümünün açılışı olub
21-09-2019, 09:15

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə açıb.

Yeni mövsümün açılışında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yarandığı gündən indiyə qədər dünya dramaturgiyasından 100-ə yaxın əsəri səhnəyə qoymuş Naxçıvan teatrı millilik və bəşəriliyi vəhdətdə saxlayaraq həmişə zəngin və rəngarəng repertuar yaratmağa diqqət yetirib, zamanın sərt sınaqlarından çıxaraq xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan teatrı milli dramaturgiyamızın klassik nümunələrinə geniş meydan verməklə soykökümüzə, qan yaddaşımıza, milli şüurun formalaşmasına, Azərbaycançılıq ideyasının yayılmasına öz töhfəsini verib.

Naxçıvan Muxtar Respublikasında mədəniyyətin, eləcə də teatr sənətinin inkişafına göstərilən qayğıdan bəhs edən nazir bildirib ki, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, ötən teatr mövsümündə tamaşaçılara maraqlı və ideyabədii müxtəlifliyi ilə seçilən tamaşalar təqdim edilib. Yeni teatr mövsümündə də Naxçıvan teatrı öz ənənələrini davam etdirərək maraqlı, ideyaca aktual mövzulardan bəhs edən səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlməyi nəzərdə tutur.

Sonra “Ehsan xan Kəngərli” tamaşası göstərilib. Tamaşada XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələrdən bəhs olunur. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

Tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031