SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərinin ərazisindən tapılmış arxeoloji materiallar-Toğrul Xəlilov yazır...

Naxçıvan şəhərinin ərazisindən tapılmış arxeoloji materiallar-Toğrul Xəlilov yazır...
9-01-2019, 17:14

Naxçıvan Muxtar Respublikası əlverişli təbii-coğrafi mövqeyə, qədim və zəngin tarixə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qeyd olunduğu kimi Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindən birini təşkil edir. Muxtar respublikamızın ərazisindəki hər qarış torpağın, daşın altında abidələrimiz, tarximiz yaşayır. Bu ərazidəki arхеоlоji abidələr, onlardan əldə olunan hər bir maddi-mədəniyyət nümunələri həm Azərbaycan, həm də dünya arхеоlоgiyasında özünəməxsus yer tutur. Оnların tədqiqi bu ərazidə məskunlaşmış insanların məişət və təsərrüfat həyatına aid yеni faktlar əldə еtməyə, хalıqımızın еtnоgеnеzisi və tariхi abidələri ilə bağlı irəli sürülmüş saxta fikirlərin hеç bir еlmi əsası оlmadığını sübut еdir. Tariximizin daha dərindən öyrənilməsində və təbliğində abidələrimizdən əldə olunmuş arxeoloji materialların tədqiqi və onların qorunub saxlanılması mühüm elmi əhəmiyyət daşıyır. Bu cəhətdən muzeylərimizdə olan eksponatların elmi əhəmiyyəti böyükdür. Çünki, müzeylərimizdə qorunub saxlanılan hər bir maddi-mədəniyyət nümunələri nəsillərdən-nəsillərə tarixin yadigarıdır. Onların hər biri qədim və zəngin tariximizdən, mədəniiyətimizdən xəbər verir. Naxçıvan Dövlət Universtetinin ərazisindən tapılan və günümüzədək qorunub saxlanılan bir qurup eksponatlar da tariximizin daha dərindən öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır. Onlar universitet rəhbərliyinin diqqət və qayğısı nəticəsində günümüzədək qorunub saxlanılıbdırlar. Muzey əməkdaşının verdiyi məlumatdan aydın olur ki, həmin maddi-mədəniyyət nümunələri on, on beş il bundan əvvəl təsadüf nəticəsində aşkar edilərək muzeyə təhvil verilmişdir. Eksponatlar İlk Orta əsrlər dövrünə aiddirlər. Muzeydə olan arxeoloji materiallar müxtəlif formalı gil qablardan, daşdan yonulmuş sütun altlıqdan ibarətdir. Gil qabların hamısı bir qayda olaraq narın qum qarışığı olan gildən düzəldilərək keyfiyyətlə bişirilmişdir. Onlar məişət və təsərrüfat qablarından ibarətdirlər. Məişətdə işlədilmiş qablar təsərrüfat qabları ilə müqayisədə nisbətən kiçik ölçülü və nazik divarlı düzəldilmişdir. Bu arxeoloji materiallar içərisində maraq doğuran cəhət onların üzərindəki təsvirlərdir. Təsvirlərin semantikası ilə bağlı aparılan araşdırma zamanı məlum olur ki, bütün tarixi dövrlərdə olduğu kimi orta əsrlər dövründə də istər gil qabların, istərsə də daş və metalın üzərinə müəyyən təsvirlərtəsadüfən çəkilməyibdir. Onlar insanların dini-inanclar sistemi, məişət və təsərrüfat həyatı ilə bağlı müəyyən süjeti əks etdiribdirlər. Muzeydəki iri təsərrüfat küpünün gövdə və oturacaq hissəsində qabartma üsulu ilə çəkilmiş kəmərvari naxışda müəyyən süjetin əks olunması haqqında bitkin fikir söyləmək bir qədər çətinlik törədir. Lakin aparılan araşdırma onu qeyd etməyə əsas verir ki, qabın üzərindəki naxışda onu düzərdən dulusçunun bu sahədəki bacarıq və vərdişlərini əks olunubdur. Eneolit dövründən başlayaraq qabların üzərində bu tip ornamentlərlə naxışlanıbdır. Muzeydəki maraqlı arxeoloji materiallardan birini təknə tipli qabın oturacağ hissəsinə çəkilən onikigüşəli günəş formalı təsvir, digəri daşdan yonulmuş səkkiz guşəli altlıqdır. Qeyd edilən arxeoloji materiallarla bağlı aparılan araşdırma zamanı məlum olur ki, istər səkkizguşəli ulduzun, istərsə də onikiguşəli təsvirin qədim tarixi vardır. Onların hər biri müəyyən simvolik məna daşıyır. Aparılan araşdırma onu qeyd etməyə əsas verir ki, bir çox həndəsi ornamentlər kimi səkkiz və oniki guşəli ornament qədim zamanlardan formalaşmış və erkən orta əsrlər dövründə, günümüzdə də öz əhəmiyyətini itirməmişdir. Səkkizguşənin semantikası ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Fikrimizi əsaslandırmaq üçün mənbələrə nəzər salsaq görərik ki, səkkizgüşəli ulduz təsvirinin ən qədim nümunəsi Naxçıvandakı Nəhəcir arxeoloji abidəsindən aşkar edilmişdir. Oradan əldə edilmiş e.ə. III minilliyə aid boyalı çölməkdən birinin üzərində səkkizgüşəli ulduz yüksək sənətkarlıq bacarığı ilə çəkilmişdir. Mənbələrdə səkkizguşəli ulduzun odlar yurdu Azərbaycan sözünün əski əlifba ilə yazılışını əks etdirdirməsi, cənnətin səkkiz qapısını bildirməsi, səkkiz türk xalqının simvolu olması qeyd edilmişdir. Tədqiqatçılardan bir qrupu bu tip rəsmlərdə səkkiz güşənin yer kürəsini sxematik şəkildə əks etdirdiyini, üfüqün cəhətlərini göstərdiyini qeyd etmişlər. Məlumat ücün qeyd edək ki, üfüqün dörd əsas cəhəti (şimal, cənub, çərq və qərb) və dörd aralıq cəhəti (şimal qərb, şimal-şərq, cənub-qərb, cənub-şərqdir) vardır. Riyaziyyatda səkkiz sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirinə görə tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş Allahı Ulu Torpağa istilik göndəribdir. Qabın üzərindəki onikguşəli günəş təsviri ilə bağlı aparılan araşdırma zamanın bu ornamentasiyanın forma etibarı ilə zodiaka və təqvimlə məntiqi cəhətdən uyğunluq təşkil etdiyini ehtimal etmək olar. Həm səkkiz, həm də onikigüşəli ornamentlər Azərbaycan memarlıq üslubunda, xalçaçılıqda, dulusçuluqda, türklərə aid qəbir daşları üzərində geniş yayılmışdır. Səkkizguşəli ulduz rəsmi Azərbaycan Respublikasının Dövlət Bayrağı üzərində bu gün də dalğalalanır. Yusif İbn Kuseyr türbəsi planda daxildən və xaricdən səkkizbucaqlı formasındadır. Gülüstan türbəsində səkkizbucaqlı və oniki şualı ulduz təsvirlərindən məharətlə istifadə edilmişdir. Onun gövdəsi, Qarabağlar türbəsinin yeraltı sərdabəsi oniki planda tikilmişdir.
Naxçıvan Dövlət Universitetinin Muzeyində qorunub saxlanılan arxeoloji materiallarla bağlı aparılan araşdırma onu qeyd etməyə əsas verir ki, muzeylərimizdə olan hər bir maddi-mədəniyyət nümunələri kimi bu eksponatlar da tariximizin, maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində özünəməxsus yer tutur, mühüm elmi əhəmiyyət daşıyır. Onlar Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu bir daha sübut edir.

Toğrul Xəlilov
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 347
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031