SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hər daşın altında bir tarix yatır...

Hər daşın altında bir tarix yatır...
12-08-2019, 09:10

QƏDİM ABİDƏLƏR XALQIMIZIN TARİXİNİN, MƏDƏNİYYƏTİNİN, KİMLİYİNİN TƏSDİQİDİR

Dünyanın ilk yaşayış məskənlərindən olan Naxçıvan həm də Yer kürəsinin ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu ad bəzi tarixi qaynaqlara görə «Nəqşi cahan» - dünyanın naxışı, dünyanın bəzəyi, geniş yayılmış və tarixin araşdırıcıları tərəfindən də qəbul edilmiş bir rəvayətə görə isə «Nuhçıxan» -- Nuhun çıxdığı yer, yaxud «Nuhçıvan» -- Nuhun məskəni, Nuhun diyarı mənasındadır.
Şərqin qapısı olan, hər daşında, qayasında minilliklərə söykənən qədim tarixini yaşadan bu diyar yerləşdiyi coğrafi əraziyə, yeraltı və yerüstü sərvətlərinə görə həmişə xarici qəsbkarların diqqətini cəlb etmiş, dəfələrlə təcavüzlərə məruz qalmışdır. Lakin daşları, qayaları kimi məğrur, əyilməz, qırılmaz olan insanları sinələrini qabağa verərək bütün bu hücumların qarşısını kəsmiş, öz torpaqlarını yadlara təslim etməmişlər.
Qeyd edək ki, müxtəlif illərdə aparılan qısamüddətli, əsasən kəşfiyyat xarakterli qazıntıları nəzərə almasaq, Naxçıvanın tarixini olduğu kimi öyrənmək və təbliğ etmək üçün uzun illər əsaslı tədbirlər görülməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin «Naxçıvan Muxtar Respublikasının ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında» 2005-ci il 6 dekabr tarixdə imzaladığı Sərəncamdan sonra yerli və xarici arxeoloqlar, tarixçi alimlər və tədqiqatçılar bu işə daha geniş şəkildə cəlb edilmişlər.
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində keçirilən müxtəlif beynəlxalq konfranslar və simpoziumlarda da tariximizin, mədəniyyətimizin araşdırılması və təbliği həmişə diqqət mərkəzində olmuşdur. Bütün bunlar, təbii ki, hər bir naxçıvanlını qəlbən sevindirir.
Şərur rayonunda da bəşər sivilizasiyasına dəyərli töhfələr verən və qiymətli incilər kimi bu gün də öz dəyərini saxlayan maddi mədəniyyət nümunələri çoxdur. Onlardan birinin - eramızdan əvvəl II-I minilliyə aid «Oğlanqala» yaşayış yerinin tədqiqi ilə məşğul olan alimlər və tarixçilər çoxlu elmi araşdırmalar aparmış, bu barədə kitablar, monoqrafiyalar, məqalələr dərc edilmişdir. Ali Məclis Sədrinin məlum sərəncamından sonra isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları AMEA-nın müxbir üzvü, Akademiyanın Naxçıvan Bölməsindəki Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin rəhbərliyi ilə abidənin daha dəqiq tarixini araşdırmaq məqsədilə «Oğlanqala»da geniş şəkildə tədqiqat işlərinə başlanmışdır. Vəli Baxşəliyevlə birlikdə, həmyerlimiz, Azərbaycan MEA-nın əməkdaşı Səfər Aşurov və Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin tarixçi alimi, məşhur Corciya Universitetinin tədqiqatçı-alimi Lauren Rissvelt Arpaçayın sahilində yerləşən Qaratəpə dağındakı bu abidədə yenidən araşdırmalar aparmağa başlamışlar.
Öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edən bu arxeoloji abidə eyni adlı kəndin ərazisindəki Qaratəpə dağının üzərində yerləşir. Tarixi mənbələrdə Oğlanqala abidəsinin e.ə. II-I minilliyə aid olduğu, eyni zamanda, tikili baxımdan Assuriya qala tikililərinə bənzərliyi bildirilir.
Bu il ABŞ-Azərbaycan müştərək Beynəlxalq Arxeoloji Ekspedisiyası qədim şəhər-dövlətin mərkəzi olan Oğlanqala yaşayış yerində yenidən tədqiqat işləri aparır. 400 kvadratmetr ərazidə aparılan qazıntı işlərinin əsas məqsədi Naxçıvanın antik dövrə aid tarixi və mədəniyyətinin öyrənilməsidir.
Qeyd edək ki, Oğlanqala eramızdan əvvəl IV əsrdə Azərbaycanda formalaşan Atropatena dövlətinin əsas inzibati-siyasi mərkəzlərindən biri olub. Ötən illərdə qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı Atropatena dövrü ilə bağlı müəyyən tapıntılar əldə edilsə də, həmin dövrə aid yaşayış binalarının, qala divarlarının planları tamamilə aşkara çıxarılmayıb. Ancaq bu aparılan növbəti tədqiqatlar zamanı ərazidə antik dövrə aid yaşayış binalarının qalıqları, qəbir abidələri və müxtəlif formalı keramika nümunələri aşkar edilib.
Tarixçi alim, arxeoloq Lauren Rissvelt bu yaşayış yerinin böyük sahəyə malik olduğunu və Oğlanqala mərkəz olmaqla, ərazidə bir çox qala-şəhərlər yerləşdiyini bildirib, buranın bütün Qafqaz regionunun mərkəzlərindən biri olduğunu və mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını qeyd edir. Aparılan arxeoloji qazıntılar Oğlanqala abidəsinin açılmamış sirləri haqqında çox şeyləri deyəcəkdir.
Arpaçayın sol sahilindəki Ovçular təpəsindəki eyni adlı yaşayış yerinin tarixi isə eramızdan əvvəl IV-III minilliklərə aid edilir. 2006-cı ildə aparılmış qazıntılar nəticəsində burada Eneolit və Tunc dövrlərinə aid mədəni təbəqələr aşkar edilmiş, eyni zamanda badya tipli gil qab qırıqları, dairəvi-diskvari gil qapaq, küplər, həvəngdəstə, dən daşları, daş yonmaq üçün alətlər tapılıb götürülmüşdür.
Ovçular təpəsində Vəli Baxşəliyevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya qazıntı işlərini yenə də davam etdirir. Ekspedisiyanın tərkibinə Azərbaycan MEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçiləri ilə bərabər, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Maro da daxildir.
Tədqiqatlar nəticəsində ərazidən Eneolit dövrünə aid olan çoxlu sayda keramika məmulatları, yaşayış və təsərrüfat tikililərinin qalıqları, metal əşyalar, ocaqlar və sair aşkar edilmişdir. Bütün bu məmulatlar və abidələr zərgər dəqiqliyi ilə, səliqəli şəkildə xüsusi alətlərlə təmizlənib üzə çıxarılır. Daha sonra məişət alətləri səliqə ilə götürülüb daha ətraflı tədqiq olunmaq üçün bir tərəfə yığılır.
Qədim abidələr xalqın tarixinin, mədəniyyətinin, kimliyinin təsdiqidir. Bu mənada rayonumuzda minilliklərlə yaşı olan onlarla tarix və mədəniyyət abidələri mövcuddur. Abidələri öyrəndikcə Şərur tarixinin çox qədim olduğunun, bu torpaqda zəngin mədəniyyətin və mənəvi irsin toplandığının şahidi olursan. Dünən yaradılan hər bir abidə zamının izidir. Beləcə, babaların yaratdıqlarını qorumalı, gələcək nəsillərə isə öz yaratdıqlarımızı yadigar qoymalıyıq.

Hər daşın altında bir tarix yatır...
Hər daşın altında bir tarix yatır...
Hər daşın altında bir tarix yatır...
Hər daşın altında bir tarix yatır...

“Şərurun səsi” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031