SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahtaxtı Kənd Mədəniyyət Evində seminar-müşavirə keçirilib

Şahtaxtı Kənd Mədəniyyət Evində seminar-müşavirə keçirilib
7-08-2019, 21:33

Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Kəngərli Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayonundakı Şahtaxtı Kənd Mədəniyyət Evində "Xalqımızın ən qədim ənənəvi rəqsləri" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Kəngərli rayonunda fəaliyyət göstərən klub müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Kəngərli Rayon Mədəniyyət Sarayının direktoru Tofiq Rüstəmov seminar-müşavirənin əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır. Kəngərli rayonunda da özünəməxsus yallı növləri mövcuddur ki, bu yallıların əksəriyyəti rayonda fəaliyyət göstərən klub müəssisələrinin yallı dərnək və kollektivlərində üzvlərə öyrədilməkdədir. Kəngərli rayonunda yaradılmış yallı kollektiv və qrupları muxtar respublikada keçirilən müsabiqə və festivallarda iştirak etməklə yallı ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməyə çalışırlar.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov "Yallı mədəniyyətimizin əbədilik simvoludur" mövzusunda çıxış edərək milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılmasında yallı rəqs sənətinin təbliğinin vacib olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərur yallıları haqqında" 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə rəvac vermişdir. Bu sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmiş, mədəniyyət müəssisələri qarşısında konkret vəzifələr qoyulmuşdur. Yerlərdə fəaliyyət göstərən klub müəssisələri də bu sərəncamdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməli, yallılarımızın təbliği və yaşadılması işinə töhfələr verməyə çalışmalıdırlar.

"Yallılarımızın simvolikası haqqında" danışan Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev qeyd etmişdir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreo­qrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii­-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir.
Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar nota köçürülmüş, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Vurğulanmışdır ki, qədim Naxçıvan diyarı üçün spesifik hesab olunan yallı növləri regionun adət-ənənələrini, ümumən, bu ərazidə yaşayan insanların həyat tərzini özündə ehtiva edən sənət inciləridir. Bu baxımdan yallılarımızı Naxçıvanın xüsusilə Şərur və Kəngərli bölgələrinin simvolikası da adlandıra bilərik.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Şərəf Quliyeva "Yallı-baxış müsabiqələrinin keçirilməsi haqqında" mövzusunda çıxış edərək yallı kollektivlərinin fəaliyyətinin artırılması və kollektivlərin repertuarlarının zənginləşdirilməsində baxış-müsabiqələrin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, Kəngərli rayonu ərazisində vaxtilə yaşadılmış, bu gün isə unudulmuş sujetli və oyunlu mərasim rəqslərinin, eləcə də yallı növlərinin aşkar edilərək yallı kollektivlərinin repertuarına salınması yallı sənətinin təbliğinə və yaşadılmasına əsaslı töhfə ola bilər. Baxış-müsabiqələrin keçirilməsi zamanı münsiflər heyətinin ifaları qiymətləndirmə meyarından da bəhs edən Şərəf Quliyeva əlavə etmişdir ki, geyim və səhnə mədəniyyətinin, eləcə də ifaçılıq qabiliyyətinin diqqətdə saxlanılması baxış-müsabiqələrin uğurlu keçirilməsinə təsir edə biləcək amillərdəndir.

Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmış, mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031