SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada Kino Günü qeyd edilib

Muxtar respubilkada Kino Günü qeyd edilib
2-08-2019, 18:41

Hər il avqustun 2-si ölkəmizdə milli kinonun yaranma günü kimi qeyd edilir. Bu münasibətlə avqustun 2-də Naxçıvan Dövlət Film Fondunda tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirmişdir ki, bir əsrdən çox çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekrana gətirməklə bərabər, həm də gələcək nəsillər üçün yaşatmışdır. Kino xalqımızın maariflənməsində, estetik zövqün formalaşmasında və milli özünüdərk hissinin gücləndirilməsində müstəsna rol oynamış incəsənət növüdür.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin milli kino sənətimizə həmişə yüksək qiymət verdiyini deyən nazir Ulu Öndərin “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir” fikrini xatırladaraq əlavə etmişdir ki, dahi rəhbər milli kinonun inkişafına daim qayğı ilə yanaşmış, ssenarist, rejissor, operator, rəssam kadrların yetişməsinə və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına diqqət yetirmişdir. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanunun qəbul edilməsi və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazasının yaradılması Azərbaycanda kino sənətinin inkişafına möhkəm zəmin yaratmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, kino tariximizi əks etdirən filmlərin qorunması təmin edilmişdir.

Vurğulanmışdır ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı bu istiqamətdə aparılan işlərin məntiqi davamıdır.

“1970-1980-ci illərin birinci yarısından etibarən Azərbaycan kinosunda intibah dövrü başlanmışdır. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır”, - deyən nazir qeyd etmişdir ki, bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılmış, ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan kinosunda müxtəlif peşə və sənət sahiblərinin həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir.

Naxçıvan Dövlət Film fondunun fəaliyyətindən də bəhs edən Natəvan Qədimova bildirmişdir ki, muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi, film fondunun fəaliyyətinin daha da gücləndirilməsinə dövlət qayğısının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 20 may tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Film Fonduna 15 min manat məbləğində vəsaitin ayrılması muxtar respublikada bu sahənin daim diqqət mərkəzində saxlanıldığının bariz göstəricisidir. Bu gün Naxçıvan Dövlət Film Fondunda 5000-ə yaxın film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii və sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur.

Sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunmuşdur. Film Bakıda - Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilmişdir. Filmin səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlıdır. Film 2011-ci ildə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031