SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kənd mədəniyyət evində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilib

Kənd mədəniyyət evində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilib
31-07-2019, 18:03

İyulun 30-da Culfa rayonunun Milax Kənd Mədəniyyət Evində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov bu əlamətdar günün mahiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycanda dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.

Sonra Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun, Milax kənd tam orta məktəbin tarix müəllimi Bəhman Əliyevin, Milax Kənd Mədəniyyət Evinin direktoru Elman Hacıyevin müvafiq olaraq, "Ana dili ən ali milli sərvətimizdir", "Anaq dilim", "Ana dilimizin inkişaf yolu" mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir.

Qeyd olunub ki, dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində də öz əksini tapmışdır. Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəlmiş və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olunmuşdur.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdən etibarən Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur.
Dahi rəhbərin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırır.

Sonda Milax Kənd Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri ana dilimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031