SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib
17-07-2019, 18:27

İyulun 17-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc nəslin maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açaraq bildirib ki, qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi öz qapılarını ziyarətçilərinin üzünə açmışdır.

Naxçıvan Muxtar Respublikasında muzey işinin səmərəli təşkili və muzey işi ilə bağlı uğurlu kadr seçimi nəticəsində son illər muzeyləri ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artmış, buna görə muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Diqqətə çatdırılmışdır ki, 2019-cu ilin ilk 6 ayı ərzində muxtar respublikanın muzeylərini 287 min 166 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 81 min 863 nəfəri əcnəbi vətəndaşdır.

Bu ilin yanvar-iyun ayları ərzində muzeylərdə 195 açıq və 12 distant dərs keçilmişdir.

Qeyd edilmişdir ki, gənc nəslin muzeylərlə tanışlığı onların keçmişimiz və bu günümüz barədə dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına və milli dəyərlərimizə sədaqət ruhunda böyüməsinə xidmət edir. Buna görə də muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqəli işinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, muxtar respublikada məktəb-muzey şəbəkələri yaradılmış, Azərbaycanın, Naxçıvanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimiz ilə bağlı distant dərslərin keçirilməsinə başlanılmışdır.

Dəyirmi masada iştirak edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova, Ordubad Rayon Mədəniyyət Şöbəsinin müdiri Azər Məmmədov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov mövzu ilə bağlı fikirlərini bildirmişlər. Tədbirin davamında muzey işçilərinin sualları dəyirmi masa iştirakçıları tərəfindən cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031