SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalq artistinin yubileyi qeyd edilib

Xalq artistinin yubileyi qeyd edilib
8-07-2019, 19:55

İyulun 8-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikamızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. Məhz biz burada dəfələrlə Ali Məclis Sədrinin göstərişinə əsasan bir çox sənət adamlarının yubileylərini yüksək səviyyədə qeyd etmişik. Bu gün keçirilən yubiley də bu ənənələrin davam etdirilməsinin nümunəsidir. Son illər Naxçıvanda belə yubileylərin keçirilməsi də mədəniyyətə, ədəbiyyata, sənətə göstərilən qayğının ən gözəl ifadəsidir. Belə sənət adamlarından biri də hamımızın sevdiyi, sənətinə ehtiram görtərdiyimiz, tanınmış sənət adamı Şirzad Abutalıbovdur. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə çoxdan sevdirib.

Nazir Xalq artisti Şirzad Abutalıbovun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən söhbət açaraq bildirib ki, Şirzad Abutalıbov 1959-cu il iyul ayının 8-də Naxçıvan şəhərində anadan olub və ilk təhsilini Naxçıvan şəhər 9 nömrəli orta məktəbdə alıb. Şirzad Abutalıbovun aktyor sənətini seçməsində atası Əsəd müəllimin də təsiri olub. Əsəd müəllim Naxçıvan Mərkəzi Kitabxanasında müdir işləsə də, 20 il Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onu da qeyd edək ki, Əsəd müəllim 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar kitabxanaçısı fəxri adına layiq görülüb.

Qeyd edilib ki, məktəb illərindən teatr sənətinə vurğunluğu onu 1973-cü ildə Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrına gətirib. Xalq Teatrının səhnəsində Şirzad Abutalıbov müxtəlif xarakterli obrazlar yaradıb. 1977-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən müsabiqədə Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesindəki Qurban obrazını məharətlə yaratdığına görə onu teatra dəvət ediblər.

1978-1980-ci illərdə Sovet ordusu sıralarınada xidmət edən Şirzad Abutalıbov doğma Naxçıvana qayıtdıqdan sonra yenidən həyatını teatra bağlamışdır.

Vurğulanıb ki, Naxçıvan teatrının səhnəsində Şirzad Abutalıbov Şeyx Nəim, Təlxək, Kosa (“Şeyx Sənan”, “Topal Teymur”, “Səyavuş”, Hüseyn Cavid), Hambal, Vəli, (“O olmasın, bu olsun”, “Arşın mal alan” Üzeyir Hacıbəyov), Mürsəl Qulu (“Hələlik” Rüfət Əhmədzadə və Emin Sabitoğlu), Əbuşər, (“Atabəylər” Nəriman Həsənzadə), “Nankoryan” (“Koroğlunun Çənlibelə qayıdışı” Adil Babayev), Cinni Mustafa (“Dəli yığıncağı” Cəlil Məmmədquluzadə) və s. 100-dək müxtəlif xarakterli, müxtəlif taleli obraz və personajlar yaratmışdır. Aktyor həm komik, həm də ciddi obrazların mahir ifaçısıdır.

Diqqətə çatdırılıb ki, Şirzad Abutalıbovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. Şirzad Abutalıbov 2005 və 2008-ci illərdə Prezident mükafatçısı olmuşdur. 2016-cı ildən Şirzad Abutalıbov M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışır. Bu teatrın səhnəsində onun hazırladığı “Ələddinin sehrli çırağı”, “Qoğalın sərgüzəşti” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.

Nazir çıxışının sonunda xalq artistinə bundan sonrakı həyatında cansağlığı, bol-bol sevinc və yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Xalq artistinin sənət dostları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artistləri Kamran Quliyev, Həsən Ağasoy, Azərbaycan Respublikasının əməkdar artistləri Behruz Haxverdiyev, Nurbəniz Niftəliyeva, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Ulduz Süleymanova və Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.

Sonda Xalq artisti Şirzad Abutalıbov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.




Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031