İyunun 28-də Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2019-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planında Naxçıvan Muxtar Respublikasının 95 illiyinin geniş qeyd edilməsi üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edirlər. Kəngərli rayonunda təşkil olunan konsert də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuşdur.
![Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO]()
Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri muxtar respublikanın tanınmış orkestrlərindən biridir. Kollektivin çıxışları musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin repertuarında Avropa bəstəkarlarının əsərləri, klassik instrumental kamera musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının musiqi əsərləri də mühüm yer tutur. Orkestrin bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.
Orkestr əvvəlcə böyük bəstəkarımız Fikrət Əmirovun “1001 gecə” baletindən fraqment ifa edib.
Sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev, gənc müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onların ifasında səslənən Asəf Zeynallının “Ölkəm” romansı, Tofiq Quliyevin “Sevgilim”, “Bakı”, Müslüm Maqomayevin “Azərbaycan” Vasif Adıgözəlovun “Sahilə gəl” və başqa mahnılar alqışlarla qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən səslənən musiqilər də tamaşaçılarda xoş ovqat yaradıb.
Qeyd edək ki, Kamera orkestrinin ifasında Avropa bəstəkarlarının populyar melodiyaları səsləndirilib.
Konsert bütün solistlərin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
![Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO]()
![Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub-FOTO]()
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.