SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 50-dən çox eksponat təqdim olunub-FOTO

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 50-dən çox eksponat təqdim olunub-FOTO
21-06-2019, 11:27

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Ordubad rayonunun Nüsnüs kənd sakini Oruc Əliyev, Kotam kənd sakini Sevda Qulamova, Gənzə kənd sakini Fəlah Məmmədov, Düylün kənd sakini Tamilə Abdullayeva, Üstüpü kənd sakini Hikmət Orucov, Qoruqlar kənd sakini Sarvan Məmmədli tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun və digər nümunələrdən ibarət 50-dən çox eksponat təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu münasibətlə iyunun 20-də keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər zamanın müxtəlif məqamlarını özündə yaşadan, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də tarixi keçmişə şahidlik edən, keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 50-dən çox eksponat təqdim olunub-FOTO
Muxtar respublikada muzey işinin inkişaf tarixindən danışan nazir diqqətə çatdırıb ki, XIX əsrin sonlarında böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır.

“Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır” – deyən Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Qeyd edilib ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi öz qapılarını ziyarətçilərinin üzünə açmışdır.

Nazir bildirib ki, son illər ərzində muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artmış, buna görə muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər təşkil olunur, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir. Bu ilin yanvar-may ayları ərzində muzeylərdə 175 açıq və 11 distant dərs keçirilmişdir. 2019-cu ilin ilk 5 ayı ərzində muzeylərdə, ümumilikdə, tarixi və əlamətdar günlərlə bağlı 35 sərgi qurulmuş, 32 tədbir keçirilmişdir. Həmçinin muzey işçilərinin peşə biliklərinin artırılması məqsədilə 5 seminar-treninq keçirilmişdir. 2019-cu ilin ilk 5 ayı ərzində muxtar respublikanın muzeylərini 236 min 501 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 64 min 989 nəfəri əcnəbi vətəndaşdır.Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 50-dən çox eksponat təqdim olunub-FOTO

Diqqətə çatdırılıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564 ədəd yeni eksponat daxil olmuşdur. Bu ilin 5 ayı ərzində isə muzeylərə 1081 ədəd eksponat daxil olmuşdur. 2019-cu ilin may ayınadək, ümumilikdə, 7 eksponat təqdimatı keçirilmişdir ki, bu təqdimatlarda da xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu aksiyaya, sevindirici haldır ki, artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulmuşdur. Bu ilin yanvar ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində və may ayında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən eksponat təqdimatlarında Təhsil Nazirliyinin tabeliyində olan orta məktəblərin müəllim və şagirdlərinin də yaxından iştirakı olmuşdur.

Qeyd olunmuşdur ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən növbəti tədbir də görülən işlərin ardıcıl nəticəsidir.

Natəvan Qədimova çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə bu sahədə çalışan insanlar adından dərin minnətdarlıq edib və maddi mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Oruc Əliyev, Sevda Qulamova, Fəlah Məmmədov, Tamilə Abdullayeva, Hikmət Orucov və Sarvan Məmmədliyə təşəkkür etmişdir.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov vətəndaşların təşəbbüsünü yüksək dəyərləndirib və bu eksponatların muzeyin zənginləşdirilməsinə xidmət etdiyini qeyd edib.

Eksponatları muzeyə təqdim edənlərdən Oruc Əliyev, Sevda Qulamova Fəlah Məmmədov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması üçün müəyyən töhfələr verməyə çalışır. Vətəndaşlar tərəfindən qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi bu mənada əhəmiyyətə malikdir. Bu eksponatları muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da vətəndaşlarımız fəal iştirak edəcəklər.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031