SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mövsümün qiymətli meyvəsi olan zoğal sorağında eldən elə -Lamiyə Quliyeva yazır...

Mövsümün qiymətli meyvəsi olan zoğal  sorağında eldən elə -Lamiyə Quliyeva yazır...
20-08-2019, 17:10

Doğma diyarımız özünəməxsus füsünkar təbiətə malikdir. Naxçıvan Muxtar Respublikası təbiətinin zəngin və rəngarəng olmasında meşələrin öz yeri, öz gözəlliyi vardır. Ağac və kol bitkilərindən yabanı meyvə bitkiləri meşələrimizin bəzəyinə çevrilmişdir. Meşələrin meyvə sərvətlərindən biri də adi zoğaldır.
Zoğal ağacı özünün ləziz və dadlı meyvəsilə təbiətdə bitki və canlı aləmin formalaşmasında, onların müştərək yaşayıb inkişaf etməsinə şərait yaradır. Adi zoğalın meyvəsi təbii sərvət olmaqla insanların qida rasionunda özünəməxsus yeri vardır. Zoğal bitkisini belə dadlı, dəyərli edən onun meyvəsinin vitaminlər, aşı maddəsi, turşular və mikroelementlərlə zəngin olmasıdır. Zoğal meyvəsindən insanların qida kimi istifadə etmələrinin tarixi çox qədimdir. Zaman keçdikcə zoğaldan hazırlanan qida məhsullarının çeşidləri artmış, zənginləşmiş və daha da genişlənmişdir. Hazırda zoğal meyvəsindən hazırlanan müxtəlif qida məhsulları (şirələr, mürəbbə, lavaşa, kompot, zoğal qurusu və s.) süfrələrimizi bəzəyir, milli xörəklərimizə xüsusi təravət və tam verir. Zoğal dəyərli meyvə bitkisi olmasına baxmayaraq ictimai və fərdi bağlarda o hələlik özünəməxsus şöhrət qazana bilməmişdir. Buna başlıca səbəb zoğal haqqında lazımi məlumatların və bağban təcrübəsinin az olmasıdır. Zoğal bitkisi haqqında bu məlumatları bilirsinizmi?
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır. Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. İsveçrədə sütunlu tikintilərdə, Qədim Yunanıstanda aparılan arxeoloji qazıntılar nəticəsində arxeoloqlar zoğal çəyirdəyi tapıldığını göstərirlər. Bizim eradan əvvəl IV əsrdə yaşamış Hippokrat (hansı ki, “Hippokrat andı” ən humanist qanun olub, indi bütün dünya həkimlərinin ideal, mənsub himninə çevrilib) zoğal yarpağından çay dəmləmə yolu ilə mədə xəstəliyinin müalicəsində istifadə olunmasını göstərmişdir. Söz yox ki, zoğal meyvəsindən mürəbbə bişirilməsi texnologiyası insanlara məlum olandan çox-çox əvvəl zoğal meyvəsindən qida kimi təzə halda istifadə olunurmuş.
Zoğalın Avropada Yuxarı təbaşir dövrü çöküntülərində (təqribən 40 milyon il) tapıldığı məlumdur. Aşkar olunan tapıntılardan bir daha aydın olur ki, zoğal dəyərli meyvə və dərman bitkisi kimi insanlara çox qədim dövrlərdən məlumdur.
Zoğal müxtəlif ekoloji şəraitdə yayıldığı kimi, muxtar respublikada ağaclıqların tərkibində onun miqdarı da qeyri-bərabərdir. Zoğal istisevər, quraqlığa və kölgəyədavamlı bitkidir. Meşə çətri altında zoğal ağacı 10-12 yaşında 1-1,5 m boyu olduğu halda, açıqlıqda bitən eyni yaşlı ağacın boyu 5-6 m olur. Bu isə zoğal ağacının kölgəyə davamlılığı ilə yanaşı, həm də işıqsevər olduğunu da göstərir. Müəyyən edilmişdir ki, zoğal bitkisi havanın yüksək hərarətinə dözdüyü kimi, şaxtaya da dözümlüdür. Ayrı-ayrı tədqiqatçılar zoğalın 30-35°C şaxtaya davamlı olmasını qeyd edirlər. Adətən havanın orta sutkalıq hərarəti 7-10 °C çatanda zoğal ağacı çiçəkləyir. Erkən çiçəklədiyinə görə xalq arasında zoğalı bəzən yazın “müjdəçisi” adlandırırlar. Aparılmış tədqiqatlar göstərir ki, qarışıq tərkibli – yəni bir neçə cinsdən yaranmış meşələrdə palıd, fıstıq, vələs və ağcaqayın xəzəlinə nisbətən zoğalın yarpaqları – xəzəli daha tez çürüyüb torpağa qarışır. Zoğal xəzəlinin çürüməsi üçün 35-40 gün tələb olunur. Bu xüsusiyyətinə görə onlar toxumların cücərməsinə və inkişafına köməklik göstərir. Zoğal başqa keyfiyyətlərlə yanaşı meşənin torpaqqoruyucu, susaxlayıcı qabiliyyətinin artmasında mühüm rol oynayır.
Zoğalın maraqlı xüsusiyyətlərindən biri də onun çiçəklədiyi dövrdə özünü göstərir. Belə ki, zoğal ağacı çiçəklədikdə həşəratları, xüsusən arıları özünə cəlb edir, bununla da meşələrdə tozlanmanın gedişinə köməklik göstərir. Yəni ilkin çiçəklədiyi üçün “kəşfiyyatçı” arıların diqqətini cəlb edir və zoğal çiçəkləri qurumağa az qalmış alça, yemişan, alma, armud, gilas, gilənar və s. çiçəkləyir ki, artıq özlərinə məskən tapmış arılar başqa sahələrə getmir. Bol çiçək dənizinə düşmüş arılar özləri üçün şirə və tozcuq toplamaqla yanaşı bitkiləri tozlandırır və məhsul bolluğu yaradırlar. Tədqiqatçıların fikrincə zoğalın çiçəkləmə dövründə bir arı ailəsi 5,8-9,2 kq şirə toplayır. Başdan-başa zoğallıq olan ağaclıqdan bal məhsuldarlığı bir hektarda 30 kq-dan artıq olur. Həmçinin digər yabanı meyvələrlə yanaşı, zoğal dolayı yolla da olsa meşədə toxumların yayılmasında müəyyən rola malikdir.
Botaniklər zoğala latınca “cornus” adı veriblər ki, onun da mənası “buynuz” deməkdir. Zoğal ağacının oduncağı çox möhkəmdir. Bəlkə də bu əlamətinə görə, ona buynuz adı verilmişdir. Başqa meyvələrdən fərqli olaraq zoğalın meyvəsi tam yetişdikdən sonra yeməli olur. Yetişməmiş zoğal meyvəsi acı tamlı olub, büzüşdürücü xassəyə malikdir. Zoğal meyvəsinin yetişməsi bitmə şəraitindən, forma müxtəlifliyindən, iqlim şəraitindən asılı olaraq avqust ayından oktyabr ayına kimi davam edir. Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Zoğal meyvəsini tam yetişməyə 5-7 gün qalmış dərilməsi məsləhətdir. Belə ki, bərk və yetişməmiş sütül meyvələrin qablaşdırılması və göndərilməsi asanlaşır. Zoğalın yetişmiş meyvələri çox tez korlanıb xarab olur. Zoğal meyvəsi dərildikdən sonra itkini azaltmaq üçün ən doğru yol və tədbir onun daha tez emal olunmasıdır. Dərilmiş meyvələrdən kompot, mürəbbə, cem, kisel, povidlo, şirə, turşu, lavaşa, quru axta və s. hazırlanır. Zoğal meyvəsi xarici formasına görə armudvari, butulkavari, şarvari və s. görkəmdə olur. Zoğalın yarpaq, çiçək və meyvəsindən hazırlanmış cövhər vaxtilə raxit (uşaqlarda sümük boşluğu - əntərlik), angina, qızılca, çiçək, skarlatina, qızdırma, böyrək, qaraciyər, mədə pozğunluğu və s. xəstəliklərin müalicəsində geniş istifadə edilirmiş. Bundan əlavə zoğal orqanizmdə maddələr mübadiləsi pozğunluğunda, iştahaçan, qanazlığı, podaqra (oynaq xəstəlikləri), görmə qabiliyyətinin artmasında şəfaverici vasitə kimi istifadə olunur. Hazırda müasir əczaçılığın sürətlə inkişafı zoğaldan dərman kimi istifadə edilməsi əhəmiyyətini heç də azaltmamış, əksinə zoğalın daha perspektivli olduğunu müəyyən etmişdir. Onun meyvəsi yüksək vitaminli, kalorili və orqanizm üçün lazım olan mineral maddələrlə zəngindir.
Zoğal dəyərli qida və dərman bitkisidir, təbii meşələrdə onun mühafizəsi, genefond olaraq qorunub artırılması və yeni dəyərli, yüksək məhsuldar sortlarının alınması qarşıda duran başlıca vəzifələrdən biri olmalıdır...


Lamiyə QULİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30