SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həyat harada yaranıb? – 3.5 milyard illik sirr açılır

Həyat harada yaranıb? – 3.5 milyard illik sirr açılır
31-07-2019, 19:17

ABŞ-ın Massaçusetts Texnologiya İnstitutu (MIT) dayaz gölməçələrin həyatın yaranması üçün dərin okeanlardan daha əlverişli olduğunu iddia edib. Həyat 3.5 milyard il əvvəl ortaya çıxan bir proseslərdə yaranmağa başlayıb.

1924-cü ildə həyatın yaranması prosesini Sovet bioloqu A.İ. Oparin bir məqaləsində "kimyəvi təkamül" adlandırdı.

Daha sonra Stanli Miller və Harold Urey dünyanın ilkin dövrlərində orqanik maddələrin ortaya çıxdığı iddiasını irəli sürdü.

Həyat harada yaranıb?

Həyatın yaranmasına dair aparılan müzakirələr iki prinsipial nöqtədə kəsişir. Bunlar həyatın harada, hansı şərtlər daxilində yaranmağa başlaması və həyat üçün öncə enerjinin, yaxud hüceyrənin yarandığı, yoxsa maddələr mübadiləsinin başladığı amillərini özündə əks etdirir.

Həyatın başlanğıcının harada ortaya çıxdığına dair suala verilən cavablardan biri Günəş şüalarının çatmadığı okean diblərindəki "hidrotermal bacalar"dır. Bəzi elm adamlarına görə, həyat azot oksidləri karbon dioksidlə reaksiyaya girdikdən sonra hidrotermal yolla ilk molekulyar hüceyrələrin yarandığı okean dibindən başlayır.

MIT alimləri isə iddia edir ki, erkən həyat formaları dayaz gölməçələrdə ortaya çıxıb. Çünki bu gölməçələr həyatın yaranmasından ötrü açar rolunu oynayan azot konsentrasiyasının saxlanılması üçün daha əlverişli hesab olunur. Bir başqa nəzəriyyə isə, ribonuklein turşusunun (RNT) həyatın ilk molekulyar zəncirlərini meydana gətirməsinə stimul verməsi ilə bağlıdır. Elm adamları bu kimyəvi reaksiyanın dayaz gölməçələrdə olduğuna inandığı azot oksidlərə qarışması ilə reallaşdığını önə sürür. Yəni, dünyada həyatın yaranmasının fundamental əsaslarından biri sayılan azotun iştirak etdiyi kimyəvi reaksiyadırsa, bunun okeanda baş verməsi daha çətindir.

Kimyəvi bağ

Əgər həyat həqiqətən azotun (N) iştirak etdiyi bir kimyəvi reaksiya ilə yaranmağa başlayıbsa, elm adamlarının bununla razılaşması üçün iki variant var. Birinci fərziyyə, azot oksidləri şəklində olan azotun həyatın ilk molekulyar zənricini əmələ gətirmək üçün "hidrotermal bacalar"dan çıxaraq karbon qazı ilə reaksiyaya girə biləcəyi dərin okeanları əhatə edir.

İkinci fərziyyə isə bu gün genetik məlumatlarımızı kodlaşdırmağa yardım edən bir molekulla - RNT ilə bağlıdır. RNT sərbəst üzən molekuldur. Azot oksidləri ilə təmasa keçəndə RNT-nin həyatın ilk molekulyar zəncirini yaratmaq üçün kimyəvi cəhətdən stimullaşdırıldığı ehtimal olunur. Bu proses dayaz gölməçələr və ya okeanlarda baş verə bilər.

Azot oksidləri (NO) böyük ehtimalla okeanlar və gölməçələrin də daxil olduğu bütün su hövzələrində dünya atmosferindəki parçalanmış azotun qalıqları kimi yığılıb. Atmosfer azotu enerjinin son dərəcə yüksək olduğu bir olayda - ildırım çaxması ilə parçalana bilən iki azot molekulundan (N Ξ N) ibarətdir.

Bu yeni araşdırma xüsusən də okeanlarda dominant olan iki vacib faktorun azot oksidlərinin əhəmiyyətli bir hissəsini məhv edə biləcəyini ehtiva edir.

Tədqiqatçılar suda olan azot oksidlərinin Günəşin ultrabənövşəyi şüası, eləcə də okean qayalarından tökülərək həll olunmuş dəmirlə qarşılıqlı təsir nəticəsində parçalana biləcəyini kəşf edib. Tədqiqatçı Ranjan həm ultrabənövşəyi şüa, həm də həll olunmuş dəmirin okeandakı azot oksidlərinin əhəmiyyətli bir hissəsini məhv edə biləcəyini və qaz halındakı azot kimi birləşmələri atmosferə göndərə biləcəyini söyləyir.

Həyat niyə dayaz gölməçələrdə yaranıb?

Okeanda ultrabənövşəyi şüa və həll edilmiş dəmir azot oksidlərini canlı orqanizmləri sintez etmək üçün daha az uyğun hala gətirə bilər. Lakin dayaz gölməçələrdə həyatın yaranması ehtimalı daha yüksəkdir. Bunun əsas səbəbi gölməçələrin birləşmələrin azaldıla bilməsi üçün daha kiçik həcmli olmasıdır.

Bu vəziyyətdə azot oksidləri gölməçələrdə daha yüksək konsentrasiyaya sahib ola bilərdi, ultrabənövşəyi şüa və həll olunmuş dəmir kimi hər hansı bir dominant birləşmənin ümumi konsentrasiyasına daha az təsir göstərəcəkdi.

Ranjan qeyd edir ki, bu gölməçələr 10-100 sm dərinlikdə və onlarla kvadrat metr sahəni əhatə edə bilərdi: "Məsələn, yayda dərinliyi təxminən 10 santimetr olan Antarktikadakı Don Juan Pondla eyni ola bilərdi. Daha dərin və ya daha böyük olan hövzələrdə azot okdisləri həyatın yaranmasına yol açan kimyəvi prosesi əngəlləyərək asanlıqla azala bilərdi".

İlk gölməçələr...

Dünyada təxminən 3.9 milyard il əvvəl - ilk həyat əlamətlərinin ortaya çıxmamışdan öncə təxminən 500 kv metr sahəni əhatə edən dayaz gölməçələr və göllərin olduğu ehtimal olunur.

Ranjan bildirir ki, 3.9 milyard il əvvəl dünyada mövcud olmuş göllərin sayı indikindən də dəfələrlə az olub. Lakin səthindəki kimyəvi maddələr həyatın yaranması üçün kifayət edib. Ümumi olaraq, bir çox prebiotik sintezlərin kimyəvi olaraq okeanlarla müqayisədə gölməçələrdə baş verməsi daha asandır.

Qədim həyat qalıqları

Həyatın su hövzələrində yaranmasına dair ehtimalın yüksək olmasının səbəbi qurudakı həyatın ən qədim qalığının yaşının 2.8 milyard, dənizdəki ən qədim qalıntının isə 3.7 milyard yaşında olması ilə əlaqədardır.

Lakin Avstraliyanın Cənubi Uels Universiteti quruda yaşayan bir mikroorqanizm kəşf edib. İsti və quraq şərtləri olan Qərbi Avstraliyanın Pilbara bölgəsində yerləşən 3.5 milyard illik qayalıqlar bu nadir qalıqlara ev sahibliyi edir. Qalıqlar arasında stromatolitlər və yapışqan mikroblu maddələr tərəfindən əmələ gələn qaz kürəcikləri ilə zəngin qaya təbəqələrinin olduğu müşahidə edilib. Bunlara da sadəcə olaraq, vulkanik sahələrdə yerləşən şirin su hövzələri və qeyzerlərdə rast gəlinir.

Yəni, həm prebiotik sintezlərin kimyəvi olaraq asan baş verməsi, həm də əldə edilən qalıqlar həyatın dayaz gölməçələrdə əmələ gəldiyi fərziyyələrini dəstəkləyir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031