SON DƏQİQƏ

naxcivanxeberleri.com

Diqqətli olaq! Sosial dələduzlara aldanmayaq!

Diqqətli olaq! Sosial dələduzlara aldanmayaq!
16-08-2022, 10:30

Sosial şəbəkələrdə bir sıra şəxslərin xarici vətəndaş pasportu və müxtəlif ölkələrin banklarına məxsus hesab nömrələri vasitəsilə vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə NAXCİVANXEBERLERİ.COM-a müraciət və şikayətlər daxil olub. Mövzu araşdırılıb və məlum olub ki, son zamanlar sosial şəbəkələrdə, xüsusən “İnstagram” və “Telegram” platformalarında dələduzluq yolu ilə insanların etibarından sui-istifadə, bununla da pul vəsaitlərini ələ keçirmə əməllərinin artması müşahidə olunur. Belə ki, sözügedən fəaliyyətlə məşğul olan şəxslər öncə fəaliyyətlərinin qanuni olması ilə bağlı insanlara guya əvvəlki şəxslərin gəlirini göstərən faktlar təqdim edir. Sonra beynəlxalq valyuta bazarında kriptovalyuta satışını təşkil etdiyini iddia edərək şişirdilmiş yüksək gəlirlər və asan yolla gəlir əldə etməyi vəd etməklə vətəndaşları aldadıb pullarını ələ keçirirlər.


Xüsusən “Telegram” və “İnstaqram” kanallarında fəaliyyət göstərən şəxslər ayrı-ayrı insanlardan pul vəsaitləri tələb edərək hesablarına göndərilməsini təmin edirlər. Məsələn, vətəndaşlarımıza “100 manata 1000 manat, 200 manata 2000 manat pul qazanılır” kimi bir sıra vədlər verilir. Məsələn, “Telegram” sosial şəbəkəsində “RUSTAM KASUMOV” adlı kanal vətəndaşların 100 manat vəsaiti depozit kimi ödəməsini tələb edir, şəxslər həmin pulu ödədikdən bir neçə dəqiqə sonra kanaldan onlara “siz sürpriz uduşa düşdünüz, 1600 manat pul qazandınız, lakin həmin pulu hesabdan götürmək üçün siz komissiya haqqı olaraq əlavə 260 manat ödəməlisiniz” bildirişi gəlir. Daha sonra təkrar 138 manat da ödənilməli olduğu qeyd olunur, zərərçəkmişlər isə məcbur olaraq guya pulları geri qayıdacaq deyə həmin ödənişləri edir, nəticədə kanalda qeyd olunan hesab nömrəsinə tələb olunan məbləğ göndərildikdən sonra adminlə əlaqə saxlamaq mümkün olmur və kanal həmin şəxsləri blok edərək, ümumilikdə onların 480 manatını dələduzluq yolu ilə mənimsəyir. Araşdırmalardan məlum olur ki, bu kimi əməllərdən zərərçəkənlər arasında muxtar respublika sakinləri, eləcə də Naxçıvanda təhsil alan yerli və xarici tələbələr, müxtəlif iş adamları da az deyil.


NAXCİVANXEBERLERİ.COM bildirir ki, “İnstagram”, eləcə də “Telegram” sosial şəbəkələrində “Serkhan Resulov”, “Murad Timuroviç”, “Orxan Aliyev”, “Rustam Kasumov” adlı hesablar konkret dələduzluqla məşğul olurlar ki, bu cür hesabların sayını kifayət qədər artırmaq da olar. Dələduzluq yolu ilə insanların pulunu mənimsəyənlərin arasında xarici ölkə vətəndaşları və xaricdən idarə edilən sosial hesablar çoxluq təşkil edir.


Vətəndaşlara müraciət edərək bildiririk ki, onlar bu cür dələduzluq əməllərinə aldanmasın, o cümlədən şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanımadıqları şəxslərə göndərməsin, onların şəxsi hesablarına pul köçürməsinlər.


Bu cür kibercinayətkarlıqlarla üzləşdikləri təqdirdə isə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930